Məhkəmə qərarları › İş №2(009)-1047/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1047/2025

30.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1047/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, 3-cü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi N.Ə.İbrahimovun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 17/73 No 13467-2 saylı xx.xx.2014-cü il tarixli sifariş məktubu ilə onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində 0,02305 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 85,4 kv.m. yaşayış, 55,6 kv.m. köməkçi sahədən ibarət 41 saylı fərdi yaşayış evi hərraca çıxarılmış və əmlakın ilkin satış qiyməti 127000 manat müəyyən olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri: təkrar hərracda 15%, 25%, əmlakın hərracda son satılma qiyməti isə 80.963 manat hesab olunaraq, ipotekasaxlayan "xxxx" ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərraca qoyulmuş evini su qiymətinə 80.963 manata alınmasını təşkil etmişlər. Sonralar Əmlak İxtisaslaşdırılmış Hərrac mərkəzinin Y-178 saylı, xx.xx.2015-ci il tarixli Protokoluna əsasən "xxxx" ASC evini öz mülkiyyətinə keçirmişdir. Bir qayda olaraq və Qanunun tələbinə uyğun olaraq hərraca qoyulmuş yaşayış evinin və ya hansısa əmlakın hərracda satış məbləği borclunun borc məbləğindən artıq qiymətə satılarsa, hərracda əldə olunmuş pul məbləğindən borclunun banka olan borcu çıxılmalı, əlavə pul məbləği isə borclunun özünə qaytarılmalı olduğu halda "xxxx" ASC bu ümumi qaydaya, təcrubəyə və qanunun tələbinə əməl etmədiyindən, nə o, onlara borcundan artqı məbləği qaytarmağa səy göstərmiş, nə də onları yaşadığı evdən çıxarmaq barədə bir iş görməmişdir. Aradan qısa müddət keçmiş və həyat yoldaşı ağır və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyindən onların başları bir sıra problemlərə qarşıdığından hərracın keçirilməsi barədə məlumatları olmadığına görə həracda iştirak etmək barədə hərracın keçiriləcəyi zaman və məkan barədə məlumatları olmadığından, hərracda iştirak etməmişlər və həyat yoldaşı gəlib evə məlumat verdikdə bankdan ona evini öz adlarına keçirmələri barədə şifahi bildirişdən xəbərdar olmuşlar. Bankla bağlı bütün işləri həyat yoldaşı apardığından və onun bu işlərlə bağlı məlumatsız olduğundan, eyni zamanda həyat yoldaşının ölümündən sonra bankın onları narahat etmədiyindən belə başa düşmüşdür ki, nə qədər ki, bank evinin hərracda satılmasından əldə olunmuş məbləğin banka olan borclarından artıq qalan hissəsini onlara ödəməyib, deməli, hələ bankla işləri sona çatmamışdır. Amma bu yaxınlarda o, Vəkil Bürosuna bu barədə müraciət edib öyrənmişdir ki, hərracın keçirilməsi barədə məlumatlandırmadığı təqdirdə hərac protokolunun etibarsızlığı barədə məhkəməyə müraciət edə bilər. Eyni zamanda buraxılmış müddətin bərpası barədə məhkəmədən xahiş edə bilər. Bankın evinin hərracda satılması ilə bağlı əldə olunmuş məbləğdən öz borcunu götürərək artıq məbləği onalar vaxtında qaytarmaması hazırkı zamanda onların hər hansı bir yaşayış sahəsi almaq imkanını məhdudlaşdırmışdır ki, bununla da bankın onlara qarşı yuxarıda bəhs etdiyi hərəkəti onların hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Hərracın keçiriləcəyi imkan və zaman barədə məlumatının olmaması hərracda iştirak etmək hüququnun da məhdudlaşdırılmasına gətirib çıxarmışdır ki, bu da qanunla onlara verilmiş iştirak etmək hüququnun pozulması kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə qəbul etmiş olduğu hərracın nəticələri haqqında Y-178 saylı protokolun etibarsız hesab olunması, protokoldan irəli gələn nəticələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, həyat yoldaşı uzun müddət xəstə olmuş, onun heçnədən xəbəri olmamışdır. Yoldaşı 2024-cü ilin noyabr ayında vəfat etdikdən sonra sənədləri aşkar etmiş və hərracın keçirilməsi barədə məlumatı o vaxt olmuşdur. Ümumiyyətlə əmlak baha qiymətə satılsa da, onlara hər hansı bir məbləğdə pul qaytarılmamışdır. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs qismində işə cəlb edilmiş ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, hərracın keçirilməsindən 10 il müddət keçmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Hərracdan sonra bank ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmişdir, lakin işlərin çoxluğu səbəbi ilə həmin əmlakla bağlı tədbirlərin görülməsi həyata keçirilməmiş, hazırda da mübahisəli evdə iddiaçı ailəsi ilə yaşayır. 3-cü şəxs qismində işə cəlb edilmiş ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X8 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə göndərilmiş və ərizədə göstərmişdir ki, iddiaçı ilə LPO "xxxx" ASC arasında kredit müqaviləsi imzalanmışdır, kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində 0,02305 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 85,4 kv.m yaşayış, 55,6 kv.m köməkçi sahədən ibarət 41 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə bank tərəfindən “borcun tutulması və ipoteka predmetinə” tutma yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. "xxxx" tərəfindən Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən fərdi yaşayış evinin satılması barədə açıq hərrac keçirilmişdir. xx.xx.2015-ci il tarixində açıq hərrac keçirilib və hərracın yekunları barədə protokol tərtib edilib. Həmin tarixdən isə artıq 9 il keçmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Hesab edirlər ki, iddia əsassızdır və rədd olunmalıdır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən “Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər”. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər....”. Mübahisələndirilən hərrac protokolu xx.xx.2015-ci il tarixdə tərtib olunmuş və bu barədə iddiaçının məlumatı olmuşdur.Beləliklə göründüyü kimi iddiaçı həmin əqdi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş bir illik müddəti ötürmüşdür. Qeyd edilən normadakı müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında öz əksini tapmışdır. Sözügedən müddət iddia müddəti olmadığından məhkəmə tərəfin müddətin ötürülməsi barədə ərizə verib-verməməsindən asılı olmayaraq müddətin ötürülməsini nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul etməlidir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinə iddia müddəti tətbiq olunaraq rədd olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanlar üzrə bildirişlər göndərilsə də, məhkəmə bildirişi müvafiq qeydlə (“bina sökülüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 ilə X1 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1108 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əbdüləzimov, arvada Əbdüləzimova soyadı verilmişdir. İş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3242/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin və xx.xx.2013-cü il tarixdə verilmiş icra vərəqəsinin surətlərindən görünür ki, iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 242/32-AYİB saylı kredit müqaviləsi üzrə 46.845,90 ABŞ dolları əsas borc, 17.854,39 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə olmaqla, cəmi 65.400,29 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun X2 "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı İbrahim qızının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində 0,02305 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 85,4 kv.m. yaşayış, 55,6 kv.m. köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, ilkin satış qiymətinin 127.000 manat müəyyən edilməsi, bankın kredit tələbinin əldə edilmiş vəsait hesabına ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı İbrahim qızına qaytarılması, əldə edilən vəsait borcun tam ödənilməsinə imkan vermədikdə, qalıq borcun X2 "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh X4, İddiaçı İbrahim qızının və X3 fərdi yaşayış evi satıldıqdan sonra bir ay ərzində fərdi yaşayış evini boşaltmazlarsa, onların fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-178 nömrəli, xx.xx.2015-ci il tarixli protokolun surətinə əsasən Suraxanı rayon Məhkəməsinin 2(010)-3242/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Suraxanı rayon İcra Şöbəsinin 17/73 No 13467-2 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində 0,02305 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 85,4 kv.m. yaşayış, 55,6 kv.m. köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 127.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 80.963 manata "xxxx" ASC-yə satılmışdır. İş üzrə 4 saylı Bakı “ASAN xidməti” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 724 No ilə qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(010)-3242/2012 saylı qətnaməsi ilə "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 242/32-AYİB saylı kredit müqaviləsi üzrə cəmi 65.400,29 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun X2 "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı İbrahim qızının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində 0,02305 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 85,4 kv.m. yaşayış, 55,6 kv.m. köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, ilkin satış qiymətinin 127.000 manat müəyyən edilməsi, bankın kredit tələbinin əldə edilmiş vəsait hesabına ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı İbrahim qızına qaytarılması, əldə edilən vəsait borcun tam ödənilməsinə imkan vermədikdə, qalıq borcun X2 "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh X4, İddiaçı İbrahim qızının və X3 fərdi yaşayış evi satıldıqdan sonra bir ay ərzində fərdi yaşayış evini boşaltmazlarsa, onların fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli sifarişi məktubuna əsasən mübahisəli mənzili açıq hərracdan satılması üçün "xxxx" MMC-yə təqdim edilmişdir. İlkin hərracda mübahisəli evin alıcısı olmadığından hərrac baş tutmadığına görə təkrar hərrac keçirilmişdir. Təkrar hərracda da evin alıcısı olmadığından, “İpoteka haqqında” AR Qanununun tələblərinə əsasən mübahisəli mənzil banka təklif edilmiş, bank həmin əmlakı almışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmiş, ilkin satış qiyməti 127000 manat olduğu halda mənzil təkrar hərracdan 80.963 manat ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Digər tərəfdən keçirilən hərrac barədə ona hər hansı məlumat verilməmiş, hərrac onun iştirakı olmadan keçirilmiş və hərracda iştirak etmək hüququndan məhrum olmuşdur. Qanunun tələbinə uyğun olaraq hərraca qoyulmuş yaşayış evinin və ya hansısa əmlakın hərracda satış məbləği borclunun borc məbləğindən artıq qiymətə satılarsa, hərracda əldə olunmuş pul məbləğindən borclunun banka olan borcu çıxılmalı, əlavə pul məbləği isə borclunun özünə qaytarılmalı olduğu halda "xxxx" ASC bu ümumi qaydaya, təcrubəyə və qanunun tələbinə əməl etmədiyindən, nə o, onlara borcundan artqı məbləği qaytarmağa səy göstərmiş, nə də onları yaşadığı evdən çıxarmaq barədə bir iş görməmişdir. Aradan qısa müddət keçmiş və həyat yoldaşı ağır və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyindən onların başları bir sıra problemlərə qarşıdığından hərracın keçirilməsi barədə məlumatları olmadığına görə həracda iştirak etmək barədə hərracın keçiriləcəyi zaman və məkan barədə məlumatları olmadığından, hərracda iştirak etməmişlər və həyat yoldaşı gəlib evə məlumat verdikdə bankdan ona evini öz adlarına keçirmələri barədə şifahi bildirişdən xəbərdar olmuşlar. Bankla bağlı bütün işləri həyat yoldaşı apardığından və onun bu işlərlə bağlı məlumatsız olduğundan, eyni zamanda həyat yoldaşının ölümündən sonra bankın onları narahat etmədiyindən belə başa düşmüşdür ki, nə qədər ki, bank evinin hərracda satılmasından əldə olunmuş məbləğin banka olan borclarından artıq qalan hissəsini onlara ödəməyib, deməli, hələ bankla işləri sona çatmamışdır. Bu yaxınlarda o, Vəkil Bürosuna bu barədə müraciət edib öyrənmişdir ki, hərracın keçirilməsi barədə məlumatlandırmadığı təqdirdə hərrac protokolunun etibarsızlığı barədə məhkəməyə müraciət edə bilər. Bu səbəbdən iddiaçı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə qəbul etmiş olduğu hərracın nəticələri haqqında Y-178 saylı protokolun etibarsız hesab olunması, protokoldan irəli gələn nəticələrin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qeyd olunan normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda mülkiyyətçinin alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilməsi üçün ona hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində qanundan irəli gələn hüququn dayışıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Diqqətə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Odur ki, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən hərracın keçirilməsi zamanı mülkiyyətçi kimi ona hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi tələbinə riayət olunacağından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənildən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda əmlakın mülkiyyətçisinin əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Hazırki işdən görünür ki, icra sənədinin verilməsinə əsas olmuş Suraxanı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi çıxarılarkən, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bu hallar onu göstərir ki, İddiaçı nə qətnamənin qəbul edilməsindən, nə də ki, hərracın keçirilməsindən xəbəri olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilik hərrac təşkilatının üzərinə hərrac keçirilməsi barədə ipoteka qoyana bildiriş verilməsi vəzifəsini qoyur və ipoteka qoyanın hərracda iştirak etmək hüququnun məhdudlaşdırılması, həmin əmlakı əldə etmək hüququndan məhrum edir. Məhkəmə iclasında hərracın keçirilməsinə dair bildirişlərin iddiaçıya göndərilməsi, hərracın keçirilməsi vaxtı barədə iddiaçının məlumatı olmasına dair sübutlar aşkar edilməmişdir. Ləğv prosesində olan "xxxx" ASC 2015-ci ildən ipoteka predmetini hərracdan əldə etsə də, hazırkı vaxtadək həmin mənzildə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hərracın yekunları barədə protokol etibarlı əqd hesab edilə bilməz və bu səbəbdən də bağlandığı andan etibarsız hesab edilməlidir. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən Məcəllənin 337.2-ci madəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə hesab edir ki, hərrac “İpoteka haqqında” AR Qanununun tələblərini pozulmaqla keçirildiyi üçün onun etibarsız hesab edilməsi ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə 3-cü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə əlaqədar verilmiş yazılı vəsatəti ilə bağlı aşağıdakıları qeyd olunması zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hazırkı vaxtadək mübahisəli ipoteka ilə yüklü edilmiş əmlakda yaşayır, yalnız həyat yoldaşının ölümündən sonra (xx.xx.2024-cü ildə vəfat etmişdir) mənzilin hərrac təşkilatı tərəfindən banka satılmasından məlumat almışdır. Məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi vaxtdan bir il ərzində hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, onun tərəfindən məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi hərracın nəticələri barədə Y-178 saylı, xx.xx.2015-ci il tarixli protokolun etibarsız hesab edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hərracın yekunları barədə protokol məhkəmə qaydasında etibarsız hesab edildiyi üçün, həmin hərracın hüquqi nəticələri – hərrac təşkilatının hərracın nəticələri haqqında protokoluna əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilən çıxarış da ləğv edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində 0,02305 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 85,4 kv.m. yaşayış, 55,6 kv.m. köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin "xxxx" ASC-yə (hazırda ləğv prosesində olan) satılması haqqında "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-178 saylı protokol bağlandığı andan etibarsız hesab edilsin və həmin hərracın hüquqi nəticələri (daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış) ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar