Məhkəmə qərarları › İş №2(009)-1049/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1049/2025

05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1049/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana olan 402, 489 və 622 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 2 ünvan onun istifadəsindədir və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Bu vaxta qədər kommunal xərclər və onların ödənilməsi və məbləği ilə bağlı tələbkarlarla (Azərsu, Azərişın, Azəriqaz) hər hansı problem olmayıb. Lakin 05 avqust 2016-cı il tarixdə onların evinin qaz sayğacı Səbail rayon Qaz İstismar idarəsinin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edərək guya sayğaca baxış keçirilmiş, sayğacın giriş borusu deşilmişdir, ona 402 manat cərimə yazılmışdır.15 dekabr 2016-cı il tarixdə yenə də Səbail rayon Qaz İstismar idarəsinin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edərək guya sayğaca baxış keçirilmiş, kənar qeyriqanuni qoşulma aşkar edilmişdir, ona 489 manat cərimə yazılmışdır. 29 yanvar 2018-ci il tarixdə yenə də Səbail rayon Qaz İstismar idarəsinin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edərək guya sayğaca baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, ona 622 manat cərimə yazılmışdır. Belə ki, aktlar tərtib olunarkən onun iştirakı olmayıb və onun tərəfindən göstərilən aktlara imza etməmişdir. Aktlar tərtib olunarkən o, dəvət olunmamışdır. Həmin sayğac yaşadığı gündən işləyirdi Azəriqazın əməkdaşları heç bir vaxt bu yaşadığı müddət ərzində gəlib nəzarət etməyiblər. Azəriqazın əməkdaşları onların ailəsinə məxsus abonent koduna 402, 489 və 622 manat cərimələr yazıblar. Bildirir ki, onların tərəfindən sayğaca heç bir müdaxilə olmayıb. Hesab edir ki, ona yazılmış 402, 489 və 622 manat cərimə qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə tərəfindən silinməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana Cavabdeh İstehsalat Bırlıyi tərəfindən hesablanmış 2137,9 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: İddia ərizəsi aşağıdakı əsaslara görə rədd edilməlidir. İddia tələbinin əsasını iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli ******* saylı akt və qaz xəttinə qanunsuz qoşulması nəticəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar əsasında dəymiş ziyana görə hesablanmış borcların silinməsi təşkil edir. İddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmiş və qeyd olunan nəticələr xx.xx.2016-cı il tarixli ******* saylı aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 402,8 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. İddiaçının 489 və 622 manat borcun silinməsi tələbinə gəldikdə isə istehlakçının mənzilində quraşdırılmış qaz sayğacı və qaz xəttlərinə xx.xx.2016 və xx.xx.2018-ci il tarixlərdə baxış keçirilən zaman sayğacdan kənar qanunsuz olaraq, özbaşına qaz xəttinə qoşularaq qazdan istifadə etdiyi aşkar edilmiş, fotoşəkilləri çəkilmiş və qeyd olunan pozuntular müvafiq olaraq ******* və ******* saylı aktlarla rəsmiləşdirilərək dəymiş ziyan hesablanaraq istehlakçının saldosuna əlavə edilmişdir. Eyni zamanda iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, qanunsuz qoşulma və sayğaca müdaxilə aşkar edilən dövrlərdə, yəni 2016-cı ildə 67 manat, 2017-ci ildə 30 manat ödəniş etmişdir. Bununla bərabər iddiaçının həmin borcları 7-9 il ərzində mübahisələndirməməsi öz təqsirini bilib borcları qəbul etdiyini və tələbetmə müddətini ötürdüyünü göstərir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq borcun silinməsi barədə iddia ərizəsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin qanunsuz qaz xəttinə qoşulmasına dair təqdim etdiyi şəklin onun oğlu X2 evinə və sayğacına aid olmasını, bununla bağlı da oğlunun cərimə ödəməsini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Cavabdeh İBnin əməkdaşıdır, mühəndisdir. 2016-cı ildə qrup rəhbəri idi, əraziyə çıxmamışdır, həmin evin yerini dəqiq bilmir, laboratoriyanın rəyinə əsasən akt tərtib edilib. Kənar xətt aşkarlanıb. Şəkli çəkən və aktları tərtib edən Novruz Həsənov və Zöhrab Məmmədov olub, onlar da hazırda işləmirlər. 2016-cı ildə kənar qoşulma və müdaxilə ilə bağlı aktlar tərtib edilib. Laboratoriyaya avqustda göndərilib və müəyyən edilib ki, müdaxilə var, yeni sayğac quraşdırılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, çilingər işləyir. Aktı Novruz müəllim tərtib edib, Novruz müəllim əraziyə baxırdı, gətirib şəkilləri göstərib. Əraziyə ümumiyyətlə baxış keçirən zaman görmüşdür iddiaçının evini, artırmalardan yadındadır ki, ikinci darvaza iddiaçıya aiddir, birinci isə yox. Akt yerində tərtib edilməlidir və imzalanmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh İB tərəfindən tərtib olunmuş 05 avqust 2016-cı il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, G-4 markalı Smart 12q2AQ xx/xx/04430 saylı sayğacın giriş borusu deşilmişdir. - Cavabdeh İB tərəfindən tərtib olunmuş 15 dekabr 2016-cı il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olundu. - Cavabdeh İB tərəfindən tərtib olunmuş 29 yanvar 2018-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, təbii qazdan qeyri-qanuni istifadə aşkar olundu. - Cavabdeh İB tərəfindən verilmiş **********00003 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2016-cı ilin avqust ayına 402.80 manat, dekabr ayına 489.50 manat, 2018-ci ilin yanvar ayına 1245.60 manat qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq borc hesablanmışdır. - Cavabdeh İB tərəfindən verilmiş **********20000 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent X3 2016-cı ilin avqust ayına 486 manat, dekabr ayına 79.70 manat, 2018-ci ilin may ayına 102.20 manat, 2023-cü ilin yanvar ayına 5.04 manat qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş 05 avqust 2016-cı il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktına əsasən, G-4 markalı Smart 12q2AQ xx/xx/04430 saylı sayğacın giriş borusunun deşilməsi, 15 dekabr 2016-cı il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktına əsasən, sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunması, Cavabdeh İB tərəfindən tərtib olunmuş 29 yanvar 2018-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktına əsasən isə təbii qazdan qeyri-qanuni istifadə aşkar olunması əsası ilə akt tərtib edilmiş və abonent İddiaçı 2016-cı ilin avqust ayına 402.80 manat, dekabr ayına 489.50 manat, 2018-ci ilin yanvar ayına 1245.60 manat qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq borc hesablanmışdır. Həmçinin iş materiaalarında olan Cavabdeh İB tərəfindən verilmiş **********20000 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, iddiaçının oğlu abonent X2 barəsində də müvafiq aktlar tərtib edilmiş və 2016-cı ilin avqust ayına 486 manat, dekabr ayına 79.70 manat, 2018-ci ilin may ayına 102.20 manat, 2023-cü ilin yanvar ayına 5.04 manat qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi və ya qeyri qanuni qaz xəttinə qoşulması halları öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəf hazırki iddiaya etiraz edərək iddianın dəlillərini təkzib etmək üçün məhkəməyə iddiaçının evinin qapısını və sayğacını əks etdirən şəkil təqdim etsə də, iddiaçı tərəf həmin şəklin iddiaçının oğlu abonent X2 evinə aid olmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin X3 aid olan məhkəməyə təqdim etdiyi şəkillə iddiaçıya aid olan şəkil eynilik təşkil edir. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş video görüntülərə baxış keçirilən zaman iddiaçı bildir mişdir ki, göstərilən ünvanda iki darvaza var, şəklin aid olduğu birinci həyət və evin darvazası X3 aiddir, ikinci darvaza- həyət isə iddiaçının digər oğluna aiddir, iddiaçının öz evi də ikinci darvazanın aid olduğu həyətdə yerləşir və lakin hər üç evin sayğacı ayrı olmaqla, küçə boyu ardıcıl sayıldıqda üçüncü sayğac iddiaçıya aiddir. Cavabdeh tərəf isə qeyd edilən halları təkzib edəcək mötəbər sübut növü məhkəməyə təqdim etməmişdir. Təqdim edilən şahid ifadələridir ki, şahidlər birbaşa iddiaçının qanunsuz olaraq qaz xəttinə qoşulmasını təsdiq etməmişlər. Əksinə şahid X5 da iddiaçının bildirdiyi kimi ifadəsində həmin ünvanda ikinci darvaza olan həyətin- evin iddiaçıya aid olduğunu göstərmişdir. Bundan başqa məhkəməyə müvafiq aktlar təqdim edilmişdir ki, bu aktlar issiaçı tərəfindən imzalanmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsi və ya qeyri-qanuni qaz xəttinə qoşulması sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuz olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 41 (qırx bir) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 4 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2137,90 (iki min yüz otuz yeddi manat doxsan qəpik) manat İddiaçı-abonent kodu **********00003 saylı abunə hesabından silinməli, 41 (qırx bir) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2137,90 (iki min yüz otuz yeddi manat doxsan qəpik) manat İddiaçı-abonent kodu **********00003 saylı abunə hesabından silinsin. 41 (qırx bir) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar