Məhkəmə qərarları › İş №2(009)-1117/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1117/2020

01.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1117/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 və maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi (Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi – maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki,X8 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. X8 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən qızı, yəni X8 ona məxsus otaqdan bayıra çıxmır, hər hansı bir istəklərinə müsbət cavab vermir, etdiyi hərəkəti sonradan inkar edir, bir sözlə etdiyi hərəkətlərin mənasını dərk etmir və bu kimi hadisələr mütamadi olaraq təxminən 2-3 ildir davam etməkdədir. Lakin qeyd olunanlar öz əskini hər hansı bir tibbi sənəddə tapmamış, ona görə ki, nəinki müalicə almaq, hətta həkimə getmək təkliflərinə belə fikir verməyərək, rədd etmişdir. Buna görə də qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəmə psixiatriya ekspertizanın keçirilməsi zərurəti yaranmışdır. Məhkəmənin əvvəlki iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili X7 ərizənin məzmununa uyğun izahat vermiş, ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iş üzrə yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx xxxx 1982-ci il tarixli 2314 nömrəli akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında - Ərizəçi, ana qrafasında X3 qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, X4 qardaşıdır. Bacısı Leyla bəzi hallarda gündəlik ehtiyaclarını, məsələn yemək və s. dərk etmir. Atası ona yeməyini hazırlayıb aparırsa o halda yeyir. Özünə yemək bişirə bilmir, otağını yığışdırmır. Artıq bir neçə ildir ki, bacısı Leylanın vəziyyəti belədir, hal-hazırda heç kəslə ünsiyyət qurmur. Heç nə ilə maraqlanmır. Gününü öz otağında keçirir. Çox az hallarda otağından çıxır. Elə bil öz dünyası var. Rəfiqələri onunla ünsiyyət qurmaq istəyir, o, isə onlarla danışmaq istəmir. Məsələn, hazırda yay fəsli olduğunu dərk etmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 1709 saylı rəyində belə qərara gəlinmişdir ki, X8 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 onda müəyyən edilən Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi qızı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacının olduğunu nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyin verdiyi imkandan (MPM-nin 319-cu maddəsindən) yararlanaraq X4 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 1709 saylı rəyində X4 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı üçün üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olduğu göstərilmişdir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X8 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi, eləcə də şahid ifadəsi ilə xx.xx.1982-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar