Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1149/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Nadir oğlunun Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Nadir oğlu Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 18 ünvanında olan, ümumi 0,21079 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə (“Mayak” avtotexniki xidmət müəssisəsini) 2006-cı il tarixdən etibarən **********64-12301 reyestr nömrəli, 000687 seriya nömrəli, 07.11.2006-cı il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin əmlakın əldə olunması və 1999-cu ilə qədər idarə olunmasında onun atası X6 da iştirak etmişdir. Nadir Ağayev barəsində cinayət işi açıldıqdan sonra sonuncu xaricə getmişdir və əmlakı o, idarə etməkdə davam etimşdir. Nadir Ağayev uzun müddətdən sonra 15.07.2020-ci il tarixdə Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra onu yanına çağırmış və ondan tələb etmişdir ki, “Mayak” avtomexniki xidmət müəssisəsini qızı, onun bacısı Cavabdeh adına keçirtsin. X3 tələb etmişdir ki, ona məxsus “İnvest”xxxx” MMC-nin nizamnamə kapitalındakı 50 faiz payını da Cavabdeh adına rəsmiləşdirsin. O, Nadir Ağayevin tələblərini yerinə yetirməkdən imtina edəndə Nadir Ağayev onu sənəd saxtakarlığı və oğurluqla ittiham edərək həbs etdirəcəyi barədə hədə-qorxu gəlmişdir və onu qohumları və yaxınları arasında rüsvay edəcəyi barədə dəfələrlə hədələmişdir. O, atasının istəyi ilə razılaşmadıqda onun üstünə qışqıraraq guya oğru olduğunu, onu ətrafı, qohumları arasında rüsvay edəcəyi prokurorluğa şikayət edəcəyini və onu həbs etdirəcəyini bildirmişdir. O, mülkiyyətində olan müəssisəni satmaqdan hər dəfə imtina etdikdə, Nadir Ağayev və Cavabdeh hədə-qorxu gələrək, “Mayak” avtotexniki xidmət müəssisəsini də Cavabdeh faktiki bağışlamağı tələb etmişlər. Nadir Ağayev və Cavabdeh o, və Aydın Ağayevin guya oğurluq etdiyini, əmlakı talan etməkləri barədə yaxın qohumlarına rüsvayedici məlumatlar yaymağa başlamışlar. Qohumlar arasında bu xəbərlər sürətlə yayılmışdır. Bütün bu işlərin arxasında X4 Hüseynova dayanmışdır. Cavabdeh 80 yaşlı qoca atasının başını mənfi fikirlərlə doldurub və obyektləri onun adına keçirmək üçün atasını təhrik etmişdir. O, təkcə qohumları arasında yox, cəmiyyətdə də hörmət sahibi olan iş adamıdır. Nadir Ağayev tərəfindən onun haqqında hər hansı rüsvayedici məlumatların yayılması, hətta tamamilə yalan olsa belə, onun nüfuzuna birdəfəlik xələl gətirəcəkdi. Hədə-qorxularda onun ögey bacısı Cavabdeh da iştirak etmişdir. Bu barədə sübutlar məhkəmə iclasında təqdim ediləcəkdir. Qohumları, iş adamları və ətrafı arasında rüsvay olmaqdan, o cümlədən atasına qarşı naxələf çıxması barədə şayələrin yayılmasında qorxaraq 25.08.2020-ci il tarixdə bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında olan, ümumi 0,21079 ha torpaq sahəsində yerləşən əmlak kompleksini Cavabdeh bağışlamışdır. 25.08.2020-ci il tarixli bağışlama müqaviləsi ona hədə-qorxu gəlməklə bağlanmışdır. Onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında olan 21079 kv.m. torpaq sahəsində yerləşən əmlak kompleksinin dəyəri ən azı 2.500.000 manat təşkil edir. O, ona hədə-qorxuya məruz qalmasaydı, 2.500.000 manat dəyəri olan əmlakını ögey bacısı Cavabdeh bağışlamazdı. Hədə-qorxular nəticəsində o, və Aydın Ağayev mülkiyyətində ən azı 800.000 manat dəyərində əmlak olan “İnvestxxxx” MMC-nin paylarını hərəsi 5 manata satmağa məcbur edilmişlər. Nadir Ağayev xaricə gedəndən sonra X9 adlı şəxs onunla əlaqə saxlayaraq atasının ona borclu olduğunu söyləmişdir. Həmin vaxt İddiaçı atası ilə əlaqə yaratdıqda, Layiq Mehtiyevə borcu olduğunu təsdiq etmiş və bildirmişdir ki, “Mayak” avtotexniki xidmət müəssisəsinə görə ona borclu qalmışdır. O, atasının borcunu ödəməyə pulu olmadığına görə Layiqlə razılaşmış və o, 17.12.2019-cu il tarixdə mülkiyyətində olan “Mayak” avtotexniki xidmət müəssisəsinə aid çıxarışın arxa hissəsinə bu obyektin 25%-nin layiq Mehtiyevə aid olması barədə yazı yazaraq imzalamışdır. O, 25.08.2020-ci il tarixli bağışlama müqaviləsi bağlanmazdan öncə atasının borclarını əvəzi olaraq “Mayak” avtotexniki xidmət müəssisəsinin 25%-nin Layiq Mehtiyevə verdiyini atasına bildirmiş və atası onu əmin etmişdir ki, Layiq Mehtiyevə olan borc onun şəxsi borcudur və bu məsələsini özü həll edəcəkdir. Lakin 2020-ci ilin sentyabr ayında Layiq Mehtiyev tərəfindən Nadir Ağayevə dəfələrlə zəng edilsə də, Nadir Ağayev telefonu götürməyib, buna görə də 09.09.2020-ci il tarixdə X15 Ağayevi məhkəməyə verərək “Mayak” avtotexniki xidmət müəssisəsindəki 25% payını tələb etmişdir. X7 09.09.2020-ci il tarixdə gözlənilmədən vəfat etmişdir. Onun 80-dən artıq yaşı olsa da, sağlamlıq vəziyyəti normal idi. Nadir Ağayevin qəflətən vəfat etməsi qohumlarını da təəcübləndirmişdir. Nadir Ağayev Bakıya qayığdıqdan sonra Cavabdeh Mərdəkanda yerləşən bağ evində yaşamışdır. Onun qohumları təsdiq edə bilərlər ki, Nadir Ağayev vəfat etməzdən öncə əmlaklarını Cavabdeh adına rəsmiləşdirməklə tələsdiyini, səhvə yol verdiyini söyləmişdir. X20 vəfat etdikdən sonra da, Cavabdeh təhdidlərə ara verməmişdir. Belə ki, onun əmisi oğlu Aydın Ağayevin məlumatına əsasən Mədinənin qaynatası keçmiş müstəntiq Zəlimxan Hüseynov, Mədinə və əri Rövşən Hüseynov onu Mərdəkana çağıraraq tələb etmişlər ki, Aydın İddiaçılə olan bütün əlaqələrini kəssin. Əks halda Nadir Ağayevin sağlığında hazırlanmış (ögey bacısı Mədinənin aktiv iştirakı ilə) məktubları hüquq-mühafizə orqanlarına göndərib, onu və iddiaçını rüsvay edəcəkləri və tutduracaqları ilə hədələmişlər. 2021-ci ilin yanvar ayında Cavabdeh həyat yoldaşı X17 Ağayevlə “Whatsapp” sosial şəbəkə vasitəsilə əlaqə yaradaraq yazmışdır ki, İddiaçı Cavabdeh ilə bağlı məhkəməyə müraciət etmiş, o, İddiaçı bu işdə hər hansı kömək edəcəyi təqdirdə onu şərləyərək polisə şikayət edəcəklər. O, Rövşən Hüseynovun atasının keçmişdə müstəntiq işləməsindən və hüquq mühafizə orqanlarının əməkdaşları ilə yaxşı əlaqələrinin olmasından xəbərdardır. Cavabdeh “Mayak” avtotexniki xidmət müəssisəsi ilə hər hansı bir bağlılığı olmamış və bu müəssisəsinin inkişafında hər hansı zəhmət çəkməmişdir.Hədəqorxular nəticəsində bağlanılmış bir bağışlama müqaviləsi səbəbindən “Mayak” avtotexniki xidmət müəssisəsi onun mülkiyyətində qalmışdır. Hesab edir ki, onun tərəfindən 25.08.2020-ci il tarixli “Mayak” avtotexniki xidmət müəssisəsinin Cavabdeh bağışlanmasına dair müqavilənin ləğv olunması üçün tam əsasdır. Cavabdeh və həyat yoldaşı Rövşən Hüseynov barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi açılması barədə Nəsimi rayon Polis İdarəsinə müraciət etmişlər. Hazırda faktla əlaqədar Nəsimi RPİ-nin 20-ci Polis Böliməsində araşdırma təhqiqat həyat keçirilir. Göstərilənləri nəzərə alaraq İddiaçı Nadir oğlu ilə Cavabdeh arasında imzalanan 25.08.2020-ci il tarixli bağışlanma müqaviləsi hədə-qorxu nəticəsində bağlanması nəzərə alınaraq etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının həmçinin izahatında göstərmişdir ki, o ali təhsillidir. Atası ilə münasibəti həmişə yaxşı olmuşdur, cavabdeh olan bacısı isə həmişə atasını ona qarşı yönəldərək onun haqqında pis fikirlər bildirmişdir. Hətta atası Bakıya gələrkən atasının gəlməyini ona bildirməməyi demişdir. Onun alkoqol içkisindən əziyyət çəkməsini atasına demiş, əslində o nüfuzlu şirkətdə işləyir, içki aludəçisi deyil. Mübahisəli əmlak atasına məxsus olmuş, özəlləşdirmə yolu ilə onun mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, məhkəməyə təqdim edilən yazılı sübutlar və məhkəmə iclasında dindirilən şahid ifadələri ilə tam təsdiq olunur ki, bağışlama müqaviləsi hədə-qorxu və şantaj yolu ilə bağlanılmış, bu səbəbdən müqavilə bağlandığı vaxtdan etibarsızdır. Gələcəkdə əmlak cavabdehin adına keçdiyi vaxtdan icarə haqqı alındığı üçün həmin haqların da geri tələb edilməsi barədə iddia qaldırılacaqdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, bağışlama müqaviləsi bağlanarkən heç bir hədəqorxu olmamışdır. Nadir Ağayev həqiqətən layiqli vətən övladı olmuş, o Azərbaycan xalqı üçün çox fədəkarlıqlar etmiş. X2 təşəbbüsü ilə barəsində olan cinayət işinə xitam verilmə və ölkəyə qayıdılmasına yazılı razılıq aldıqdan sonra Bakıya gəlmişdir. Gəldiyi vaxtdan qızıgildə yaşamış, ağır xəstəlik olan xənçəng xəstəliyinə tutulmuşdur. Qızı Mədinə onu müalicə etmişdir, sonra isə xəstəlikdən rəhmətə getmişdir. Rəhmətə getdikdən sonra o və Mədinənin yoldaşı Rövşən meyidi morqdan götürüb Feliksin evinə aparmış və yas mərasimi verilmişdir. Bağışlama müqaviləsi tam qanuni əsaslarla həyata keçirilmişdir. Notariat kontoruna Feliks özü müraciət etmiş, yaxınlaşıb ərizə yazmış, notarius hər əməliyyatı aydınlaşdırıb və müqaviləni təsdiq edib. Məhkəmə iclasında dindirilən şahidlərin heç biri bilavasitə işin faktiki hallarını bilən şəxslər deyil. Onların hamısı Feliksdən eşitdiklərini məhkəmə iclasında bildirmişlər. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, Feliksin əmisi oğludur. 2019-cu ilin yanvar ayında ona və Feliksə əmisi Nadir Ağayev tərəfindən təzyiqlər olub. O Feliksdən öyrənmək istəmişdir ki, nə olub, Feliks bildirdi ki, bilmir ,məlumatı yoxdur. Sonradan əmisi bildirdi ki, onlar əmlakını oğurlayıblar, seyfdə 25-50 min dollar olub, onlar götürüblər. O əmisinə bildirdi ki, onlar olmasaydılar bütün əmlaklarını hökümət əlindən alardı. 2019-cu ildə əmisi onları təhqir etmiş, bilmirəm məqsəd nə idi, onlarla dava edirdi. Sonra zəng etmişdir ki, obyekti satmaq lazımdı. Əmisi 2000-ci ildə Bakıdan çıxıb getmişdir və qayıda bilməmişdir. 15.07.2020-ci ildə əmisi Bakıya gəlmişdir. Feliks bildirdi ki, atası gəlib və deyir ki, əmlakını onlar oğurlayıblar, keçirin Mədinənin adınaö O özü onunla görüşmüş və bildirmişdir ki, nəyi oğurlamışlar ki, əksinə o ona 40 min dollar pul vermişdir. Nadir dedi yox, şikayət etmişdir, onlara cinayət işi açılacaq. O imtina etmiş, 10 gün işə getməmiş, o işlədiyi obyektə pul qoymuşdur. Nadir Feliksi də təhqir etmiş, ağır sözlər demiş, qorxdu ki, intihar edər. Feliks dedi atası onu biabır edib, guya 2000-ci ildən qabaq olan pulu oğurlamışdır. Sonradan Feliksə dedilər müqaviləyə qol çək, qol çəkilənə qədər hər şey yaxşı idi. Sentyabr ayında əmisi Mədinəyə demişdir ki, əmlakı qaytar ona, Mədinə əmisinə isə demişdir ki, əmlakı sataq və gedək İstanbula. Onlar arasında narazılıq olmuş, əmisi ona demişdir ki, obyektləri Mədinənin adına keçirtməkdə səhv etmişdir. Əmisi rəhmətə gedəndən sonra o demişdir ki, nə olacaq, ona dediklər ki, pulu qayıdacaq. Onu bağa çağırmışlar. O, Rövşən və Mədinə bağa gəlmişlər. Rövşənin atası Zəlimxan da orda idi, Feliks məhkəməyə müraciət edəcək, o onlarladı ya yox. O demişdir ki, xəbəri yoxdur, Zəlimxan onu təhqir etmiş və demişdir ki, oğrudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, 1971-ci ildə institute bitirəndə Nadir Ağayev onun müdiri olub. O vaxtan Feliksi tanıyır. Axır vaxtlar Nadir Bakıya gəlmiş, zəng edib onunla görüşmüşdür. Feliks də orda idi. Aydın orda yox idi. Söhbət zamanı başa düşmüşdür ki, Nadir tərəfindən onlara nəsə təsir var. Nadirin obyektlərini müzakirə edirdilər. Feliks və Aydın Nadirin obyektlərə nəzarət edirdilər ki, nəsə itməsin. Nadirin evində müzakirə obyektlərlə bağlı idi, onlar bağa gedəndə Nadir demişdir ki, əmlakımı dağıdıblar. Onlara demişdir ki, seyfin açarını alıb oğurluq etmisiz. Nadir burda olmadığı vaxt Feliksdən başqa ona heç kim baxmayıb. Bir dəfə ondan balıq göndərilməsini xahiş etmiş və o, Bakıdan ona balıq göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, Nadir onun xalası oğlu, Feliks xalası nəvəsidir. Nadir 2000-ci ildən Özbəkistana getmiş və orada olduğu müddətdə əlaqə saxlamışdır. 2020-ci ilin avqust ayında ona məlum olmuşdur ki, Nadir Bakıya gəlmişdir, bacısı oğlu Aydın onu Nadirin yanına aparmışdır. Nadir qızı Mədinənin bağında yaşamışdır, evə girərkən Mədinə onu Nadirin yanına buraxmaq istəməmiş, yatdığını bildirmiş. Lakin o otağa keçib Nadirlə görüşmüşdür. Sonra iki dəfə Nadiri evinə qonaq dəvət edib birinci dəfə Nadirin itstəyi ilə qutab, ikinci dəfə isə “gürzə” yeməyi bişirmişdir. Nadir onun bağına gələrkən qızı Mədinə gəlməmiş, ikinci dəfə Mədinin uşaqları Nadirin yanında olmuşlar ki, eşitdiklərini analarına gedib desinlər. Nadir onun yanında Mədinədən şikayət etmiş, Mədinəni onun başına bəla olmasını bildirmiş,demişdir ki, qızı Feliks və Aydını onun yanında oğru etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, o, 1990-cı illərdən Nadiri tanıyır, o vaxt o prokurorluq orqanlarında işləyirdi. Müəyyən hüquqi məsələlərlə bağlı Nadir ondan məsləhətlər alırdı. Feliksi Nadirə görə tanımışdır. 1990-cı illərdə Nadir bir obyekti ona satmış və borc kimi əlavə 30000 ABŞ dolları pul almışdır. Uzun müddət o, Bakıda yaşamamışdır. Belə ki, 2002-ci ildə Moskvaya getmiş, 2006-cı ildə qayıtmışdır. Bakıya qayıdarkən borcu ilə bağlı Felikslə əlaqə saxlamış, atasının borcunun olmasını bildirmiş, Feliks atası ilə əlaqə saxladıqda borcun həqiqətən mövcud olmasını bilmiş, lakin nağd pul olmadığını demişdir. Təklif etmişdir ki, obyekti özəlləşdirməyə çıxarır, 20000 ABŞ dolları əlavə pul versə onu obyektin 25% hissəsinə şərik edə bilər. Lakin o, 10000 ABŞ dolları verə bilməsini demiş və bu məbləğlə razılaşmışlar. Obyekt özəlləşdirilərkən o Bakıda olmamış, Feliks obyekti tam şəkildə öz adına özəlləşdirmişdir. 2020-ci ilin avqust ayında Feliks bildirmişdir ki, atası Bakıdadır. Sonra Feliks ona bildirmişdir ki, atası onu məcbur edir ki, obyekti bacısı Mədinənin adına keçirtsin. O, qəti buna etiraz etmişdir. Lakin Feliks sonradan bildirmişdir ki, hədə qorxu altında və ona edilən təzyiq nəticəsində əmlakı bacısına bağışlamışdır. O, həmin əmlakın 25%-nin ona məxsus olmasını dedikdə və Nadirlə görüşmək istədikdə Feliks demişdir ki, atası xəstədir, özü məsələni onunla həll edəcək. Felikslə danışığını telefona yazmışdır, həmin telefon yazısının çıxarışını və tərcümə olunmuş variantını məhkəməyə təqdim edir. Orada Feliks onun sıxışdırıldığını, müqavimət göstərsə də, xeri olmadığını və hər şeyi Mədinənin adına yazdırdıqlarını demişdir. Həmin telefon danışığında Feliks ona onun bilmədiyi məsələlərin olduğunu demişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında istifadədə olan 0,21079 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2309 kv.m. olan əmlak kompleksi kimi müəssisə (“Mayak” avtotexniki xidmət müəssisəsi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına 07.11.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri 54 saylı notariat ofisində təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 25.08.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin kserosurətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2309 kv.m. olan əmlak kompleksi kimi müəssisəsini (“Mayak” avtotexniki xidmət müəssisəsini) bacısı Cavabdeh bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən 0,21079 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdır. İş üzrə Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı T.Mehdiyevin 13.03.2020-ci il tarixli qərarına əsasən X8 şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2309 kv.m. olan “Mayak” avtotexniki xidmət müəssisəsi xüsusi mülkiyyət hüququ üzrə 2006-cı ildə İddiaçı Nadir oğlunun adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Mayak” avtotexniki xidmət müəssisəsini 25.08.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh (ögey bacısı) Cavabdeh bağışlamış və hal-hazırda mübahisəli əmlak onun mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli əmlak kompleksini ögey bacısına hədə-qorxu və təzyiq nəticəsində bağlamışdır. Mərhum atası sağlığında onu rüsvay etdirəcəyi, polis orqanlarına şikayət edib tutduracağı ilə hədələyərək mülkiyyətində olan əmlakı məcburi şəkildə bacısına bağışlatdırmışdır. Bu səbəbdən iddiaçı həmin bağışalma müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, bağışlama müqaviləsi ikitərəfli əqd olmaqla öz təbiətinə görə əvəzsiz müqavilədir və hər hansı cavab xidməti ilə şərtləndirilmir. AR Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışalma müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, əqdin tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bağışlama müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmununun pozulduğunu iddia etsə də, onun bu dəlilləri hər hansı tutarlı dəlillə və ya sübuta əsaslanmamışdır. Digər tərəfdən onun bağışlama müqaviləsini bağlayarkən hüquqi niyyətinin olmaması halı da öz təsdiq olunmamışdır. Belə ki, iddiaçı qeyd etmişdir ki, atası və ögey bacısı onu oğurluqda ittiham edəcəkləri ilə hədəqorxu gəlmişlər və bu səbəbdən o, nüfuzuna ləkə düşməsin deyə əqdi bağlamışdır. Məhkəmə iddiaçının bu dəlilləri üzrə, həmçinin iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər də mübahisəli bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas deyil. Göstərilən dəlillərin heç biri iddiaçının həqiqi iradəsinin formalaşmasına təsir edən hallar kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. İddiaçının hədə-qorxu altında mübahisəli bağaşlama müqaviləsinin bağlanması ilə bağlı dəlilləri üzrə məhkəmə qeyd edir ki, bu halları da təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, hədə-qorxu ilə tələb etmə Cinayət Məcəlləsinin 182.1-ci maddəsində cinayət əməli kimi müəyyən edilmişdir. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayəti hesab olunur. Yəni hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər.Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Göründüyü kimi hədə-qorxu ilə tələb etmə özü-özlüyündə cinayət əməli hesab edilir və şəxsin belə bir cinayət əməlini törətməsi yalnız qanuni qüvvəyə minmiş hökmlə təsdiq oluna bilər. Lakin iddiaçı ona qarşı cinayət xarakterli əməllərin edilməsini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının həmin dəlilləri bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş və dindirilmiş şahid ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid Aydın Ağayev bilavasitə iş üzrə maraqlı şəxs kimi özü digər əmlakla bağlı Cavabdeh qarşı məhkəmədə iddia qaldırmış, digər şahidlər isə bilavasitə işin faktiki hallarını məhz İddiaçı eşitdiklərini bildirmişlər. Yəni şahidlərin heç biri birlavasitə Nadir Ağayev və Cavabdeh tərəfindən əmlakın bağışlanması ilə bağlı Feliksə hədə qorxu edilməsinin şahidi olmamışlar. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə əqdin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, şahidlər tərəfindən verilən ifadələrin İddiaçı mübahisəli əmlakı bağılayarkən iradə ifadəsinin zədələnməsi, yəni məcburi şəkildə həyata keçirilməsi kimi qəbul edilə bilməz. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı könüllü olaraq notariat orqanına gəlmiş, əmlakın bağışlanması ilə bağlı iradə ifadəsini notariusa bildirmiş və əmlakla bağlı sənədləri notariat orqanına təqdim etmişdir. Notariat orqanında yalnız Feliks və Mədinə olmuş və həmin əqd bağlanarkən onlardan başqa heç kim iştirak etməmişdir. Bütün bu hallar onu göstərir ki, İddiaçı əmlakın bağışlanması ilə bağlı iradə ifadəsinə hər hansı təsir olmamış və İddiaçı əmlakı könüllü iradə ifadəsi əsasında bağışlamışdır. Mübahisəli əmlakın Feliks tərəfindən atasının təkidi ilə cavabdehə bağışlanması ilə bağlı dəlillər üzrə məhkəmə qeyd edir ki, həmin təkid məcburetmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, mübahisəli bağışlama müqaviləsinin tərəflərin iradə ifadələrinə zidd olaraq bağlanması müəyyən edilmədiyindən, həmin əqd etibarlı əqd hesab edilməlidir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli bağışlama müqaviləsinin hədə-qorxu və ya məcburetmə altında bağlanması hər hansı sübutla öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Nadir oğlunun Cavabdeh qarşı Bakı şəhəri 54 saylı notariat ofisində 25.08.2020-ci il tarixdə təsdiq edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2309 kv.m. olan əmlak kompleksi kimi müəssisənin (“Mayak” avtotexniki xidmət müəssisəsi) bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi barəəd idida tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1149/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1149/2021
18.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver