Məhkəmə qərarları › İş №2(009)-1084/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1084/2022

19.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1084/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, pasport qeydiyyatında olduğu Bakı şəhəri, Səbail rayonu, Fuad Mirzəyev küçəsi, ev 27 ünvanına istifadə hüquqularına yaradılan maneələrin aradan qaldırılımasına və övladı ilə sözü gedən evə köçürülərək istifadə huququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh istək və arzusu ilə, el adəti ilə 2009-cu il mart ayında oğlu X6 ilə birgə nikaha daxil olub cavabdehin icazəsi ilə ünvan 1 ünvanında elə həmən vaxtdan da ailə üzvü kimi gəlin köçmüşdür. Elə həmən vaxdan son 12 ilə qədər birgə təsərrüfat apararaq yaşamışlar. Cavabdehin oğlu, iddiaçının keçmiş həyat yoldaşı uzun müddət xarici dövlətlərdə işləsə də ailəsi və övladıyla maraqlanmaması və heç bir maddi dəstək göstərməməsi səbəbindən nikaha xitam verilmişdir. Lakin sözü gedən mənzildə yaşamağa davam etmişdir və birgə nikahdan olan övladı ilə orada yaşamışdır. Keçmiş həyat yoldaşı isə ona gələcəyini və məcburən yenidən nikaha daxil olmasını tələb etməsi və iddiaçının buna razılaşmaması səbəbi ilə Cavabdeh onu məcbur azyaşlı övladı ilə evdən qovmuşdur və bu günədək o öz cehiz əşyalarından belə istifadə edə bilmir. İddiaçıya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)08094/2022 saylı qərarı ilə ünvan 2 ünvanından İddiaçı və X4 qeydiyyatdan çıxarılmışdır. Müxtəlif orqanlardan gələn cavab məktublarında həmin şəxslərin orada qeydiyyatda olsalar da yaşamadıqları göstərilmişdir. Həmin qərarda onların istifadə hüquqlarının mövcud olmadığı qeyd olunmuşdur. 2015-ci ildə nikahları pozulmuş və xanim evi tərk etmişdir. Əşyalarını götürərək ata evinə köçmüşdür. Uşaq da həmin ərazidə məktəbə gedir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı 07036567 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2-də qeydiyyatdadır İş materiallarında olan xx.xx.2011-ci il tarixdə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı 10552429 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ünvan 2-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2003-cü il tarixdə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2-də qeydiyyatdadır. İş materiallarında olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 45 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 157 saylı Arayışından görünür ki, həqiqətən də İddiaçı, X4 və Cavabdeh ünvan 2-də qeydiyyatdadır. İş materiallarında olan X9 Soyulan kənd tam orta məktəbinin xx.xx.2022-ci il tarixli, 79 saylı Arayışından görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 43 saylı “İntelekt” liseyinin V sinifindən yerdəyişmə edilərək R.Nəbiyev adına Soyulan kənd tam orta məktəbinin V sinifinə qəbul edilmişdir. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Departementi Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli Məktubundan görünür ki, MKİS-də olan məlumata və mənzilin icarədarı Cavabdeh dediyinə görə İddiaçı və X4 ünvan 2-də qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda həmin ünvanda yaşamırlar. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)08094/2022 saylı Qərarından görünür ki, ünvan 2 ünvanından İddiaçı və X1 qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin həvalə edilməsi qərara alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Fuad Mirzəyev küçəsi, ev 27 mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur. İddiaçı cavabdehin övladı – X5 həyat yoldaşı olub və onlar arasında nikah Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ilə cavabdehin oğlu X5 birgə nikahdan bir övladı – xx.xx.2010-cu il təvəllüdlü Fərqan adlı uşaqları anadan olmuşdur. İddiaçı, həyat yoldaşı və uşağı ilə birlikdə cavabdehin mülkiyyətində olan mənzildə ailə qurduğu vaxtdan yaşayıblar. İddiaçının övladı ilə mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsalar da, cavabdeh onların həmin mənzildən istifadəsinə maneələr yaradır. Bu səbəbdən iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə istifadə hüquqlarının müəyyən edlməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının mənzilə istifadə hüquqlarının müəyyən edilməsi ilə əlaqədar tələbi üzrə qeyd edir ki, həmin tələb əsaslı hesab edilə bilməz. İddiaçı mübahisəli mənzilə 2009-cu ilin mart ayından köçərək yaşamağa başladığından, onun həmin mənzilə istifadə hüquqlarının yaranıb-yaranmamasına qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri ( əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005ci iltarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə münasibətdə onun ailə üzvü hesab olunmadığından, qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından cavabdehin mübahisəli evə istifadə hüquqlarının yaranması üçün cavabdehlə onun arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olması vacibdir, eyni zamanda bu razılaşma (müqavilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin məhkəmə qeyd edir ki, mənzilin mülkiyyətçisi olan cavabdehlə iddiaçı arasında mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmadığından, iddiaçının mübahisəli mənzilə hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, idida tələbi İddiaçı Bakı şəhəri, Səbail rayonu, Fuad Mirzəyev küçəsi, ev 27 istifadə hüquqlarının müəyyən edilməsi və köçürülməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının övladı olan xx.xx.2010-cu il təvəllüdlü Fərqan Məmmədovun mübahisəli mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində ailənin başqa üzvlərinin aliment öhdəlikləri barədə bəhs edilir və həmin Məcəllənin 89 və 90-cı maddələri nənə və babaların, həmçinin nəvələrin bir-birlərinin saxlanılması üçün aliment tələb etmək hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmayan uşağının mübahisəli mənzilə istifadə hüququ yaranmış olsa belə hazırda iddiaçının xx.xx.2010-cu il təvəllüdlü azyaşlı uşağı faktiki olaraq onun himayəsində olmaqla onunla birlikdə yaşayır və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2(009)-292/2015 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, X3 xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (27.2) Məhkəmə, qanunvericiliyin tələbini və xx.xx.2010-cu il təvəllüdlü X1 faktiki olaraq anası İddiaçı himayəsində olmasını, hazırki qətnamə ilə iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbinə dair iddiasının əsassız olması nəticəsinə gəlindiyini nəzərə alaraq, iddiaçının bununla bağlı dəlillərini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Fuad Mirzəyev küçəsi, ev 27 ünvanına istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasına və övladı ilə həmin ünvana köçürülərək istifadə hüququnun tanınması tələbinə dair iddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar