Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1046/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən **********6 sayl qaz sayğacının yoxlanılaraq ******* nömrəli akt tərtib edilməklə sayğaca müdaxilə səbəbi ilə 464,4 manat borc yazılmışdır. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Sonradan o, qaz sayğacının kartına pul yükləmək istədiyi zaman ona məlum olmuşdur ki, ödədiyi məbləğin 10%-i cavabdehin hesabına çıxarılmasına şahid olaraq borc çıxılır. Borc yüklənən puldan aktdan bir ildən çox müddət keçdikdən sonra çıxılmağa başlamışdır. O, bu barədə “ASAN xidmət” mərkəzinə xx.xx.2020-ci il tarixdə müraciət etdikdə oradan ora bildirdilər ki, onun 464,4 manat borcu olduğuna görə onun ödədiyi məbləğin 10%-i tutulur. Bu barədə cavabdeh təşkilata rəsmi şəkildə ərizə ilə müraciət etdikdən sonra ona rəsmi şəkildə sayğaca müdaxilə olunduğunu və ərizənin rədd edilməsi barədə cavab verilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmişdir və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat ona qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsinə sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablanmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və ya hərəkətsizliyin nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizliyin arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmasını sübuta yetirməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 464,4 manat borcun silinməsi və indiyə qədər sayğac kartına pul qoyarkən tutulan borcun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, qüsur köhnə sayğacda aşkarlanmış və cərimə yazılmışdır. Hansı ki sayğac evdən kənarda quraşdırılmış, onlar tərəfindən sayğaca hər hansı müdaxilə olunmamış ,kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti o daşımır. Digər tərəfdən akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, abonent İddiaçı yaşadığı Səbail rayonu, 3-cü ünvan 1 ünvanda yoxlama aparılarkən xətalar normadan artıq olması, saycağın LCD ekranda rəqəmlər qarışıb, baxış məqsədilə hesablama mexanizminin qoruyucu ötrüyünü açıldı, əsas çap vərəqinin üzərində korroziya izi aşkar olması, dişli çarxların üzərində şirə qalığı aşkar olması, istehlakçıya dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, istifadəsində olmuş smart itron tipli G-4 markalı 1402AZ**********01 nömrəli qaz sayğacının yeni smart tipli G-4 markalı **********6 nömrəli qaz sayğacı ilə əvəzlənərək xx.xx.2019-cu il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edildiyi və yoxlamaya göndərildiyi məlum olmuşdur. “Cavabdeh” İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2019-cu il tarixli MSK-29/1710-00553 saylı aktında “Xətalar normadan artıqdır, sayğacın LCD ekranında rəqəmlər qarışıb, informasiya əks olunmur, baxış məqsədi ilə hesablama mexanizminin qoruyucu örtüyü açıldı, müvəqqəti LCD ekran quraşdırıldı, informasiya oxunmadı, əsas çap vərəqinin üzərində korroziya işi aşkar olundu, dişli çarxların üzərində şirə qalığı aşkar olundu, klapan açıqdır” qeyd edilmişdir. Həmin akta əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib olunaraq 464,40 manat dəymiş ziyan hesablanaraq istehlakçı hesabına daxi edilmiş və etdikləri ödənişlərdən hissə-hissə tutulması üçün smart payment kartına yönləndirilmişdir. xx.xx.2020-ci il tarixdə istehlakçı hesabında mövcud olan 460,40 manat borc məbləği və yararsız vəziyyətə düşmüş smart itron tipli G-4 markalı 1402AZ**********01 nömrəli qaz sayğacının dəyəri ödənilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş və yoxlamanın nəticəsində onun barəsində xx.xx.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçının abunə hesabına əlavə sərfiyyat kimi itirilmiş qazın (vurulmuş ziyanın) bərpası ilə bağlı 464,40 manat borc yazılmışdır. İddiaçı abunə hesabına yazılmış borcun əsassız olması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçı tərəfindən sayğaca müdaxilə olunduğunu və bu səbəbdən tərtib olunmuş akt əsasında dəymiş ziyanın əvəzi kimi hesabına yazılmış 460,40 manat borcun və yararsız vəziyyətə düşmüş smart itron tipli G-4 markalı qaz sayğacının dəyərinin ödənilməsi bildirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh təşkilat onun sayğaca müdaxilə edilməsini iddia etsə də, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini sübuta yetirə bilməmişdir. İddiaçı hesab edir ki, müqaviləyə və qanunun tələblərinə görə onun hər hansı təqsiri yoxdur və bu səbəbdən hadisəyə görə öhdəlik daşımır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Normativ hüquqi aktın yuxarıda göstərilən tələblərinə əsasən istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bu səbəbdən məhkəmə qeyd edir ki, sayğacda olan nasazlığın və qüsurların baş verməsinə görə iddiaçı hər hansı cavabdehlik daşımır. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçıya aid sayğacda aşkar olunmuş pozuntuda iddiaçının təqsiri olsa belə cavabdeh təşkilat tərəfindən iddiaçının abunə hesabına əlavə sərfiyyat kimi itirilmiş qazın bərpası məqsədilə vurulmuş ziyan kimi əlavə borc yazılması qanuna zidd olmuşdur. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Cavabdeh» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən cərimənin tətbiq edilməsi Qanunun yuxarıda göstərilən tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olan məsələdir. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində hər hansı cərimə tətbiq etmək səlahiyyətində deyil və Qanunun yuxarıda göstərilən tələbi ona belə hüquq vermir. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Eyni zamanda «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olmasını anlamına gəlmir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt qaz paylayıcısına yalnız iddiaçıya qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürmək hüququ verir. Bundan başqa istənilən kənarçıxmalar qanuna zidd hesab edilir və iddiaçının müqavilə tərəfi kimi hüquqlarının pozulması kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının abunə hesabına cavabdeh tərəfindən xx.xx.2019cu il tarixli akt əsasında yazılmış 464,40 manat əlavə borcun əsassız və qanusuz olaraq yazılması müəyyən edildiyindən, iddia tələbi həmin borcun silinməsi hissəsində tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən ödənilən ödənişlərə əsasən cavabdeh tərəfindən tərtib edilmiş borca görə ödənişlərin 10% hissəsinin tutulması ilə bağlı hərəkətləri də qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının abunə hesabına yazılmış əlavə borc qanunsuz əsaslarla yazıldığından, həmin əlavə borca görə yüklənən pul məbləğindən borcun hesabına silinən pul məbləği də əsassız silinimişdir. Bu səbəbdən iddia tələbi əsassız yazılmış borcun hesabına tutulan pulun qaytarılması hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» İB tərəfindən İddiaçı abunə hesabına (**********00270) yazılmış 464,40 manat əlavə borc silinsin. İddiaçının hesabına əsassız olaraq 464,40 manat borc yazıldıqdan sonra həmin borcun hesabına aparılmış silinmələr qanusuz hesab edilsin və silinmiş pullar iddiaçının abunə hesabına (**********00270) geri qaytarılsın. «Cavabdeh» İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1046/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1046/2021
20.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver