Məhkəmə qərarları › İş №2(009)-1068/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1068/2023

21.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1068/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və abonent koduna hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları iərəfindən tərtib edilmiş 30 mart 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00251 nömrəli abonent koduna hesablanmış 1555 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. 16 mart 2023-cü il tarixdə adını sonradan Kamran kimi bildiyi özünü Azəriqazın əməkdaşı kimi təqdim edən şəxs onun mənzilinə daxil olaraq quraşdırılmış qaz sayğacının plombunu sındırıb sayğacı yoxlayaraq ona heç nə demədən çıxıb getdi. 28 mart 2023-cü il tarixdə həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, onun sayğacında problem olub, ona buna görə akt tərtib olunub. Belə ki, onun barəsində tərtib olunmuş 31 mart 2023-cü il tarixli, ******* nömrəli Akta əsasən sayğacın maqnit ötürücü dişli çarxının dişlərinin kəsici alətlə kəsilməsi qeyd edilib. İtirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq borc yazılmışdır. Onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Cavabdeh İB tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericilikdə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlaskçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə aralarında bağlanmış qazın alqı-satqı mçüqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi akt tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş, izahatında göstərmişdir ki, onun tərəfindən sayğaca hər hansı müdaxilə olmayıb. 2023-cü ilin mart ayının ortaları olardı, ona zəng vurdular ki, guya onun tərəfindən qaz sayğacına baxılması üçün ərizə daxil olduğundan onun qaz sayğacına baxmağa və ondan soruşdular ki, sayğac işləyib-işləmir, o isə bildirdi ki, onun tərəfindən qaz üçün müraciət olunmayıb. Buna baxmayaraq, evinə gələn əməkdaşlardan biri onun qapısının yanında olan qaz sayğacına baxarkən, digər işçi isə onun evinin dəhlizində dayanaraq evin videosunu cəkməyə başladı. O buna etiraz edəndə ki, o nə üçün evin videosunu çəkir, həmin şəxslər əvvəlcə getmək istədilər, sonra yenidən qayıdaraq, onun qaz sayğacını çox çətinliklə, dəmir açarla döyə-döyə güc bəla ilə açıb yerə qoydular və plombunu qırdılar. O isə işçilərdən biri onun evinin videosunu çəkdiyi üçün onlardan şübhələnib, onların bütün hərəkətlərini videoya çəkməyə başladı və həmin videonu məhkəməyə təqdim edib. Onlar sayğacı yenidən yerinə quraşdırıb, plombunu bağlamayıb çıxıb getdilər. Bundan sonra o, qaynar xəttə zəng vuraraq həmin əməkdaşlardan şikayət etdi və ona bildirdilər ki, həmin işçilər qanunsuz hərəkət ediblər, akt tərtib etməli idilər. Sonra gecə saat 11-də qaz işçiləri ona zəng edərək dedilər ki, gəlib qaz sayğacının plombunu bağlasınlar. O narazılığını bildirdiyi üçün səhərisi gün gəlməyi bildirdilər. Səhərisi yenə də həmin işçilər gəldilər ki, sayğacı dəyişməlidirlər. O isə bildirdi ki, plombu qoymalıdırlar və o həmin işçilərdən narazı olduğu üçün onların hər hansı hərəkət etmələrinə etiraz etdi və onlar çıxıb getdilər. Sonra 4 nəfər yeni işçilər gəldi, sayğacı açıb götürərək, yerinə başqa sayqac quraşdırdılar və plombunu bağlayıb getdilər. Bir müddətdən sonra ona məlumat verdilər ki, guya o, sayğaca müdaxilə edib və buna görə cərimə olunur. İlk dəfə onun evinə gəlib sayğacı açıb, plombunu qırıb, sonra yenidən yerinə quraşdıranlar hər hansı akt tərtib etməmişdilər. Ona yazılmış borc əsassızdır. Ona görə də, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddiaya etiraz ərizəsini müdafiə etdiyini və iddia tələbinin tamamilə əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə ünvanladığı etirazında bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00251 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1602AZ**********95 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14- 2-2/3-5-3534-1 saylı Akta əsasən “sayğacın maqnit ötürücü dişli çarxın dişləri kəsici alıtlı kəsilib, qaz itkisi,müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ifin mart ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1’nm 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazm alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00251 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısma dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, G-4 markalı, 1602AZ 13011608 0695 nömrəli sayğaca ümumi baxış keçirildi maqnit ötürücü dişli carxlı dişləri kəsici alətlə kəsilib sayğac istismara yararsızdır. İş materiallarında olan qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən abonent İddiaçı aid olan qaz sayğacının çıxarılma səbəbi istismar müddəti bitməsi ilə əlaqələndirilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli 14-2-2/3-5-3534-1 MSK nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin 14-2-2/3-5-3534 saylı, 31 mart 2023-cü il tarixli telefonoqramına əsasən 31 mart 2023-cü il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş G4 və G6 markalı İtron tipli (Smart Payment, Gallus pay) və Zenner-Smart tipli qaz sayğacları 31 mart 2023-cü il tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvan İddiaçı xüsusi mülkiyyətindədir. İş materialllarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında 12960 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan abonent: **********00251 saylı İddiaçı abonentin saldosundan görünür ki, qazın sərfi 12960 (m3), sərfin məbləği 0,00, qalıq və aktlar 1555,20 manat, ödəniş 0,00 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı barəsində cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt onun iştirakı olmadan tərtib edilmişdir. Belə ki, tərtib edilmiş aktdan görünür ki, iddaçı barəsində tərtib edilmiş ******* №-li, xx.xx.2023-cü il tarixli akt Cavabdeh Qaz Sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmin akt əsasında Cavabdeh Bakı Regional qazın Satışı Dapertamentinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 12960 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsiən əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin akt istehlakçının iştirakı olmadan tərtib edilmiş və aktda abonentin aktı imzalamaqdan imtina edilməsi barədə qeyd olsa da, bu imtina hər hansı hal şahidinin iştirakı ilə təsdiq olunmur. Məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2023cü il tarixli, ******* nömrəli akt öz-özlüyündə qanunsuz olduğu üçün onun etibarsız hesab edilməsinə lüzum yoxdur. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılaraq 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, abonentin məişət qaz sayğacının maqnit ötürücü dişli carxlı dişləri kəsici alətlə kəsilib sayğac istismara yararsızdır. Həmin akt əsasında Cavabdeh Bakı Regional qazın Satışı Dapertamentinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 12960 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış 1555 manat borc onun abonent hesabından silinməlidir. Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə (bundan sonra – X3 Reyestri) daxil edilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının ona aid olan sayğacın işlək vəziyyətdə saxlanılması və qorunması ilə bağlı hər hansı məsuliyyət daşıması da məhkəmə iclasında müəyyən edilməmişdir. Beləliklə iddiaçının evində aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından, 1555 manat məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvan üzrə **********00251 saylı abonent koduna hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat məbləğində borc silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar