Məhkəmə qərarları › İş №2(009)-1135/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1135/2021

11.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1135/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı X1 - Cavabdeh1 (üçüncü şəxs Bakı şəhəri 6 saylı Notariat Kontoru, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən) qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 - Cavabdeh1 (üçüncü şəxs Bakı şəhəri 6 saylı Notariat Kontoru, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən) qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 7 saylı mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2015-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilin mülkiyyətçisidir. Onunla, bacısı X6 arasında 07 iyun 2015-ci il tarixində 6 saylı Notariat Kontorunda renta müqaviləsi bağlanmış və bu müqavilə həmin Notariat Kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiqlənmişdir. Belə ki, aralarında bağlanmış bu müqaviləyə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 6 saylı evin, 7 saylı mənzilinin müqabilində bacısı X6 ona baxmalı, yəni onunla maraqlanmalı, gündəlik tələbatlarını təmin etməli, qida, geyim, müalicə və s. kimi zəruri xərclərini ödəməli idi. Bundan əlavə, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış 30.05.2018-ci il tarixli, 3997 saylı alqı-satqı müqaviləsinə görə ödəməli olduğu 8550 manat pul vəsaitini də ödəməli idi. Lakin bacısı X6 onunla heç maraqlanmamış, üzərinə götürmüş öhdəliklərin heç birinə əməl etməmişdir. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi ona qarşı məhkəmədə iddia qaldıraraq, tələb irəli sürmüşdür. Bundan sonra o, Bakı şəhəri 6 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək bacısı X6 ilə onun arasında 07 iyun 2015-ci il tarixində bağlanmış renta müqaviləsi ilə üzərinə götürmüş olduğu öhdəliklərin heç birinə əməl etmədiyindən həmin müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin 6 saylı Notariat Kontorunun 07.01.2020-ci il tarixində ərizəyə verdikləri cavabdan ona məlum olmuşdur ki, müqavilə heç də renta müqaviləsi deyil, daşınmaz əmlakın bağışlanma müqaviləsidir, həmçinin onunla bacısı X6 arasında deyil, bacısının həyat yoldaşı Cavabdeh1 arasında bağlanmışdır. O, məhz 6 saylı Notariat Kontorunun bu cavab məktubundan sonra bacısı X6 və onun həyat yoldaşı Cavabdeh1 onun onlara olan inam və etibarından sui-istifadə edərək onu aldatdıqlarını başa düşmüşdür. Lakin qeyd edilən müqaviləni əldə edə bilməmişdir. O, yaşlı və bir çox xəstəliklərdən əziyyət çəkən qoca bir qadındır. Cavabdeh onun xəstə və qoca olmasından istifadə edərək renta müqaviləsi əvəzinə bağışlama müqaviləsinə imza etdirmişlər. Həmin tarixdə bacısının təklifi üzrə onun bütün tələbatlarını ödəməsi müqabilində mənzilin sonradan ona qalması barədə razılığa gəlmişlər. Lakin bacısının yoldaşı Cavabdeh1 ilə ümumiyyətlə hər hansı bir razılaşması olmamışdır. Belə ki, əgər onun mənzili hədiyyə etmək niyyəti olsa bunu bacısına edər, onun həyat yoldaşına deyil. Qeyd olunan bağışlama müqaviləsi real hüquq münasibətlərinə əsaslanmır və onun əmlakı cavabdehə bağışlamaq kimi bir niyyəti olmamışdır. Belə ki, bağışlanma müqaviləsi cavabdehin onun qocalığından və xəstəliyindən istifadə edərək aldatması nəticəsində bağlanmışdır. O, bu günədək həmin mənzildə yaşayır, bütün kommunal xərcləri ödəyir və mənzilini heç kəsə bağışlamaq niyyətində deyil və elə bir niyyətdə olmamışdır. Göründüyü kimi, o, mülkiyyətində olan əmlakı bağışlamaq niyyəti olmadığı üçün əmlakı faktiki olaraq vermədiyi üçün cavabdehdə formal olaraq aldatma nəticəsində bağlanmış bağışlama müqaviləsinə əsasən hədiyyə edilmiş hədiyyəni qəbul etməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən, 7 saylı mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2015-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə baxış iclası zamanı məlum olmuşdur ki, Cavabdeh1 həmin mənzilə dair çıxarış əldə etmişdir. Bu səbəbdən həmin çıxarışın da etibarsız hesab edilməsi barədə iddia tələbi irəli sürülməsi zəruridir. Bildirmək istəyir ki, o, ünvan 1 ünvanında yerləşən, 7 saylı mənzilin mülkiyyətçisidir. Belə ki, onunla bacısı X6 arasında 07 iyun 2015-ci il tarixində 6 saylı Notariat Kontorunda renta müqaviləsi bağlanmış və bu müqavilə həmin Notariat Kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiqlənmişdir. Aralarında olan razılaşmaya əsasən onun mülkiyyətində olan ünvan 1, 7 saylı mənzilin müqabilində bacısı X6 ona baxmalı, yəni, onunla maraqlanmalı, gündəlik tələbatlarını təmin etməli, qida, geyim, müalicə və s. kimi zəruri xərclərini ödəməli idi. Bundan əlavə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış 30.05.2018-ci il tarixli, 3997 saylı alqı-satqı müqaviləsinə görə ödəməli olduğu 8550 manat pul vəsaitini də ödəməli idi. Lakin bacısı X6 onunla əvvəl-əvvəl daim maraqlanmış, onun tələbatlarını qarşılamışdır. Lakin bir müddət sonra bunların hamısı dayanmış, bacısı üzərinə götürmüş öhdəliklərin heç birinə əməl etməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi ona qarşı məhkəmədə iddia qaldıraraq, tələb irəli sürmüşdür. Bundan sonra o, bacısı ilə əlaqə saxlayaraq bu hallar barədə etirazını bildirmiş, o, isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra o, Bakı şəhəri 6 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək bacısı X6 ilə onun arasında 07 iyun 2015-ci il tarixində bağlanmış renta müqaviləsi ilə üzərinə götürmüş olduğu öhdəliklərin heç birinə əməl etmədiyindən həmin müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin 6 saylı Notariat Kontorunun 07.01.2020-ci il tarixində ərizəyə verdikləri cavabdan ona məlum olmuşdur ki, müqavilə heç də renta müqaviləsi deyil, daşınmaz əmlakın bağışlanma müqaviləsidir, həmçinin onunla bacısı X6 arasında deyil, bacısının həyat yoldaşı Cavabdeh1 arasında bağlanmışdır. O, məhz 6 saylı Notariat Kontorunun bu cavab məktubundan sonra bacısı X6 və onun həyat yoldaşı Cavabdeh1 onun onlara olan inam və etibarından sui-istifadə edərək onu aldatdıqlarını başa düşmüşdür. Lakin qeyd edilən müqaviləni əldə edə bilməmişdir. O, yaşlı və bir çox xəstəliklərdən əziyyət çəkən qoca bir qadındır. Cavabdeh onun xəstə və qoca olmasından istifadə edərək renta müqaviləsi əvəzinə bağışlama müqaviləsinə imza etdirmişlər. Həmin tarixdə bacısının təklifi üzrə onun bütün tələbatlarını ödəməsi müqabilində mənzilin sonradan ona qalması barədə razılığa gəlmişlər. Lakin bacısının yoldaşı Cavabdeh1 ilə ümumiyyətlə hər hansı bir razılaşması olmamışdır. Belə ki, əgər onun mənzili hədiyyə etmək niyyəti olsa bunu bacına edər, onun həyat yoldaşına deyil. Qeyd olunan bağışlama müqaviləsi real hüquq münasibətlərinə əsaslanmır və onun əmlakı cavabdehə bağışlamaq kimi bir niyyəti olmamışdır. Belə ki, bağışlanma müqaviləsi cavabdehin onun qocalığından və xəstəliyindən istifadə edərək aldatması nəticəsində bağlanmışdır. O, bu günədək həmin mənzildə yaşayır, bütün kommunal xərcləri ödəyir və mənzilini heç kəsə bağışlamaq niyyətində deyil və elə bir niyyətində olmamışdır. Göründüyü kimi, o, mülkiyyətində olan əmlakı bağışlamaq niyyəti olmadığı üçün əmlakı faktiki olaraq vermədiyi üçün cavabdehdə formal olaraq aldatma nəticəsində bağlanmış bağışlama müqaviləsinə əsasən hədiyyə edilmiş hədiyyəni qəbul etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(009)- 544/2020 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri 6 saylı notariat ofisində X5 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən, 7 saylı mənzilə dair arasında bağlanmış 07 iyun 2015-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına 12.06.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Mülki iş üzrə Cavabdeh1 məhkəmənin qeyd edilən qiyabi qətnaməsinin ləğvinə dair şikayət verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(009)-1135/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(009)- 544/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiaya etirazın əsası kimi izahatında göstərmişdir ki, iddiaçı onun həyat yoldaşının bacısı, yəni onun baldızıdır. Mübahisəli mənzilin onun adına keçirilməsi söhbətinin yaranma səbəbi baldızının ona məxsus geniş sahəli və yeni təmirli mənzilini gəlib görməsi olmuşdur. Baldızı onun mənzilinə gəlib onun təmirli mənzilini gördükdən sonra aralarında belə razılıq olmuşdur ki, o baldızının mülkiyyətində olmuş mənzili təmir etsin, baldızı isə həmin mənzili onun adına bağışlasın. Belə də olmuşdur, qohumu sayılan iddiaçının mənzilində 2015-ci ildə 73500 ABŞ dolları məbləğində təmir işləri aparmışdır. Lakin, bu təmiri iddiaçıya renta münasibətləri əsasında deyil, evin öz adına keçirilməsi müqabilində etmiş və bu hal iddiaçıya yaxşı məlum olmuşdur. O, iddiaçıya ömürlük baxmağa dair üzərinə öhdəlik götürməmişdir, iddiaçıya qohumu, yəni baldızı kimi əlindən gələn köməyi etmiş, hətta 2020-ci ilin əvvəlində Covid-19 infeksiyasına tutularkən müalicəsinə də məhz o, köməklik etmişdir. Bir müddət onun ətrafında olan bəzi adamlardan xoşu gəlmədiyi üçün baldızı ilə aralarında olan münasibətlər korlanmışdır. Lakin hazıradək həyat yoldaşı vasitəsilə də olsa, baldızına hər bir köməklik məhz onun tərəfindən olunur. Cavabdeh həmçinin göstərmişdir ki, özünün digər yerlərdə daha geniş sahəli evləri olduğundan ona bağışlanmış, hazırda mülkiyyətində olan mübahisəli mənzildə köçüb yaşamasına zərurət yox idi. O, baldızı olan iddiaçıya bir növ yaxşılıq edərək öz mülkiyyətində olan evdə baldızının yaşamaqda davam etməsinə də etiraz etməmişdir. Bundan əlavə, cavabdeh izahatında qeyd etmişdir ki, o guya bacısı ilə X6 arasında 07 iyun 2015-ci il tarixində 6 saylı Notariat Kontorunda renta müqaviləsi bağlamağı razılaşdırmışdırsa, müqavilə tərəfi kimi də bacısı imza edərdi. Lakin iddiaçı yaxşı bilir ki, Notariat Kontorunda onunla bərabər müqaviləni özü imzalamışdır və imzaladığı müqavilənin də məzmunu ona notarius tərəfindən təkrarlanaraq izah edilmişdir. Yəni, iddiaçı Notariat Kontorunda nəyi və nəyə görə imzaladığını çox yaxşı bildiyi halda, hazırki iddianı əsassız olaraq qaldırmışdır. Mülki iş üzrə üçüncü şəxslər Bakı şəhəri 6 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını, əvvəlki iclasda verilən şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş, həmçinin Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən məhkəməyə təqdim olunmuş notariat işindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 63,2 kv.m olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 6 saylı evin 7 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 19.02.2010-cu il tarixdə X1 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail rayonu 7 saylı MKİS tərəfindən verilmiş 06.06.2015-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 6 saylı evin 7 saylı mənzilində X5 qeydiyyatdadır. - Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş 10 mart 2005-ci il tarixli, AZ-İ seriyalı, 122755 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X5 arasında 10.03.2005-ci il tarixdə nikah bağlanmışdır. - Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.02.3015-ci il tarixli AZ-İ seriyalı, 706052 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 11.01.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.02.2015-ci il tarixli, 47 nömrəli qeyd aparılmışdır. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.02.2009-cu il tarixli, AZ-İ seriyalı, 468962 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X6 arasında 18.02.2009-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Xudatova soyadı verilmişdir. - X5 tərəfindən imzalanaraq Bakı şəhəri 6 saylı Notariat Kontoru ünvanlanmış 07.06.2015-ci il tarixli ərizədən görünür ki, o, özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 6 saylı evin 7 saylı mənzilini bağışlayarkən subaydır. Gələcəkdə bununla bağlı hər hansı mübahisə olarsa mübahisənin həllini və məsuliyyətini öz üzərinə götürmüşdür. - X5 ilə Cavabdeh1 arasında Bakı şəhəri 6 saylı notariat Kontorunda bağlanmış 07 iyun 2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 6 saylı evin 7 saylı mənzili Cavabdeh1 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli «Çıxarış»ın surətindən görünür ki, ümumi sahəsi 63,2 kv.m olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 6 saylı evin 7 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 12.06.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən X3 ünvanlanmış 07.01.2020-ci il tarixli 03 nömrəli məktubdan görünür ki, onunla Cavabdeh1 arasında Bakı şəhəri 6 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsi birtərəfli qaydada ləğv edilə bilməz. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06.03.2020-ci il tarixli, **********49 nömrəli cavab məktubundan görünür ki, 6 saylı DNK-da 07.06.2015-ci il tarixdə bağlanmış 4Ə-276 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X5 ünvan 2, 7 saylı mənzili Cavabdeh1 bağışlamışdır. Hazırda mənzil Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, X4 uzun müddətdir tanıyır, tez-tez ona baş şəkir. K.Bəhramova yoldaşı öldükdən sonra tək qaldığından bacısı X6 ilə razılığa gəlmişdir ki, bacısı onun gündəlik tələbatlarını, qida, geyim, müalicə və s. kimi zəruri xərclərini çəkəcəyi halda, onun ölümündən sonra K.Bəhramovaya məxsus ev bacısına qalsın, lakin bacısı vəd etdiklərinə əməl etməmiş bir müddət bacısına diqqət göstərsə də, sonralar onun tələbatlarını ödəməkdən imtina etmişdir. Hazırda da K.Bəhramova öz pensiyası ilə öz müalicəsini və qalan xərclərini təmin etməyə çalışır. Əlavə olaraq bildirmişdir ki, K.Bəhramova hazırda həmin evdə özü tək yaşayır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilin əvvəlki mülkiyyətçisi olmaqla Cavabdeh1 onun doğma bacısı X2 həyat yoldaşıdır, başqa sözlə iddiaçı cavabdehin baldızıdır. İddiaçının tələblərinin əsası kimi izahatında istinad edilən hallara görə bacısı X6 ilə aralarında olan razılaşmaya əsasən onun mülkiyyətində olan mənzilinin bacısı ilə bağlanacaq renta müqaviləsinin müqabilində sonuncu ona baxmalı, yəni, onunla maraqlanmalı, gündəlik tələbatlarını təmin etməli, qida, geyim, müalicə və s. kimi zəruri xərclərini həmçinin, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış 30.05.2018-ci il tarixli, 3997 saylı alqısatqı müqaviləsinə görə ödəməli olduğu 8550 manat pul vəsaitini də ödəməli idi. Bu niyyətlə də bacısı X6 ilə arasında 07 iyun 2015-ci il tarixində 6 saylı Notariat Kontorunda renta müqaviləsi bağlanmışdır. Lakin keçən müddət ərzində bacısı onunla maraqlanmamış, üzərinə götürmüş öhdəliklərin heç birinə əməl etməmişdir. Hətta buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi ona qarşı məhkəmədə iddia qaldıraraq tələb irəli sürmüşdür. X2 üzərinə renta müqaviləsi əsasında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək aralarında 07 iyun 2015-ci il tarixində bağlanmış renta müqaviləsinin ləğv edilməsini xahiş etmiş, lakin 6 saylı Notariat Kontorunun 07.01.2020-ci il tarixində ərizəyə verdikləri cavabdan ona məlum olmuşdur ki, müqavilə heç də renta müqaviləsi deyil, daşınmaz əmlakın bağışlanma müqaviləsidir, həmçinin müqavilə onunla bacısı X6 arasında deyil, bacısının həyat yoldaşı Cavabdeh1 arasında bağlanmışdır. ünvan 5 ünvanlanmış 07.01.2020-ci il tarixli 03 nömrəli məktubda rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsinin birtərəfli qaydada ləğv edilə bilinməməsi göstərilmişdir. İddiaçının dəlillərinə əsasən əgər iddiaçının mənzili hədiyyə etmək niyyəti olsa idi, bunu bacısının həyat yoldaşına deyil, öz doğma bacına edərdi. Buna görə də, qeyd olunan bağışlama müqaviləsi real hüquq münasibətlərinə əsaslanmır. Beləliklə də, iddiaçı bağışlanma müqaviləsini cavabdehin onun qocalığından və xəstəliyindən istifadə edərək aldatması nəticəsində bağlanmasını, eləcə də mülkiyyətində olan əmlakı bağışlamaq niyyəti olmadığı üçün əmlakı faktiki olaraq vermədiyi üçün iddia edərək sözügedən müqavilənin etibarsız hesab edilməli olmasını, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsini və tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını iddia etmişdir. Məhkəmə iddiaçı tərəfin iddianın əsaslı olmasına dair irəli sürdüyü dəlillər üzrə istinad edilən maddi hüquq normaları baxmından qeyd edir ki, əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, şəxsin hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Başqa sözlə, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisələndirildikdə bağlandığı andan etibarsız sayılırlar. 337.2-ci maddənin tələbinə görə müqaviləni mübahisələndirmək qərarına gəlmiş tərəf bu barədə öz iradəsini digər tərəfə bildirməlidir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisəndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir. Həmçinin, əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 337.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur. Həmin maddədə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Daha sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqdi) zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etbarsız sayılmasını tələb edə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. - 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən isə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır (MM-in 666.2 və 666.3-cü maddələri). Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (MM-in 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (MM-in 668.1.5-ci maddəsi). Məhkəmə iddiaçının dəlillərini əsaslandırması ilə bağlı izahatlarına sadalanan maddi hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, onun ünvan 1 ünvanında yerləşən, 7 saylı mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməli olması barədə izahatı özü-özlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; -qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Lakin hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən, 7 saylı mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələblərinin əsası kimi istinad etdiyi hallardan çox, cavabdehin bu dəlillərin təkzibi kimi istinad etdiyi hallar daha inandırıcı və ağlabatan olmaqla bu izahatlar işin araşdırılmış halları ilə uzlaşmışdır. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh qohumu sayılan iddiaçının evində 73500 ABŞ dolları məbləğində təmir işi aparmış və bu faktı iddiaçı tərəf inkar etməmişdir. Cavabdeh bu təmiri iddiaçıya renta münasibətləri əsasında deyil, evin öz adına keçirilməsi müqabilində etməsinin sonuncuya yaxşı məlum olmasını qeyd etməklə yanaşı göstərmişdir ki, o iddiaçıya ömürlük baxmağa dair üzərinə öhdəlik götürməsə də, ona baldızı kimi əlindən gələn köməyi etmiş, hətta 2020-ci ilin əvvəlində Covid-19 infeksiyasına tutularkən müalicəsinə də məhz o, köməklik etmiş, lakin sonradan onun ətrafında olan bəzi adamlardan xoşu gəlmədiyi üçün aralarında olan münasibətlər bir müddət korlanmışdır. Həmçinin, cavabdeh izahatında ona bağışlanmış evə köçüb yaşamasına ehtiyacı olmamasını qeyd edərək, bunu onunla əsaslandırmışdır ki, özünün digər yerlərdə daha geniş sahəli evləri olduğundan mülkiyyətində olan mübahisəli mənzildə yaşamasına zərurət yox idi. O, baldızı olan iddiaçıya bir növ yaxşılıq edərək öz mülkiyyətində olan evdə baldızının yaşamaqda davam etməsinə də etiraz etməmişdir. Bundan əlavə, cavabdeh izahatında xüsusi olaraq qeyd etmişdir ki, o guya bacısı ilə X6 arasında 07 iyun 2015-ci il tarixində 6 saylı Notariat Kontorunda renta müqaviləsi bağlamağı razılaşdırmışdırsa, müqavilə tərəfi kimi də bacısı imza edərdi. Lakin iddiaçı yaxşı bilir ki, Notariat Kontorunda onunla bərabər müqaviləni özü imzalamışdır və imzaladığı müqavilənin də məzmunu ona notarius tərəfindən təkrarlanaraq izah edilmişdir. Başqa sözlə, iddiaçı Notariat Kontorunda nəyi və nəyə görə imzaladığını çox yaxşı bildiyi halda, hazırki iddianı əsassız olaraq qaldırmışdır. Məhkəmə cavabdeh tərəfin iddiaya etirazının əsası kimi istinad etdiyi hallar üzrə izahatını sübut növü kimi qiymətləndirərək onları daha inandırıcı sayır və eyni zamanda qeyd edir ki, iddiaçı 07 iyun 2015-ci il tarixində 6 saylı Notariat Kontorunda müqaviləni imzalayarkən cavabdehin də şəxsən orada iştirak etməsini və müqaviləni tərəf kimi imzalamasını bilsə də, iddiasında və izahatlarında əsassız olaraq müqaviləni bacısı ilə bağladığını göstərmişdir. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməyə davam edərək daha sonra hesab edir ki, bağışlama müqaviləsinin bağlanmasına baxmayaraq iddiaçının əmlakı faktiki olaraq verməməsi və cavabdehin də hədiyyəni qəbul etməməsi faktının mövcudluğu işin faktiki halları ilə müəyyən edilmiş hallara əsasən bu müqavilənin legitimliyini şübhə altına almaq üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin iddiaçı tərəfin təqdim etdiyi şahid ifadəsinə də qiymət verərək onu sübut növü kimi qiymətləndirmir. Belə ki, müəyyən edilmişdir ki, şahid ifadəsində göstərilənlərin mənbəyi iddiaçının ona bildirdikləri məlumatlardır və sonuncunun bacısı ilə məhz hansı növ və şərtlərlə müqavilə bağlamaları barədə razılaşmalarını göstərə bilməmişdir. Başqa sözlə, şahid ifadəsində göstərilən məlumatlar iddiaçının dəlillərinin əsaslı olmasını təsdiq etmir. Beləliklə də, məhkəmə hesab edir ki, yuxarıda istinad edilən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı ünvan 1 ünvanında yerləşən, 7 saylı mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2015-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı öz hüquqi mövqeyini sübut edə bilməmiş və bununla bağlı hər hansı mötəbər (tutarlı) sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının bacısı X6 ilə arasında 07 iyun 2015-ci il tarixində 6 saylı Notariat Kontorunda renta müqaviləsi bağlanmasının bir əsası kimi də ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış 30.05.2018-ci il tarixli, 3997 saylı alqı-satqı müqaviləsinə görə bacısı X2 8550 manat pul vəsaitini də ödəməli olduğu halda ödəməməsinə, üzərinə götürmüş bu öhdəliyə əməl etməməsinə görə isə Əmlak Məsələləri Dövlət Komitəsi ona qarşı məhkəmədə iddia qaldıraraq, tələb irəli sürməsinə dair dəlili ilə bağlı qeyd edir ki, işin bu halı hazırki iddianın predmetindən kənardır, başqa sözlə mübahisə predmeti olmadığı üçün bu dəlillə bağlı araşdırma aparılmasına lüzum yoxdur. Məhkəmə həmçinin iddiaçının mübahisələndirdiyi müqavilənin 07 iyun 2015-ci il tarixində bağlanması ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. - 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. - 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmaya şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması aiddir. (347.2.1-347.2.3-cü maddələr) B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Beləliklə də, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisənin yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilməsini təsbit etmişdir ki, həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi anın məhz 6 saylı Notariat Kontorunun 07.01.2020-ci il tarixində iddiaçının ərizəsinə verdiyi cavab məktubu olması, cavab məktubundan sonra iddiaçının X6 və onun həyat yoldaşı Cavabdeh1 onun inam və etibarından sui-istifadə edərək onu aldatdıqlarını başa düşməsi, notariat kontorunda bağladığı müqavilənin renta deyil, bağışlama müqaviləsi olmasını və beləliklə də, iradəsinə zidd müqavilənin bağlanması ilə hüququnun pozulmasını bilməsinə dair dəlilləri əsassızdır. Belə ki, məhkəmənin qənaətinə görə ən azından iddiaçı tərəfin inkar etmədiyi, cavabdehin mübahisəli mənzilinin təmirinə 73500 ABŞ dolları vəsait sərf etməsi kimi faktının mövcudluğu, bu halın qarşılığında da həmin evə dair mübahisələndirdiyi müqavilə bağlanarkən iddiaçının hansı məqsədi olmasının bariz sübutudur. Bundan əlavə, məhkəmənin qənaətinə görə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin ona qarşı məhkəmədə iddia qaldırıldığı vaxt özünün güman etdiyi kimi bacısının 30.05.2018-ci il tarixli, 3997 saylı alqı-satqı müqaviləsinə görə ödəməli olduğu 8550 manat pul vəsaiti ilə bağlı üzərinə götürmüş öhdəliklərin heç birinə əməl etmədiyi halda, aralarında belə bir razılaşma olmuşdursa, həmin vaxt bağlanmış müqavilənin etibarsızlığı ilə əlaqədar iddia qaldırmamasının səbəblərini izah edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaması ilə yanaşı hazırki mübahisəyə kəsici müddət tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X1 - Cavabdeh1 (üçüncü şəxs Bakı şəhəri 6 saylı Notariat Kontoru, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən) qarşı “əqdin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar