Məhkəmə qərarları › İş №2(009)-111/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-111/2021

03.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-111/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə, İddiaçı SOCAR-ın «Nef Kəmərləri» İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin sökülərək ərazidən çıxarılması” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsi cavabdeh Şərifov Dursunxan Seyfulla oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0.6-cı km-də, kəmərdən 47 metr aralı məsafədə, kəmərinin mühafizə zonasında, ünvan 1ndə yaşayan Şərifov Dursunxan Seyfulla oğlu tərəfindən həmin ünvanda yeləşən həyətyanı sahədə əvvəldən mövcud olmuş yaşayış evinin yan hissəsində yeni tikinti işinin (mətbəx) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0.6 km-də, kəmərdən 47 metr aralı məsəfədə, kəmərin mühafizə zonasında, ünvan 1ndə yaşayan X5 tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması xx.xx.2020-ci il tarixində əməkdaşları tərəfindən aşkar edilmişdir. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə ədliyyə nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən “Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri aparılması qadağandır. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də, AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarında İxrac neft boru kəmərinin zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirərə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. xx xxxx 2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0.6-cı km-də, kəmərdən 47 metr aralı məsafədə, kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Şərifov Dursunxan Seyfulla oğlu tərəfindən inşa edilmiş bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddia ərizəsində və iddia ərizəsinə əlavə edilmiş digər sənədlərdə səhvliklə qeyd edilmiş iddiaçının soyadının «Şərifov» ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın rəisi B.B.İsmayılbəylinin təqdim etdiyi Bildiriş №2 əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Qaradağ İstehsalat Bölümünün istismarında olan Bibiheybət-Yasamal Dş300 neft kəmərinin 0,6-cı km-də kəmərdən 47 metr aralı məsafədə Səbail r-n Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanda məskunlaşmış X4 aid olan yaşayış evinə bitişik hasar tikintisi işləri aparılmışdır. İşlərin dayandırılması və sökülməsi barədə Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın atıcıları tərəfindən yazılı xəbərdarlıq olundu. Xəbərdarlıqlara baxmayaraq vətəndaş tərəfindən heç bir tədbir görülməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 08 saylı bildirişdən görünür ki, Şərifov Dursunxan Seyfulla oğlu SOCAR-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın rəisi B.B.İsmayılbəyli tərəfindən yeni tikilmiş hasarın sökülməsi tələb edilmiş, lakin vətəndaş tikilinin çoxdan olduğunu və sökməkdən imtina etdiyi üçün ona yazılı xəbərdarlıq verilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli aktdan görünür ki, Şərifov Dursunxan Seyfulla oğluna ərazinin neft kəmərinin mühafizə zonasına daxil olduğu və apardığı işin qanuna zidd olduğu bildirilmiş, buna baxmayaraq inşa etdiyi hasar tikilisini sökməyəcəyini dediyi üçün ona yazılı xəbərdarlıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, 20 0920 30 5218 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikili (daş hasar) elektron kadastr bazası məlumatlarına əsasən Babaheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasında inşa olunmuşdur. İş materiallarında olan məhkəmə tikinti texniki ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 10/2735 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə və «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik» Qaydalarının tələblərinə əsasən, ünvan 1ndə Şərifov Dursunxan Seyfulla oğlu tərəfindən həmin ünvanda yerləşən həyətyanı sahədə əvvəldən mövcud olmuş yaşayış evinin yan hissəsində aparılan yeni tikintilər SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş300 mm-lik mağistral neft kəmərinin mühafizə zolağında inşa olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş300 mm-lik mağistral neft kəmərinin mühafizə zolağında ünvan 1ndə cavabdeh tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Bu səbəbdən iddiaçı həmin tikintinin sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Şərifov Dursunxan Seyfulla oğlunun Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyeva küçəsində həyətyanı sahədə inşa etdiyi özbaşına tikililər SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş300 mm-lik mağistral neft kəmərinin mühafizə zolağında yerləşir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, iddiaçı torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırki tələblə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, ekspert rəylərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən inşs edilmiş tikililər SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin qanuni sahibliyindən olan torpaq sahəsində neft kəmərinin mühafizə zolağında, inşa olunduğundan və həmin tikililər qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edilərək statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1ndə Cavabdeh tərəfindən SOCAR-ın X7 istifadəsində olan magistral neft kəmərinin mühafizə zolağında inşa edilmiş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60,60 (altmış manat altmış qəpik) manat Cavabdeh tutularaq AR ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr xidmətinin hesabına (VÖEN:**********, M/h AZ37NABZ********************, Benefisların bankı:Kapital Bank ASC-nin «Xətai» filialı, B/h: AZ23AİİB **********3701778, SWİFT kod:AİİBAZ2X, VÖEN **********) keçirilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh oğlundan tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar