Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1150/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili F.S.Manafovun, Cavabdehin nümayəndəsi və vəkili M.S.Hüseynovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflər arasında xx.xx.2015-ci ildə bağlanmış mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinə əsasən borclu (İddiaçı) bu müqavilə ilə borc verənə (Cavabdeh) 65000 ABŞ dolları borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu Müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə borclu bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2017-ci il müddətinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilədə mövcudluğu etiraf olunan 65000 ABŞ dolları borcun hansı öhdəlik münasibətlərindən yarandığı əsaslandırılmamışdır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə həmin müqavilənin qüvvəsi yoxdur. Tərəflər arasında bu müqavilənin bağlanmasına qədər onlardan birinin digərinə hər hansı məbləğdə borcunun yaranmasına gətirib çıxara biləcək öhdəlik münasibətləri mövcud olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında xx.xx.2015-ci ildə Bakı şəhəri 21 saylı notariat kontorunda reyestrdə 3M-182 No ilə qeyd olunmaqla bağlanmış mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinin etibarsız sayılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, tərəflər arasında hər hansı bir borc müqaviləsi mövcud olmamışdır. İddiaçının Məcid adında dostu olmuş, Məcid İddiaçı bildirmişdir ki, onun çoxlu borcu var, qardaşını inandırmaq üçün Rasim adlı şəxslə o, 65 min manat borcun olmasının etirafı barədə müqavilə bağlasın. Məcidlə yaxın olduğu üçün onun təklifi ilə həmin müqaviləni bağlamış və hesab etmişdir ki, bu bir formal sənəddir. Məcid tərəfindən qardaşına göstəriləcək və heç bir hüquqi nəticəsi olmayacaq. Lakin sonradan ona məlum olmuşdur ki, hazırki cavabdeh borcun etirafı barədə müqaviləni əsas götürərək hazırki ididaçını məhkəməyə vermiş və qətnamə qəbul edilmişdir. Hazırda həmin qətnamədən artıq İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Qətnamə qanuni qüvvəsini almamışdır. Həm hüquqi tərəfdən, həm də faktiki olaraq bağlanan müqavilə özlüyündə etibarsız olduğu üçün qaldırılan iddia əsaslıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 iddia tələblərini qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi təqdim edərək öz izahatında göstərmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci ildə Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış “Mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsi” qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilmişdir. Mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsi üçün qanunvericilik hər hansı ayrı forma nəzərdə tutmasa da, iddiaçı notarial kontorunda yazılı şəkildə və müəyyən edilmiş formada müqaviləni imzalayıb, baxmayaraq ki, onun borcunu razılaşma yolu ilə etiraf etdiyini nəzərə alıb, formaya riayət edilməsi məcburi deyildir. Borclu İddiaçı müəyyən edilmiş xx.xx.2017-ci il müddətinə kimi borcu qaytarmadığını, ona edilmiş aramsız xəbərdarlıqlarının nəticəsiz qaldığını nəzərə alan Cavabdeh Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsi 2(042)-1033/2019 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək İddiaçı 65000 ABŞ dollarının alınaraq Cavabdeh verilməsini qət etmişdir. Hazırda qətnamədən İddiaçı tərəfindən şikayət verilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında göstərdikləri həqiqətə əks etdirmir. Belə ki, həqiqətən Məcid adlı şəxslə Rasmi Məmmədov birgə biznes fəaliyyətini həyata keçirdirdilər. Cavabdeh tərəfindən Afq Şahnazarova müəyyən avadanlıqlar verilmiş, lakin həmin əmlakların satışından əldə olunan pul vəsaiti Cavabdeh qaytarılmamışdır. Ümumilikdə isə tərəflər arasında yaranan borc 100 min manatdar yuxarı olmuşdur. Lakin müəyyən iddiaçının əziyyətini və digər xərcləri də nəzərə alaraq borcun 65 min həddində olması barədə razılıq əldə edilmiş və bu barədə müqavilə bağlanılmışdır. İddiaçı xx.xx.2017-ci il tarixdən bir ilə qədər vaxtı olsa da, müqavilənin etibarsız hesab edilməsini mübahisələndirməmiş və iddia müddətini ötürmüşdür. Qeyd etdiklərini və cavabdehin məqsədinin vaxtı uzatmaq olduğunu nəzərə alaraq İddiaçı tərəfindən verilmiş müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə iddia müddəti tətbiq edərək müddətin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin olunmamalıdır. İş üzrə “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinə əsasən borclu bu müqavilə ilə borc verənə 65000 ABŞ dolları borcun olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər bununla bildirirlər və təsdiq edirlər ki, bu müqavilə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcək. Borc verən öz növbəsində borc məbləği tam həcmdə qaytarıldıqdan sonra borcluya qarşı bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğ ilə bağlı heç bir tələb və iddia irəli sürməyəcəyini təsdiq edir. Borcu bu müqavilə ilə etiraf etdiyi borc xx.xx.2017-ci il müddətinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə Gədəbəy rayon Məhkəməsinin 2(042)-1033/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 65000 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinə əsasən iddiaçı cavabdehə 65.000 ABŞ dolları məbləğində borcu olduğunu tam etiraf etmiş və borcu xx.xx.2017ci il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı 65.000 ABŞ dolları məbləğində borcu xx.xx.2017-ci il tarixədək qaytarmadığından, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 65.000 ABŞ dolları alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, müqavilədə mövcudluğu etiraf olunan 65000 ABŞ dollar borcun hansı öhdəlik münasibətlərindən yarandığı əsaslandırılmamışdır. Tərəflər arasında bu müqavilənin bağlanmasına qədər onlardan birinin digərinə hər hansı məbləğdə borcunun yaranmasına gətirib çıxara biləcək öhdəlik münasibətləri mövcud olmamışdır. Bu səbəbdən iddiaçı mövcud borcun etibar edilməsi (mücərrəd) müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X1 hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müracət etmiş və iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə qanunda nəzərdə tutulmuş bir il müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Yuxarıda göstərilən normanın mənasından göründüyü kimi, əqdin etibarsızlığınının mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia bir il ərzində irəli sürülməlidir. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan bir il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bərpası üçün məhkəməyə müraciət etmədiyindən, iddiaçının gətirdiyi dəlillər isə həmin müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilmədiyindən, bununla da müraciət müddəti bitdiyindən, iddia tələbləri müraciət müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılmış iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və xx.xx.2015-ci ildə Bakı şəhəri 21 saylı notariat kontorunda 3M-182 No reyestrlə qeydə alınan mövcud borcun etiraf edilməsi (mücərrəd) barədə müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1150/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1150/2020
11.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver