Məhkəmə qərarları › İş №2(009)-107/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-107/2022

12.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-107/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçı X2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179,2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/ırı köməkçi sahədən ibarət əmlak kompleksinə görə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, Azərbaycan Respublikası Bakı şəhərində yaşamaqla Cavabdeh1 ilə 10 aprel 2007-ci il tarixdə ailə həyatı qurmaqla rəsmi nikaha girmişdir. Birgə nigah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179,2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi tərəflərindən alınmış, həyat yoldaşının adına Bakı şəhər Ərazi İdarəsi tərəfindən 23 yanvar 2009-cu il tarixdə Mİİ seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Son zamanlarda ona məlum olmuşdur ki, 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə həyat yoldaşı Cavabdeh1 "xxxx" İKB ASC-dən kredit götürmüş, götürülmüş kreditə təminat olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 götürülmüş krediti vaxtında qaytarmadığına görə iddiaçı "xxxx" İKB ASC-nin iddiası əsasında Səbail rayon Məhkəməsi mülki işə 13 iyun 2018-ci il tarixdə baxaraq, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16.01,2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməsinə, Cavabdeh1 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci tarixə banka yaranan 42.585.82 ABŞ dolları əsas, 23.949.86 ABŞ dolları faiz, 597.56 ABŞ dolları cərimə, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq "xxxx" İKB ASC-nə ödənilməsinə, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv.m. əsas, 25.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsinə, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31.5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179.2 kv/m ümumi, 154 kv/m əsas, 25.2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc məbləği "xxxx" İKB ASC-nə ödənilməsinə, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı. 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti 85.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şissesi, 23 ünvanında yerləşən, 179,2 kv/m ümumi, 154 kv.m əsas, 25.2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 55.000 manat müəyyən olunmasına, iddianın qalan hissədə təmin edilməməsinə dair qətnamə qəbul etmişdir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Səbail rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka qoyulmuş əmlak birgə nikah dövründə əldə edilərək, Cavabdeh1 ilə onun birgə mülkiyyətində olmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179,2 kv/m ümumi, 154 kv/m əsas, 25.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka qoyularkən onun razılığı olmadan ipoteka müqaviləsi bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələblərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı X1 iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Səbail rayon məhkəsinin 13 iyun 2018-ci il tarixli 2(009)-428/2018 saylı qətnaməsi ilə tutmanının yönəldiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi,23ünvanında yerləşən 179.2 kv/m umumi,154 kv/m əsas, 25.2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi 16.01.2015-ci il taruxli ipoteka müqaviləsi ilə yüklü edilən zaman iddiaçı X1 notarial qaydada razılıq ərizəsi verərək Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi,23ünvanında yerləşən 179.2 kv/m umumi,154 kv/m əsas, 25.2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin "xxxx" ASC-də (Cavabdeh2 ASC) ipotekaya qoyulmasına razılıq vermiş, bankın tələbi əsasında əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Bununla da, iddiaçı X1 iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin olunmamalıdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 23.01.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu,Xırdalan-Binəqədi şossesi 23 ünvanda 0.3 ha torpaq sahəsində yerləşən 179.2 kv.m ümumi, 154.0 kv.m əsas, 25.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 093720 nömrəli, 19.03.2016-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X3 və Cavabdeh1 qızı arasında nikah 10 aprel 2007-cı il tarixdə bağlanmış, 716 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 16.01.2015-ci il tarixli, 24-G2-1-0-11-15 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən kredit götürmüş, götürülmüş kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1791/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-870/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsi ilə təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-870/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamələrlə müəyyən olunmuşdur ki, hərracın yekunları barədə 21.01.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksi Yelobank ASC-yə 35063 manat məbləğdə satılmışdır. Eləcə də, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4678/2021 saylı, 02.09.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1791/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İrəli sürülən tələbə əsasən hazırki iş üzrə mübahisənin predmeti iddiaçının həyat yoldaşı Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış ipoteka müqaviləsidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının həyat yoldaşı Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İddiaçı qeyd olunan əmlak kompleksinin Cavabdeh1 ilə birgə nikah dövründə alınması, ipoteka müqaviləsindən xəbəri olmaması səbəbindən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürmüşdür. İpoteka əmlakın hüquqi əhəmiyyəti onun əsas öhdəliyin təminatı olmasından ibarətdir. Bununla əlaqadar olaraq ipoteka müqaviləsi ipoteka saxlayan və ipoteka qoyan arasında girovla təmin edilmiş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsi əsas öhdəliyə xitam verilənədək qüvvədə olur. Bununla yanaşı, ipoteka əqdin bir növüdür, əqdin etibarsız hesab edilməsinin qaydası və şərti mülki qanunvericilikdə müəyyən olunmuş xüsusi normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Belə şərtlər tərəflərin fəaliyyət qabiliyyətli olması və əqdin hüquqi tələblərə uyğun olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi iddiaçı X2 Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş və mübahisəli əmlak xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddia tələbində X3 yuxarıda qeyd olunan ipoteka müqaviləsinin mübahisəli əmlak kompleksi həyat yoldaşı ilə birgə nikah dövründə alındığından ipoteka ilə yüklü edilən zaman onun da razılığının zəruri olması, lakin belə razılığın alınmadığı səbəbindən etibarsız hesab edilməsini irəli sürmüşdür. Bununla yanaşı, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim olunmuş X2 notarial qaydada təsdiq olunmuş 16.01.2015-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 23 ünvanında yerləşən ümumi sahəsi 179.2 kv.m olan əmlak kompleksinin "xxxx" İKB ASC-yə ipotekaya (girov) qoyulmasına razılıq verir. İpoteka (girov) müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə həmin əmlaka yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürür. Ona görə də, məhkəmə hesab edir ki, mübahisələndirilən ipoteka müqaviləsinin etibarsız hesab olunması üçün əsas yoxdur, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə cavabdehin nümayəndəsii tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bununla yanaşı, iddiaçı X3 məhkəməyə vaxtında müraciət etməməsini heç bir səbəblə əsaslandırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun yuxarıda göstərilən normasını rəhbər tutaraq və iş üzrə müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 tərəfindən heç bir üzürlü səbəb olmadan hazırki mübahisə üzrə iddia müddəti ötürülmüşdür, bu isə öz-özlüyündə iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: iddiaçı X2 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar