Məhkəmə qərarları › İş №2(009)-1092/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1092/2021

24.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1092/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X2, İddiaçı2 və onun vəkili X6, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və X12 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə bağlanmış 11 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 Nadir oğlu 1996-cı ilin yanvarından “İnvest Service" MMC-nin payçısı olmuş, İddiaçı2 Mirzə oğlu isə həmin ilin yanvarından MMC-nin direktoru vəzifəsində bu şirkəti idarə etmişdir. MMC-nin təsisçisi həmçinin İddiaçı1 atası və İddiaçı2 əmisi, X7 olmuşdur. Həmin illərdə N.Ağayev barəsində cinayət işi açıldıqdan sonra o, xaricə getmişdir, bundan sonra İddiaçı1, İddiaçı2 ilə birgə "xxxx" MMC şirkətində payçı olaraq əmlakı idarə etmişdir. İddiaçı2 2006-cı ildən etibarən "xxxx" MMC-nin nizamnamə kapitalındakı 50% paya sahib olmuşdur. Nadir Ağayevin də razılığı ilə ünvan 1 ünvanında yerləşən sahəsi 1787,3 kv.m. olan torpaq sahəsi və bu torpaq sahəsinin üzərindəki sahəsi 173 kv.m. olan emalatxana "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Bununla bağlı 000132 qeydiyyat nömrəli, 14 dekabr 2006-cı il tarixli şəhadətnamə verilmişdir. Təxminən iyirmi il sonra, İddiaçı1 atası, Nadir Ağayev 2020-ci ildən etibarən İddiaçı1lə və İddiaçı2lə əlaqə saxlayaraq onlara məxsus "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsini və üzərindəki emalatxananı İddiaçı1 ögey bacısı, Cavabdeh adına keçirməyi tələb etmişdir. İddiaçı1 və İddiaçı2 onun tələblərini etməkdən imtina edəndə Nadir Ağayev onları sənəd saxtakarlığı və oğurluqla ittiham edərək həbs etdirəcəyi barədə hədə-qorxu gəlmişdir, onları qohumları və yaxınları arasında rüsvay edəcəyi barədə hədələmişdir. Nadir Ağayev uzun müddətdən sonra 15 iyul 2020-ci il tarixində Azərbaycana qayıtmışdır. O, Azərbaycana qayıtdıqdan sonra İddiaçı1 və İddiaçı2 yanına çağırmış və yenidən onlardan tələb etmişdir ki, "İnvest Service” MMC-nin nizamnamə kapitalındakı payları Cavabdeh adına keçirtsinlər. X17 İddiaçı1 tələb edirdi ki, o, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında olan 21079 kv.m. torpaq sahəsində yerləşən əmlak kompleksini də (“Mayak” avtotexniki xidmət müəssisəsini) ögey bacısı, Cavabdeh adına rəsmiləşdirsin. İddiaçı1 atasının istəyi ilə razılaşmadıqda onun üstünə qışqıraraq guya oğru olduğunu, prokurorluğa şikayət edəcəyini və onu həbs etdirəcəyini bildirmişdir. İddiaçı1 və İddiaçı2 şirkətdə olan paylarını satmaqdan növbəti dəfə imtina etdikdə, bu dəfə də Nadir Ağayev və Cavabdeh onlara hədə-qorxu gələrək, "xxxx" MMC-də olan paylarını ona satmağı tələb ediblər. Nadir Ağayev və Cavabdeh Feliks və İddiaçı2 guya oğurluq etdiyini, əmlakı talan etməkləri barədə yaxın qohumlarına rüsvayedici məlumatlar yaymağa başlayıblar. Qohumlar arasında bu xəbərlər sürətlə yayılıb. Bütün bu işlərin arxasında X4 Hüseynova dayanmışdır. O atasının başını mənfi fikirlərlə doldurub və obyektləri onun adına keçirmək üçün atasını təhrik etmişdir. İddiaçı1 və İddiaçı2 təkcə qohumları arasında yox, cəmiyyətdə də hörmət sahibi olan iş adamlarıdır. Nadir Ağayev tərəfindən onlar haqqında hər hansı rüsvayedici məlumatların yayılması, hətta tamamilə yalan olsa belə, onların nüfuzuna birdəfəlik xələl gətirəcəkdi. Qohumları, iş adamları və ətrafı arasında rüsvay olmaqdan, o cümlədən atasına qarşı, doğma əmisinə qarşı naxələf çıxması barədə şayələrin yayılmasından qorxaraq 11 avqust 2021-ci il tarixində alğı-satqı müqaviləsi əsasında "xxxx" MMC- nin nizamnamə kapitalında onlara məxsus 50% paylarını hərəsi 5 (beş) manata Cavabdeh satmışlar. Nəzərə alınmalıdır ki, hədə-qorxularda İddiaçı1 ögey bacısı, İddiaçı2шт əmisi qızı Cavabdeh da iştirak etmişdir. Bu barədə sübutlar məhkəmə iclasında təqdim ediləcəkdir. "xxxx" MMC-nin mülkiyyətində ünvan 1 ünvanında yerləşən sahəsi 1787,3 kv.m. olan torpaq sahəsi və bu torpaq sahəsinin üzərində sahəsi 173 kv.m. olan emalatxana vardır. Bu torpaq sahəsinin və emalatxananın bazar dəyəri ən azı 800 000 (səkkiz yüz min) manat təşkil edir. Belə ki, iddiaçılar mülkiyyətində ən azı 800 000 (səkkiz yüz min) manat dəyərində əmlak olan və hər hansı böyük həcmli borcu olmayan şirkətin paylarını məcburiyyət qarşısında qalaraq 10 (on) manata satmışdırlar. Yəni, 11 avqust 2020-ci il tarixli payın alğı-satqı müqaviləsi iddiaçılara hədə-qorxu gəlməklə bağlanmışdır. İddiaçı1 və İddiaçı2 hədə-qorxuya məruz qalmasaydılar, dəyəri ən az 400 000 (dörd yüz min) manat təşkil edən MMC-dəki paylarını 5 (beş) manata satmazdılar. Bundan başqa diqqətinizə çatdırırıq ki, 25 avqust 2020-ci il tarixli bağışlama müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olan 21079 kv.m. torpaq sahəsində yerləşən, ən azı 2 500 000 (iki milyon beş yüz min manat dəyəri olan əmlak kompleksini də (“Mayak” avtotexniki xidmət müəssisəsini) ögey bacısı, Cavabdeh bağışlamaq məcburiyyətində qalmışdır. Müqavilə imzalandıqdan, əmlaklara mülkiyyət hüququ təsdiq edən sənədləri aldıqdan sonra qızının ona qarşı olan münasibətinin artıq dəyişdiyini görən 80 yaşlı N.Ağayev oğluna və qardaşı oğlu İddiaçı2 demişdi ki, "xxxx" MMC-ni satdıqdan sonra borclarını ödəyəcək və Qaradağda yerləşən evini təmir etdirəcək, qalan pulu onlara qaytaracaq. X7 9 oktyabr 2020-ci il tarixində gözlənilmədən vəfat etmişdir. Onun səksəndən artıq yaşı olsa da, sağlamlıq vəziyyəti normal idi. Müqavilələr bağlanandan sonra Nadir Ağayevin qəflətən vəfat etməsi qohumlarını da təəccübləndirmişdir. Nadir Ağayev Bakıya qayıdandan sonra Cavabdeh Mərdəkanda yerləşən bağ evində yaşamışdır. İddiaçı1 və İddiaçı2 təsdiq edə bilər ki, Nadir Ağayev vəfat etməzdən öncə əmlaklarını Cavabdeh adına rəsmiləşdirməklə tələsdiyini, səhvə yol verdiyini söyləmişdir. Bu ilin fevral ayında məlum olub ki, Cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan emalatxananı və onun yerləşdiyi torpaq sahəsini satmaq istəyir. Müxtəlif şəxslər vasitəsilə İddiaçı2 məlumat göndərmişdir ki, əgər o, səssiz qalsa, sahibkarlıq obyekti satılandan sonra İddiaçı2 5.000-10.000 (beş min - on min) manat pul verəcəkdir. Cavabdeh "xxxx" MMC ilə hər hansı bir bağlılığı olmayıb və bu şirkətin inkişafında hər hansı zəhmət çəkməmişdir. Hədə-qorxular nəticəsində bağlanılmış bir alğı-satqı müqaviləsi səbəbindən "xxxx" MMC onun mülkiyyətində qalmışdır. Hesab edirik ki, yuxarıda göstərilənlər İddiaçı1 Nadir oğlu, İddiaçı2 Mirzə oğlu və Cavabdeh Nadir qızı arasında bağlanmış 11 avqust 2020-ci il tarixli "xxxx" MMCdə olan payın ağqı-satqı müqaviləsinin ləğv olunması üçün tam əsasdır. Cavabdeh və həyat yoldaşı Rövşən Hüseynov barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi açılması barədə Nəsimi Rayon Polis İdarəsinə müraciət ediblər. Hazırda faktla əlaqədar Nəsimi RPİ-nin 20ci Polis Bölməsində araşdırma təhqiqat həyat keçirilir. İş materiallarında olan 05.08.2021-ci il tarixli dəqiqləşdirmə ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1oviç və İddiaçı2 məhkəmədən Bakı şəhəri 54 saylı notariat kontorunda cavabdeh X8 ilə aralarında bağlanmış 11 avqust 2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəni belə əsaslandırmışlar ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən bu ərizəni (və qoşmaları) iş materiallarına əlavə edirlər. Göstərilən alğı-satqı müqaviləsi hədə təsiri altında, yəni onların həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan bağlanmışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Mülki Məcəllənin əqdlərin anlayışı və növlərini müəyyən edən 324-cü maddəsinin tələblərinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmçinin həmin maddədə göstərilmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İş materiallarına bu ərizəyə qoşma olaraq əlavə etdikləri və notarial qaydada təsdiq olunmuş 11 avqust 2020-ci il tarixli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinə dair Bakı şəhəri 54 saylı notariat kontorunda 3M/350 №-li notariat işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 01 aprel 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni redaksiyada Nizamnaməsinin 6.2 və 6.3-cü bəndlərindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 5.000 (beş min) manat həcmindədir, hər biri 2.500 (iki min beş yüz) manat olmaqla 2 paydan ibarətdir ki, hər birinə 1 (bir) pay, yəni nizamnamə kapitalının 50% məxsusdur. Göstərilən notariat işində olan "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, hər birinin payı 5 (beş) manata Cavabdeh (yəni iddia tələbimiz üzrə cavabdehə) satılmışdır. İş materaillarında olan (iddia ərizəmizə əlavə edilmiş) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000132 qeydiyyat nömrəli 14.12.2006-cı il tarixli Şəhadətnamədən və Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş Müəssisə və obyektin "Texniki Pasportu"ndan görünür ki, "xxxx" MMC - ünvan 4 ünvanda yerləşən 150,4 kv.rn qeyriyaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. İş materiallarına bu ərizəsinə qoşma olaraq əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə barədə ekspert rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 4 ünvanda 1787,3 kv.rn torpaq sahəsində yerləşən və sahəsi 150,4 kv.rn olan qeyri- yaşayış sahəsinin bazar dəyəri 708.000,00 (yeddi yüz səkkiz min) manat (o cümlədən: qeyri-yaşayış sahəsinin bazar dəyəri 214.000 manat + torpaq sahəsinin dəyəri 494.000 manat) təşkil edir. Göründüyü kimi, 16 il ərzində qanuni əsaslarla təsisçisi olduqları "xxxx" MMC-nin Nizamnamə kapitalında olan payı həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan 5 (beş) manata satmaqla yuxarıda göstərilən 708.000 (yeddi yüz səkkiz min) manat bazar dəyəri olan əmlak kompleksi üzərində olan hüquqlarını da özgəninkiləşdirilmişdir. Hansı ki, hər birinin cəmiyyətin nizamnamə kapitalında olan paylarına düşən əmlak hissəsi 404.000 (dörd yüz dörd min) manat təşkil edir. Belə ki, mülki qanunvericiliyin məhdud məsuliyyətli cəmiyyətlə bağlı müddəalrına əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı öz payına mütənasib həddə cəmiyyətin əmlak hissəsi üzərində hüquqlara malikdir ki, bu hüquq Mülki Məcəllənin 96.1-ci maddəsində də birmənalı olaraq təsbit olunmuşdr. Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Birmənalı olaraq bir daha qeyd edirlər ki, yuxarıda göstərilən 11 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi satıcı olaraq tərəflərindən uzun illər ərzində mühacirətdə yaşayan Nadir Ağayevin (o, iddiaçılardan İddiaçı1 doğma atası, İddiaçı2 isə doğma əmisidir) 15 iyul 2020-ci il tarixdə Azərbaycana qayıtmasından sonra bilavasitə onun (eləcə də həmin əmlakda marağı olan cavabdeh ögey bacının və onun həyat yoldaşının) hədə təsiri altında, yəni onların həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan təsir, təzyiq, hədə və şantajlarına məruz qalmağı səbəbindən bağlanmışdır. Hansı ki, onların həqiqətən belə bir fikrləri və həqiqi niyyətləri olsa idi, həmin alğı-satqını Nadir Ağayev Azərbaycana qatyıtmazdan əvvəl həyata keçirərdilər. Göründüyü kimi, həmin alğı-satqı müqaviləsi bilavasitə Nadir Ağayevin və İddiaçı1 ögey bacısı olan Cavabdeh (yəni iddiamız üzrə cavabdehin) iradəsinə uyğun olmaqla bağlanmışdır, yənionlar, belə bir müqavilə bağlamaqla öz istəklərini yox, Nadir Ağayevin istəyini həyata keçirməyə məcbur olmuşdurlar (Nadir Ağayev alqı-satqıdan 29 gün sonra, yəni 09 oktyabr 2020-ci ildə qəflətən vəfat etmişdir). Qeyd edilməlidir ki, mübahisəli alğı-satqı müqaviləsini bağlamağa vadar edilmələri üçün mərhum Nadir Ağayev (yuxarıda göstərildiyi kimi, o, alğı-satqıdan 29 gün sonra, yəni 09 oktyabr 2020-ci ildə qəflətən vəfat etmişdir), eləcə də Cavabdeh və onun həyat yoldaşı şantaj üsullarına əl atmış, Nadir Ağayevin adından Azərbaycan Respublikasının Baş prokuroru, cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri, cənab Vilayət Eyvazova və qeyrilərinə ünvanlanmış şantaj xarakterli ərizənin fotoşəkli Whats-App vasitəsilə göndərilmişdir. Habelə cavabdehin həyat yoldaşı Rövşən Hüseynov da WhatsApp yazılarında təhdid və şantaj xarakterli ifadələr işlətmiş, "vəkili tərəfindən istintaqa verilməsi üçün bütün sənədlərin yığıldığını" bildirmişdir ki, bütün göstərilənlərlə ən azından saxtakarlıqda, külli miqdar oğurluqda və mənimsəmədə ittiham edilirik. Odur ki, onlara qarşı edilən təzyiqlərdən, o cümlədən yuxarıda göstərilən ərizədə və WhatsApp yazılarında yazılan ittihamlardan ehtiyat edib çəkinmiş, ən azından həmin şantaj xarakterli şikayətdə göstərilən hər hansı bir cinayət xarakterli əməlin barələrində yayılacağından, hüquq mühafizə orqanlarına çağırılacaqlarından, bununla da qohumlar və dost-tanışlar arasında hörmət və nüfuzumuzun itiriləcəyindən qorxmuşdurlar. Eyni zamanda İddiaçı1, həm də iş yerində nüfuzunu, nəticə etibarilə isə işini itirəcəyindən qorxaraq mübahisəli alğı-satqı müqaviləsini bağlamağa məcbur olmuşdur. Belə ki, o, artıq 20 ildir ki, BİPİ EKSPLOREYŞN (KASPİAN Sİ) LTD şirkətində fasiləsiz olaraq çalışır və həmin şirkətdə etibar və nüfuz sahibidir. Mübahisə məhkəmə qaydasında həll edilməli və Bakı şəhəri 54 saylı notariat kontorunda Cavabdeh ilə aramızda bağlanmış 11 avqust 2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İş materiallarında olan 19.03.2021-ci il tarixli iddianın təmin tədbiri haqqında ərizədən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədən, Cavabdeh tərəfindən "xxxx"MMCnin paylarının özkəninkiləşdirilməsinə, Cavabdeh tərəfindən "xxxx"MMC-nin mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən 1787,3 kv.m torpaq sahəsi və bu torpaq sahəsinin üzərində 173 kv.m sahəsi olan emalatxananın özgəninkiləşdirilməsinə qadağan qoyulması xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayonu Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(009)-1092/2021 saylı qərardadından görünür ki, 19.03.2021-ci il tarixli ərizə qismən təmin edilmişdir. Cavabdeh tərəfindən "xxxx"MMC-nin paylarının və "xxxx"MMC-nin mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən sahəsinin üzərində 150.4 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. İş materiallarında olan 05.04.2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, Cavabdeh nümayəndəsi və vəkili X11 məhkəmədən Bakı Şəhəri Səbail Rayonu Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(009)-1092/2021 saylı qərardadının ləğv edilməsini və iddiaçıların iddianın təmin tədbirinə dair ərizəsinin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayonu Məhkəməsinin 06.04.2021-ci il tarixli 2(009)-1092/2021 saylı qərardadı ilə Bakı Şəhəri Səbail Rayonu Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(009)- 1092/2021 saylı qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X11 tərəfindən verilmiş şikayət təmin edilməmişdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.04.2021-ci il tarixli, 2(103)- 4588/2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Səbail Rayonu Məhkəməsinin 29.03.2021ci il tarixli 2(009)-1092/2021 saylı qərardadından cavabdehin şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X10 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçılar ilə cavabdeh arasında olan 11 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi könüllü deyil, hədə-qorxu gəlməklə bağlanmışdır. Cavabdeh onun ögey bacısıdır, münasibətləri soyuq olub. Müqavilə formal olaraq 5 AZN məbləğində bağlanmışdır. İddiaçını müqavilə bağlamağa vadar edən səbəblər vardır. Baş Prokurora Feliksin atasının əmlakını oğurlamaqda ittiham edən məktub yazılması ilə bağlı hədə-qorxu gəlinib. Feliks nüfuzlu neft şirkətində işləyir, qohumlar arasında nüfuza malikdir. Prokurorluqdan onun iş yerinə gedən məktub əsasında o işdən çıxarılacaqdı. Alğı-satqıdan sonra onların atası X9 yoldan çıxarmasını, əməlindən peşman olmasını etiraf etmişdir. Bununla bağlı sübutlar vardır. Atası əmlakın Feliksin adına keçməyini istəmişdir, lakin cavabdeh ona imkan verməmişdir, Feliksin onu tutdurmaq istədiyini demişdir. Bu yolla Feliksi şantaj etmişlər. O da bu əqdi bağlamağa məcbur olmuşdur. "xxxx" MMC-nin nizamnamə kapitalı 5000 manat həcmindədir. Təqdim edilən "xxxx" MMC tərəfindən verilən rəydən görünür ki, "xxxx" MMC-nin bazar dəyəri 708000 manatdır. Belə olan halda tərəflərin hər birinə düşən əmlak hissəsi 404000 manatdır. Müqavilənin 5 manat qarşılığında bağlanması onun hədə təsiri altında həqiqi iradə ifadəsi olmadan şantajlara məruz qalmaqla bağlandığını göstərir. Əgər tərəflərin belə bir fikri olsa idi alğısatqını Nadir Ağayev Azərbaycana qayıtmamışdan öncə edərdilər. Məhkəmə iclas zalında dindirilən şahid də ifadəsində Nadir Ağayevin onları tutduracağını dediyini bildirdi. Şahid ifadəsi də sübut kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. O 1996-cı ilin 1 yanvar tarixindən bugünə kimi "xxxx" MMC-nin direktorudur. 2000-ci ildə əmisi Ağayev Nadir barəsində cinayət işi açıldığı üçün Bakıdan getmişdir. Ona pul lazım olduğu üçün o 40000 dollar pul tapıb vermişdir. O olmayanda servisdə işi onun aparacağı barədə razılaşmışlar. Gedəndən sonra əmlak komitəsinin əməkdaşları gələrək servisi özəlləşdirməsini yoxsa başqasına verəcəklərini söyləmişlər. 1991-ci ildən sənədləri var idi, servis işləyirdi amma özəlləşməmişdi. O məhkəmə yolu ilə özəlləşdirmişdir. 25% Nadir Ağayev, 25 % İddiaçı1, 25% Belikov İvan, 25% Belikov Yan idi. İvan 1995-ci ilin dekabr ayında öldürülmüşdü, oğlu Yan arvadı erməni olduğu üçün Bakını tərk edib getmişdi. Əmisinə 40000 dollar qarşılığında payçı keçdiyini demişdir, problem olmadığını bildirdi. Digər payçılar olmadığı üçün Felikslə məhkəməyə müraciət edib həll etdik. 2004cü ildə özəlləşdirmişdir. 2019-cu ilin yanvar ayına qədər hər şey qaydasında idi, əmisi ilə əlaqə saxlayırdılar. Sonradan onunla və Felikslə kobud danışmağa başladı. Həmin vaxtdan ona və Feliksə qarşı hədə-qorxular başlamışdır. Sonradan bilmişlər ki, hər şeyi Mədinə edir, əmisini onlara qarşı doldururdu. 2020-ci ilin iyun ayının 15-də Bakıya gəlmişdi, amma heç kim onlara xəbər verməmişdi. Avqust ayının əvvəlində Feliks ona atasının gəldiyini, yenə kobud danışdığını demişdir. O da oranı 40000 dollar qarşılığında aldığını demişdir. Əmisi ilə görüşdükdə ondan da Mədinənin adına keçirməyini istəmişdir. Obyekt yandığı üçün onlar Felikslə oraya nə qədər xərc çəkib təmir etdirmişlər. Əmisinə bunları desə də Mədinənin adına keçirməyini istəmişdir. Onları bütün qohumlara oğru kimi təqdim etmişdi. Guya seyfdən pul oğurlamışlar. Əgər əmisi gedəndə seyfdə pulu var idisə o niyə 40000 dollar pul vermişdi? Bütün təzyiqlər, guya onların oğru olmağı barədə sözlərdən sonra o notariata getməkdən imtina etmişdir. Feliks işinə görə gedək desə də getmək istəmirdi. O 60 yaşından sonra nə işlə məşğul olacaqdı? Pulunu verib aldığı yer idi. Feliks çox pis idi, təzyiqi 200-ə qalxmışdı. Axırı məcbur qalıb getmişdir. Notarius Mədinədən alğı-satqı neçəyə olacaq soruşduqda 5 manat dedi. Onlara heç o 5 manat da ödənilmədi, qol çəkib çıxmışlar. Əmisi öldükdən sonra ona burada verilən dərmanların şəkillərini oradakı həkimlərə göndərdikdə bu dərmanları qəbul etməməli olduğunu bildirdilər. Beləliklə immunitetini sıfıra salaraq öldürdülər. Onlara ona yaxın getməyə qoyulmurdu. Onlarla olsa idi, o hələ də yaşayardı. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili X13 iddia ərizəsində göstərilənləri və kolleqası X2 izahatını müdafiə edərək bildirmişdir ki, hər iki şahidin ifadəsi alğı-satqı müqaviləsinin razılıq əsasında bağlanmadığını təsdiqləyir. 5 manata bağlanmış müqaviləni alğı-satqı müqaviləsi hesab etmək olmaz. Tərəflər arasında bağlanmış müqavilə xoş niyyətlə bağlanmamışdır. Nadir Ağayev cinayət təqibi ilə bağlı ölkə ərazisindən gedib. Özbəkistanda birgə yaşadığı xanım hazırki məhkəmə iclasına pandemiya səbəbindən gələ bilməsə də Cavabdeh atasına necə təsir etdiyini, tələblər irəli sürdüyünü öz danışıqlarında bildirmişdir. İddiaçı1 atasının üzünə ağ olmamaq, ölümünə səbəb olmamaq üçün, İddiaçı2 isə Feliksə görə müqaviləni imzalamışdır. Mədinə və onun yoldaşı Rövşən Baş Prokurorluğa ünvanlanan ərizələrin şəklini göndərməklə onu təhdid etmişlər. "xxxx" MMCnin nizamnamə kapitalı 5000 manat olduğu halda notarius cavabdehə 5 manata satmışdır. Bütün bu sübutlar müqavilənin razılıq əsasında bağlanmadığını göstərdiyindən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X11 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçıların hədə-qorxu ilə bağlı polisə etdiyi müraciət əsasında ilk öncə cinayət işinin başlanması rədd olunmuşdur, sonradan tərəflərin verdiyi şikayət əsasında qərar ləğv olunaraq baxılması üçün polis idarəsinə göndərilmişdir. Predusial xarakter daşıyan qərar var ki, ümumiyyətlə hədə-qorxudan söhbət gedə bilməz. İddiaçılar notariusda ərizə yazaraq "xxxx" MMC-ni Mədinəyə satmaqlarını, tələblərinin olmayacağını göstərmişlər. Bu onların iradə ifadələrini bildirir. Beləliklə bağlanan alğı-satqı müqaviləsi tam qanunidir. Məhkəmə iclasında dindirilən şahidlər iddiaçılara təzyiq göstərilməsinə şahid olmaları barədə ifadə vermədilər. Əgər İddiaçı2 təzyiq altında müqaviləni imzalayıbsa bəs İddiaçı2 yoldaşı nə səbəbə müqaviləni imzalamışdır? Ekspert rəyində obyektin sahəsi 1787.3 kv.m yazılsa da sadəcə 150 kv.m-dir. Nizamnamə kapitalının 5000 manat olmasına gəldikdə isə köhnə Azərbaycan manatı ilə 5 manat edir. Bu səbəbdən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 izahat verərək bildirmişdir ki, Nadir Ağayevi 1971-ci ildən tanıyır, onun ilk müdiri olmuşdur. Beləliklə, Feliksi balacalıqdan tanıyır. Ata-oğul arasında heç vaxt mübahiusələri olmamışdır. X19 cinayət təqibi ilə bağlı ölkədən getmişdir. 20 il sonra bir gün ona zəng edərək görmək istədiyini bildirmiş, o isə xəstə olduğunu, sağaldıqdan sonra görüşək demişdir. İki gün sonra isə yenidən zəng edərək hökman gəlməli olduğunu, onu çoxdandı görmədiyini bildirərək, qızının Mərdəkandakı bağ evinə çağırmışdır. Nadir Ağayevin dəvəti üzərinə Mərdəkana getmiş və onunla görüşmüşdür. Görüş zamanı Mədinə və onun yoldaşı Nadir Ağayevi bir dəqiqə belə tək qoymamışlar. Söhbətin gedişində seyfdən pul oğurlandığını, hətta Feliksin açar üçün onu göndərdiyini demişlər. O heç vaxt belə bir mübahisənin olacağını düşünməmiş, Nadir Ağayevdən belə bir şey gözləməmişdir. 20 il bundan əvvəlin seyfindən 20 il sonra hansısa pulu axtarırlar. O Feliksdən az qala 20 yaş böyükdür. Açar üçün göndəriləcək uşaq deyildi. Nadir İddiaçı1i də, onu da tutduracağını demişdir. O Nadir Ağayevdən belə sözlər eşidəcəyini təsəvvür belə etməmiş, onun necə dəyişdiyini, necə öyrədildiyini anlamamışdır. O Nadirdən inciyərək çıxıb getmişdir. Bir həftə sonra yenidən ona zəng edib bağ evinə çağırmışdır. Bu zaman isə Feliks orada olmamışdır. Ona bəlkə keçən dəfə Feliksdən çəkindiyini deyərək indi rahat danışa biləcəyini bildirmişlər. Bu zaman da Mədinə və onun yoldaşı Nadiri tək qoymamışlar və bütün dialoqlar pul və obyekt üzərində olmuşdur. O heç bir şey oğurlamadığını, istənilən zaman araşdırma aparıla biləcəyini deyərək getmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahat verərək bildirmişdir ki, o Nadir Ağayevin xalası qızıdır. Münasibətləri hər zaman yaxşı olmuş, lakin, cinayət işi ilə bağlı ölkədən getmişdir. 20 il sonra İddiaçı2 onu Nadir Ağayevi görməyə bağ evinə aparmışdır. Bağa girən zaman Mədinə atasının yatdığını bildirmişdir. Lakin,o, içəri keçərək Nadirin yatmadığını görmüşdür. Nadir onu gördükdə çox sevinmişdir. Feliks ilə atası arasında həmişə isti münasibətlər olmuşdur. Onların arasını Mədinə vurmuş, atasını Feliksə qarşı doldurmuşdur. Sonradan Nadir 2 dəfə onlara qonaq gəlmiş, qızı Kübra onlar üçün yeməklər hazırlamışdır. O zaman ona Felikslə Aydının oğurluq etdiyini demişdir. Mədinə atasına baxmırdı, onu xəstəxanaya yerləşdirmişdi, əməliyyat olunandan sonra da vəfat etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 11.08.2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1oviç "xxxx"MMC-nin nizamnamə kapitalında ona məxsus 50% payını 5 manata Cavabdeh satmışdır və Cavabdeh "xxxx"MMC-nin nizamnamə kapitalında İddiaçı1oviç-ə məxsus 50% payı 5 manata almışdır. İddiaçı2 "xxxx"MMC-nin nizamnamə kapitalında ona məxsus 50% payını 5 manata Cavabdeh satmışdır və Cavabdeh "xxxx"MMC-nin nizamnamə kapitalında İddiaçı2 məxsus 50% payı 5 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlak İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin 14.12.2006 tarixli, 000132 nömrəli şəhadətnaməsindən görünür ki, "xxxx"MMC həqiqətən də ünvan 5 ünvanında yerləşən 150.4 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. İş materiallarında olan 11.08.2020-ci il tarixli, **********492 saylı ərizəsindən görünür ki, İddiaçı1oviç və İddiaçı2 3M/350 reyestr nömrəli pay alğı-satqı müqaviləsi ilə "xxxx"MMC-yə məxsus nizamnamə kapitalını daşınar və daşınmaz əmlakı ilə birlikdə Cavabdeh satmışlar. Gələcəkdə "xxxx"MMC-nin nizamnamə kapitalına, daşınar və daşınmaz əmlakına qarşı heç bir iddia və tələbləri olmayacaq. Hər hansı bir iddia ortaya çıxarsa məsuliyyəti öz üzərilərinə götürürlər. İddiaçı1oviç ilə "xxxx"- L MMC arasında bağlanmış “Əmlakın qiymətləndirilməsi ilə bağlı işlərin yerinə yeririlməsi barədə” 29.07.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında 1787.3 kv.m torpaq sahəsində yerləşən 150.4 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 708.000,00 (yeddi yüz səkkiz min manat) AZN manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İddiaçılar əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edirlər. Onlar, bildirirlər ki, mübahisələndirilən müqavilə onların iradə ifadəsinə uyğun bağlanılmamışdır. Bu əsaslarla əqdin mübahisələndirilməsi Mülki Məcəllənin 337.1-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 337.1-ci maddəsinin mənasına görə yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, əqdin tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı alğı-satqı müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmunu pozulmuşdur. Alğı-satqı müqaviləsi bağlanarkən hüquqi niyyətinin olmaması halı da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan yazışmalardan görünür ki, iddiaçının atası və ögey bacısı onu ittiham edəcəyini bildirmişlər və bu səbəbdən o, nüfuzuna ləkə düşməsin deyə əqdi bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin 6.13-cü bəndindən görünür ki, cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı paylarının özgəninkiləşdirilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyi əsasında həyata keçirilir. Payın özgəninkiləşdirilməsi zamanı cəmiyyətin iştirakçılarının həmin payı almaqda üstünlük hüququna malikdirlər. İş materiallarından isə alğı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllənin 93.3-cü maddəsinə əməl edilməsi öz təsdiqini tapmamışdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11.07.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Göründüyü kimi, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi onun bağlanmasının zəruri şərtidir. Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM; maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM; maddə 76.2.). İş materiallarında isə "xxxx" MMC-nin payların dəyərinin cavabdeh tərəfindən ödənilməsi öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iddiaçıların iradəsinə və mənafeyinə xidmət etməmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Həmçinin məhkəmə o halıda qeyd edir ki, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş alğı-satqı predmetinin qiymətindəndə görünür ki, müqavilə formal olaraq bağlanılmış, o cümlədən razılaşdırılmış məbləğ ödənilməmişdir. Həmçinin müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Göründüyü kimi sözügedən alğı-satqı müqaviləsinin bağlanması zamanı alğı-satqı predmetinin nizamnamə kapitalındakı payların sahibləri İddiaçı1 və İddiaçı2 iradə ifadələri olmamışdır. Göstərilən hallar müqavilənin etibarsız olmasına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 tələbini əsaslı hesab edərək, onların iddiasının təmin olunması qənətinə gəlir və hesab edir ki, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında imzalanan 11 avqust 2020-ci il tarixli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında Bakı şəhəri 54 saylı notariat kontorunda imzalanan 11 avqust 2020-ci il tarixli 3M/350 reyestr nömrəli "xxxx" MMC-nin pay alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavadeh Cavabdeh tutularaq İddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar