Məhkəmə qərarları › İş №2(009)-1082/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1082/2021

22.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1082/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “Cavabdeh” İstehsalat Birliyi ilə xx.xx.2020-ci il tarixdə AKX-02198xx/xx-2020 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanılmışdır. Həmin müqaviləyə əsasən onun ünvan 1 ünvanında yerləşən ona məxsus olan və onun xüsusi mülkiyyət hüququ ilə adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş fərdi ev qazla təchiz olunmuşdur. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2020-ci il tarixdə “Elster” markalı G-6 diafraqma tipli, 28024330 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Qeyd olunan ünvana “Cavabdeh” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00022 nömrəli abonent kodu verilmişdir. Qeyd etdiyi fərdi yaşayış evin qaz təchizatı proseduru başa çatdıqdan bir neçə müddət sonra “Cavabdeh” İB tərəfindən ona müraciət olunaraq heç bir əsasları olmadan ittiham edərək, müqavilə şərtləri pozmaqda və sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamaqla günahlandırırdılar. O, bütün bu iftiralara dərhal cavab verərək onlara bildirmişdir ki, o, sayğacdan heç vaxt qeyri-qanuni olaraq istifadə etməmişdir və müqavilənin şərtlərini heç vaxt pozmamışdır, lakin onlar sözlərinə heç bir məhəl qoymamışlar və hətta ondan 3160,10 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3190,10 manat məbləğində pulun ödənilməsini tələb etmişlər. O, isə bütün bu tələblərə rədd cavabını vermiş, günahsız olduğunu və bunların hamısının onların tərəfindən onun üzərinə atılınan bir iftira olduğunu söyləmişdir. Bunlara rəhmən onlar onu dinləmədən hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən özünə məxsus olan fərdi evə öz işçilərin göndərmişlər. İşçiləri isə öz növbələrində sayğacının şəklini çəkərək qeyri-qanuni akt tətbiq etəmişlər. “Cavabdeh” İB tərəfindən onun üzərinə qoyulan qanunsuz tələbləri yerinə yetirmədiyinə görə onlar Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Müraciətləri əsasında hakim məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 qeyd etdiyi əsassız ittihamlara uyğun olaraq izahat verərək onun 3190,10 manat məbləğində pulu “Cavabdeh” İB-nə ödəməsi barəsində qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş onun nümayəndəsi və vəkili X1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, hər hansı qanunsuz istifadə halı olmayıb, iş materiallarına əlavə olunmuş şəkillərdən də bu sübut olunmur. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Nəticədə Səbail rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(009)-1649/2020 saylı qətnaməni qəbul etmişdir. Həmin qətnaməyə əsasən iddiaçı tərəf “Cavabdeh” İB tərəfindən irəli sürülən iddia tələbinin yerinə yetirilməsi üçün lazım olunan sübutlar olmadığı üçün iddia təmin edilməmişdir. Cavabdeh tərəfindən sonradan apellyasiya şikayəti olunmayıb. Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(009)-1649/2020 saylı qətnaməsi onun günahsız olduğunu və ona yonlanan bütün tələblərin iftira olduğunu sübut edir və cavabdeh tərəfindən apellyasiya şikayəti olunmaması onu sübut edir ki, onlar öz tələblərində əmin deyirlər və bunun yalan olduğunu dərk edirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktı ləğv edərək cavabdeh tərəfindən onun üzərinə əsassız olaraq qoyulan 3160,10 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Paylayıcı” qismində “Cavabdeh” İB ilə İddiaçı arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təminn edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın kserosurətindən görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş üzrə “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 31601 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonentin (kod **********00022) abonent saldosundan görünür ki, abonent İddiaçı 2020ci ilin aprel ayında 3160,10 manat əlavə borc hesablanmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1649/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı SOCAR “Cavabdeh” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə iddiaçının mülkiyyətindəki ev qazla təchiz olunmuş və xx.xx.2020-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır. İddiaçıya aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş və yoxlamanın nəticəsində onun barəsində xx.xx.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçının abunə hesabına əlavə sərfiyyat kimi itirilmiş qazın (vurulmuş ziyanın) bərpası ilə bağlı 3160,10 manat borc yazılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh təşkilat onun sayğaca müdaxilə edilməsini iddia etsə də, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini sübuta yetirə bilməmişdir. Cavabdeh təşkilat tərəfindən dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. İddiaçı hesab edir ki, müqaviləyə və qanunun tələblərinə görə onun hər hansı təqsiri yoxdur və bu səbəbdən hadisəyə görə öhdəlik daşımır. Məhkəmə ilk növbədə qeyd edir ki, AR Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Normativ hüquqi aktın yuxarıda göstərilən tələblərinə əsasən istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bu səbəbdən məhkəmə qeyd edir ki, sayğacda olan nasazlığın və qüsurların baş verməsinə görə iddiaçı hər hansı cavabdehlik daşımır. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçıya aid sayğacda aşkar olunmuş pozuntuda iddiaçının təqsiri olsa belə cavabdeh təşkilat tərəfindən iddiaçının abunə hesabına əlavə sərfiyyat kimi itirilmiş qazın bərpası məqsədilə vurulmuş ziyan kimi əlavə borc yazılması qanuna zidd olmuşdur. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Cavabdeh» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən cərimənin tətbiq edilməsi Qanunun yuxarıda göstərilən tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olan məsələdir. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində hər hansı cərimə tətbiq etmək səlahiyyətində deyil və Qanunun yuxarıda göstərilən tələbi ona belə hüquq vermir. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Eyni zamanda «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olmasını anlamına gəlmir. Məhkəmə eyni zamanda qeyd edir ki, “Cavabdeh” İB İddiaçı qarşı 3160,10 manat məbləğində zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə “Cavabdeh” İB-nin iddia tələbi sübuta yetirilmədiyi üçün təmin edilməmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə “Cavabdeh” İB-nin İddiaçı qarşı irəli sürdüyü tələb, yəni onun müqavilə tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması və qazdan istifadə etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1649/2020 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə də iddiaçının qanunsuz olaraq qazdan istifadə etməsi halı öz təsdiqini tapmadığı üçün, iddiaçının tələbi əsaslı hesab edilməlidir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmadığına görə, iddia tələbi təmin edilməli, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməli, həmin aktın hüquqi nəticələri, yəni əlavə borcun yazılması ilə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və həmin qərar əsasında iddiaçıya sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi nəticəsində onun abunə hesabında yazılmış 3160,10 manat borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» İB tərəfindən İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 80a saylı evinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilsin, onun əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin və həmin qərar əsasında “Cavabdeh” İstehsalat Birliyi tərəfindən iddiaçının abunə hesabına (**********00022) yazılmış 3160,10 manat əlavə borc silinsin. «Cavabdeh» İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar