Məhkəmə qərarları › İş №2(009)-1196/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1196/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1196/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC X1 Stansiyası ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Sahib İbrahim-Xəlilov küçəsi, ev 1A, mənzil 49 ünvanında qeydiyyatda olan Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə 02.09.2015-ci il tarixli müqavilə imzalanmışdır. Borclu Cavabdeh BATS ilə bağladığı xidmət müqaviləsinə əsasən rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu ***-***-**-** nömrəli telefonun üzərində ümumilikdə 49,01 manat debitor borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 49,01 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC-nin X1 Stansiyası ilə Cavabdeh arasında bağlanılmış 02.09.2015-ci il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ***-***-**-** nömrəsi vasitəsi ilə şəhərlərarası və beynəlxalq çıxışdan istifadə etməklə, abunəçi ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqı İddiaçı MMC X1 Stansiyasına ödəməlidir. İş üzrə 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh adına olan ***-**-** nömrəli telefonun üzərində 26.02.2021-ci il tarixə şəhərlərarası və beynəlxalq danışıqlara görə 49,01 manat borc mövcuddur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 02.09.2015-ci il tarixdə telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən ***-***-**-** saylı telefon nömrəsi cavabdehin istifadəsinə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən ona göstərilən rabitə xidmətlərinə görə abunə haqqı tam ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 49,01 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 02.09.2015-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar yaranmış 49,01 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 69,01 (altmış doqquz manat bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar