Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1201/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X3 və cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - cavabdeh “X2 Mərkəzi” MMC-yə (3-cü şəxslər “xxxxxxxx” ASC və Cavabdeh3 göstərilməklə) qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı- cavabdeh “X2 Mərkəzi” MMC-yə (3-cü şəxslər “xxxxxxxx” ASC və Cavabdeh3 göstərilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki,Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli icra vərəqəsi əsasında iddiaçıya məxsus ünvan 1 mənzil 17 ünvanında yerləşən mənzil cavabdeh tərəfindən 80.000 manata hərraca çıxarılmışdır. Mənzil xx.xx.2019-cu il taixdə 51.000 manata satılmışdır. Lakin keçirilmiş hərrac barəsində iddiaçıya məlumat verilməmişdir. O, mənzilin hərracda satılan və qiymətləndirilmə yolu ilə müəyyənləşdirilmiş qiymətindən narazıdır və hesab edir ki, həmin qiymətlər real bazar dəyərinə uyğun deyildir. Göstərilənlərə əsasən qiymətləndirilmə barədə hesabatın və hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, əmlakın dəyəri də real dəyərindən aşağı qiymətləndirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın tamamilə əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxslər və digər cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək, keçrilmiş hərracla bağlı yekun protokolun etibarsız hesab olunması və zəruri şəxslərin iştirakının təmin edilməsi ilə təkrar hərracın keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin izahatından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş İddiaçına məxsus ünvan 1 mənzil 17 ünvanında yerləşən mənzilin həqiqi dəyərindən çox aşağı qiymətə hərraca çıxarılaraq satılmasıvə hərracın keçirilməsi barədə ona məlumat verilməməsi hallarına istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ünvan 1 mənzil 17 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 80.000 manat dəyərində müəyyən edilmiş və keçirilən hərracda 51.000 manata “xxxxxxxx” ASC-yə satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilə, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinin surəti və Y-234/1 nömrəli protokolla təsdiqlənir. Məhkəmə iddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 2ci maddəsinə əsasən fəaliyyətləri bu qanunla tənzimlənən fiziki və ya hüquqi şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər. İş materillarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki,ünvan 1 mənzil 17 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilmişdir. “X2 Mərkəzi” MMC sözügedən mənzili məhz ilkin satış qiyməti 80.000 manat olmaqla hərraca çıxarmışdır. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndiricinin rəyi mənzilin hərracdaki ilkin satış qiyməti ilə eynidir. Məhkəmə iddiaçının tələbinin əmlakın əsl dəyərindən aşağı qiymətə satılması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur; 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hərracın nəticələri haqqında protokoldan görünür ki, sözügedən əmlak “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda-15%-25% enmiş faizlə 51.000 manata satılmışdır (80.000x15%=68.000; 68.000x25%=17.000; 68.000- 17.000=51.000). Göründüyü kimi, əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 142481, 143257 nömrəli qəbzlərin surətlərindən və hərrac təşkilatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərin surətlərindən görünür ki, X2 Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər İddiaçı ünvanına Mega Ekspress sürətli poçt vasitəsi ilə məktublar göndərilmiş və xəbərnamələrə imza olunmaqla xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə iddiaçı tərəfindən qəbul edilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığından məhkəmə xərclərinə aid edilən ödənilmiş 10,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh “X2 Mərkəzi” MMC-yə (3-cü şəxslər “xxxxxxxx” ASC və Cavabdeh3 göstərilməklə) qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1201/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1201/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver