Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1111/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «X3 Limited» Şirkətinin Azərbaycan Nümayəndəliyinə qarşı «pul» tələbinə dair mülki işə 24 avqust 2022-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X3 Limited» Şirkətinin Azərbaycan Nümayəndəliyinə qarşı «pul» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin noyabr ayı üçün ödənilməyən əmək haqqı kimi 297 manat, 2020-ci il ərzində aylıq iş vaxtı normalarından əlavə vaxt işlədiyinə görə 1,781 manat, 2021-ci il ərzində aylıq iş vaxtı normalarından əlavə vaxt işlədiyinə görə 2,690 manat, işdənçıxma müavinəti kimi 3,468 manat, 2021-ci il üçün istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq 360 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 02 mart 2020-ci il tarixdə cavabdeh şirkətin Filialında dənizdə boru quraşdırıcısı vəzifəsinə işə qəbul edilmişdir. O, 25 oktyabr 2021-ci il tarixdə əmək şərtlərinin dəyişdirilməsi haqqında xəbərdar edilmişdir. 18 noyabr 2021-ci il tarixdə əmək şərtlərinin dəyişdirilməsi ilə razı olmamağı ilə bağlı cavabdeh Filialı məlumatlandırmışdır. 07 yanvar 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya yekun haqq-hesab qaytarılmayıb. Belə ki, iddiaçı 19 oktyabr 2021-ci il tarixdən etibarən işləmir. Şirkət həmin boşdayanmaya görə ona əmək haqqının 2/3 hissəsi miqdarında noyabr ayında 623 manat, dekabr ayında isə 675 manat əmək haqqı ödəmişdir. Şirkət iddiaçıya sənədlərini təhvil verdiyi zaman 1322 manat yekun haqq-hesab ödəmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya işdən çıxma müavinəti kimi 5142,04 manat, 2021-ci ilin noyabr ayı üçün ödənilməyən əmək haqqı 485,74 manat, 2020-ci il ərzində aylıq iş vaxtı normalarından əlavə vaxt işlədiyinə görə 2146,55 manat, 2021-ci il ərzində aylıq iş vaxtı normalarından əlavə vaxt işlədiyinə görə 1904,09 manat, 2021-ci il üçün istifadə edilməmiş məzuniyyətin əvəzi olaraq 360 manat pul vəsaiti ödənilməlidir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndi ilə xitam verilərək son haqqhesab və təminatlar ödənilmişdir. Cavabdeh şirkətdə 2021-ci ilin noyabr və dekabr aylarında iddiaçının əmək funksiyaları ilə bağlı iş həcmi olmadığı üçün Filialın müvafiq əmrləri ilə Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən boşdayanma elan edilərək işçilərə tarif maaşlarının üçdə iki hissəsində əmək haqqı ödəniləcəyi bildirilmişdir. Bu səbəbdən iddiaçıya 2021-ci ilin noyabr və dekabr aylarında aylıq vəzifə maaşının üçdə iki hissəsində 739,20 manat və 803,88 manat boşdayanmaya görə əmək haqqı ödənilmişdir. İş həcminin yaranması ilə əlaqədar iddiaçı 2022-ci ilin yanvar ayında işəgötürən tərəfindən işə dəvət olunmuş, lakin iddiaçı xaricdə olduğunu bildirərək işə çıxmamışdır. Filialda 2022-ci ilin yanvar ayında boşdayanma elan edilmədiyi və iddiaçı yanvar ayında işə çıxmadığı üçün yanvar ayında əmək müqaviləsinə xitam verilən tarixədək iddiaçıya əmək haqqı hesablanmamışdır. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndi ilə xitam verildiyi üçün iddiaçıya orta aylıq əmək haqqının iki misli miqdarında müavinət hesablanmışdır və bu məbləğ 1322,64 manat təşkil etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilən tarixə istifadə edilməmiş məzuniyyət günləri 13 təqvim günü təşkil etmiş və son haqq-hesab ödənilərkən bu günlərə görə kompensasiya 938,13 manat məbləğində ödənilmişdir. 2020-2021-ci illərdə illik iş vaxtı norması müvafiq olaraq 1922 saat və 1920 saat təşkil etmiş və iddiaçı həmin illərdə faktiki olaraq 1224 saat və 1452 saat işləmişdir. Məhkəmə iclasında iştirak etmiş iddianı iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinə uyğun məzmunda izahat verərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış 02 mart 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı «X3 Limited» Şirkətinin Azərbaycan Respublikasının Filialında dənizdə boru quraşdırıcısı vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən şirkət işçiyə 6,93 manat/saat Azərbaycan manatı məbləğində ümumi əmək haqqı ödəyir.. Müqavilənin 5.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilmişdir. Belə ki, tərəflərin izahatları və iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdeh şirkətdə dənizdə boru quraşdırıcısı vəzifəsin işləmişdir. İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə işdən azad olunmuşdur. Məhkəmə qeyd edir ki, göstərilən faktları tərəflər mübahisələndirmirlər. İddiaçının mübahisələndirdiyi hallar isə ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqları və məzuniyyət haqları ilə bağlıdır. AR Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, lıabelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 159-cu maddəsinin 1-ci bəndinə görə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. İstinad olunan Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 9/4418 nömrəli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə əsasən İddiaçı X3 Limited» Şirkətinin Azərbaycan Nümayəndəliyi ilə əmək münasibətlərində olduğu dövr ərzində iddiaçıya 2021-ci ilin noyabr ayı üçün ödənilməyən əmək haqqına, 2020-ci və 2021-ci il ərzində aylıq iş vaxtı normalarından əlavə vaxt işlədiyinə, işdənçıxma müavinətinə və 2021-ci il üçün istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan məbləğlər müəyyən edilmir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi və cavabdehin iddiaçıya ödəməli olduğu ödəmələrin cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyini və cavabdehin iddiaçıya həmin ödənişlərlə bağlı borclu olduğunu təsdiq edə biləcək mötəbər sübut iş materiallarında öz əksini tapmadığından və bu hal ekspert rəyi ilə də öz təsdiqini tapmadığından iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi halda, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsait və mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X3 Limited» Şirkətinin Azərbaycan Nümayəndəliyinə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul vəsaiti iddiaçıdan tutulub dövlət büdcəsinə (hesab: VÖEN ********** X2, Kod:210005, VÖEN: ********** müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1111/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1111/2022
24.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver