Məhkəmə qərarları › İş №2(009)-1073/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1073/2023

30.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1073/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Şahid oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Lexus RX 350 Minik” markalı, ağ mirvari rəngli, buraxılış ili 2010 olan, **-LE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh3 ASC-yə satılması barədə xx.xx.1018-ci il tarixli, Y-16 saylı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-dən ona məxsus olan Lexus RX 350 markalı minik avtomobilinin ipoteka yüklülüyü qarşılığında, avtomobili 46000 ABŞ dolları məbləğində qiymətləndirərək, dəyərinin 50%-i nisbəti olaraq 23000 ABŞ dolları ekvivalentində hesablayaraq həmin dövrdə mövcud olan dolların məzənnəsini 0.78 kursla götürərək, avtomobili aldığı şəxslə tam hesablaşmağı üçün bankın ona vermiş olduğu 17940 manat kreditin tam bağlanması tələbi ilə Xəzər rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Avtomobilin mühərrikinin sıradan çıxması və onun hərbi xidmətə çağırılmağı səbəbindən kredit ödənişlərinin ləngiməsini əsas gətirərək Cavabdeh3 ASC onun banka etdiyi ödənişlərini belə nəzərə almadan, yalnız özünəməxsus qaydada hesablamalar aparmaqla, onun guya ümumilikdə 16374 ABŞ dollar kredit borcu qaldığıni iddia edərək, onun hərbi xidmətdə olduğu dövrdə, yəni 26 aprel 2017-ci il tarixində, hər vasitə ilə məhkəmə keçirilməsinə nail olmuş və məhkəmədən ona məxsus olan Lexus RX 350 markalı avtomobili hərrac yolu ilə satılmasını və satışdan əldə olunan məbləği banka ödənilməsi tələbini Məhkəmədən xahiş etmişdir. Əslində isə o, qrafikə uyğun, ödənişin ilk 2 ayını da 0,78 kursla ödəniş etmiş və sonra ödədiyi 9 ayın ödənişini isə, yəni 2015-ci ilin fevral ayından, manatın ardıcıl devalvasiya kursları ilə ümumilikdə əsas borcdan 9511 ABŞ dolları, faiz borcundan isə 3148 ABŞ doiları, cəm olaraq isə 12659 ABŞ dolları ekvivalentində 21520 manat olaraq ödəmişdirm. "xxxx" ASC ilə aralarında əsasən ona manatla kredit verildiyi üçün, bankın ona təqdim etdiyi, aylar üzrə ödəniş qrafiki, manatla olduğundan, bütün onun ödənişləri manatla olmuşdur. Baxmayaraq ki, Turanbank ASC ilə aralarında ödənişləri dollarla ödəyəcəyinə dair əlavə heç bir razılaşma olmayıb, bank hansı əsasla ödənişləri ondan məhkəmə vasitəsilə ABŞ dolları kimi ödənilməsi tələbini irəli sürüb. Məhkəmə isə, "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi saxta, həqiqəti əks etdirməyən hesablamalara və bir sıra qeyri rəsmi yollarla əldə etdikləri dəlillərə istinadən, avtomobilin hərracda satılmasına dair xx.xx.2017 tarixli, 2(003)-908/2017 saylı qətnamə qəbul etmişdir. Çıxarılmış həmin məhkəmə qətnaməsinin nəticəsi olaraq, Xəzər rayon Məhkəməsinin İcra şöbəsi, "xxxx" MMC-yə məktub ünvanlayaraq ona məxsus Lexus RX 350 markalı **-LE-*** nömrə nişanlı minik avtomobilinin, hərracda satılmasıni xahiş etmişdir. xx.xx.2017-ci il tarixli 1ətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cəmi 16372 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, həmin məbləğin girov qoyulmuş ona maxsus olan “Lexus RX 350” markalı, ağ mirvari rəngli, buraxılış ili 2010 olan, **-LE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilərək, avtomobilin açıq hərracda satılaraq, satışdan əldə olunacaq pul vəsaiti hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 16372 ABŞ dolları borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. “Turanbank" ASC Xəzər rayon Məhkəməsinə təqdim etdiyi onunla bank arasında bağlanmış olan xx.xx.2014-cü il tarixli 798/f-14 saylı kredit müqaviləsində də qeyd edildiyi kimi, ona məxsus olan Lexus RX 350 markalı minik avtomobilini bankın öz mütəxəssislərinin 46000 ABŞ dolları məbləğində qiymətləndirdiyi halda, yalnız mühərrikinin təmirə ehtiyacı olan və qalan detallarını saz vəziyyətdə olduğu, baxımlı bir avtomobilə, "xxxx" MMC-nin hərrac komissiyası tərəfindən, "xxxx" ASC-nin maraqlarına uyğun olaraq, avtomobilin dəyərinin 7 misli qədər ucuzlaşdırıb, əmlakın sahibi olaraq ona heç bir məlumat verilmədən, hərraca çıxarılmış və Cavabdeh3 ASC tərəfindən xx.xx.2018-ci il tarixdə alınmışdır. 17 dekabr 2014-cü ildə 2010 il buraxılışı olan Lexus RX 450h markalı (sənədində isə Lexus 350 kimi yazılmışdır) avtomobilə bankın öz mütəxəssislərinin təyin etdiyi bazar qiyməti 46000 ABŞ dolları və ya 78200 manat olduğu halda, 3 ildən az müddət keçməsinə baxmayaraq, avtomobilin dəyərinin 7 misli qədər aşağı qiymətə, yəni 10200 manata (6000 ABŞ dollara) qiymətləndirilməklə hərraca çıxarılması və hazırki iş üzrə Cavabdeh3 ASC tərəfindən alınması ciddi qanun pozuntusudur. Məhkəmə proseslərinin olmasından, iş üzrə qətnamə çıxarılmasından, icra vərəqəsinin verilməsindən heç bir məlumatı olmamışdır. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmamağı ilə və aşağı qiymətlə qiymətləndirilərək, maşınının aşağı qiymətlə hərracda satışa çıxarılması və alqısatqısı barədə müqavilə, qanunsuz və etibarsız hesab edilməlidir. Belə ki, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC saxta yollarla onu mülkiyyəti dən məhrum etmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı vaxtında məlumatı olmadığından, bu barədə aidiyyəti üzrə müraciət edib qəbul olunmuş qərarların təsdiq edilmiş surətinin verilməsini tələb etsə də, bir nəticəsi olmamışdır. Aidiyyəti üzrə məhkəməyə, icra və probasiya şöbəsinə və Cavabdeh3 ASC-yə müraciət etsə də, onlar da hərracın keçirilməsi ilə bağlı hər hansı bir qətnamə, icra vərəqəsi və ya digər bir sənədin olmadığını ona bildirmişlər. Yuxarıda qeyd edildiyi kimi hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, yuxarıda göründüyü kimi qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən yol verilmiş, sadalanan ciddi qanun pozuntularına görə, ona məxsus “Lexus RX 350” (əslində avtomobil hibrid sistemli 450h) markalı, ağ mirvari rəngli, buraxılış ili 2010 olan, **-LE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh3 ASC-yə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-908/2017 saylı qətnaməsinə əsasən Cavabdeh3 ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov əmlak olan İddiaçı məxsus “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və girov əmlakın hərracdan satılaraq, əldə olunmuş vəsaitdən borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hərrac keçirilən zaman tərəflərə bildirişlər göndərilmiş, başqa alıcı olmadığına görə bank “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Hal-hazırda həmin avtomobil bankın mülkiyyətindədir. İddia tələbini əsassız hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər "xxxx" MMC-nin və Xəzər Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010, ağ mirvari rəngli, ban JTJBC1BA9A2403456 olan avtomobil xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx"nin hərracın nəticələri haqqında yekun Y-16 saylı, 15 yanvar 2018-ci il tarixli protokolundan görünür ki, ilkin satış qiyməti 16000 manat müəyyən edilmiş “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan Cavabdeh3 ASC əmlakı 10200 manata almışdır. Cavabdeh3 ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus RX350 Minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010, ağ mirvari rəngli, ban JTJBC1BA9A2403456 olan avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-cı maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bununla yanaşı, cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsinə dair xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, həmin bildirişlərdə borclu İddiaçı ünvanı qeyd edilməmişdir. Həmin bildirişlərin borclunun ünvanına göndərilməsi barədə hər hansı sübut iş materiallarında yoxdur. Bu hal isə ona dəlalət edir ki, iddiaçıya hərracın keçirilməsinə dair bildiriş göndərilməmiş və onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, girov əmlakın açıq hərracdan satılması ilə bağlı iddiaçıya hərracların keçirilməsi barədə qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilmədiyi və onun hərracda alıcı qismində iştirak etmək imkanını təmin olunmadığı üçün "xxxx" MMC-nin iddiaçıya məxsus “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hərracın nəticələri haqqında 15 yanvar 2018-ci il tarixli, Y-16 saylı protokol və ondan irəli gələn hüquqi nəticələr etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin İddiaçı məxsus “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hərracın nəticələri haqqında 15 yanvar 2018-ci il tarixli, Y- 16 saylı protokol və ondan irəli gələn hüquqi nəticələr etibarsız hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar