Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1202/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında tək yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, “sizin sayğacda problem olub, sizə buna görə akt tərtib olunub”. Belə ki, onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı qeyd edilmiş. İtirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq borc yazılmışdır. O, yuxarıda qeyd edilən ünvanda tək yaşayır, onun bu qədər məbləğdə qaz sərfiyyatı etməsi tamamilə uydurma hesablamalarda yazılmışdır. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan akt tamamilə qanunsuz və əsassızdır. Onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “X5”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqısatqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00070 nömrəli abonent koduna hesablanmış 1555 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki,mütəmadi olaraq köhnə sayğacın işləməsi zamanı hər ay nəzarətçi gəlib sayğaca baxış keçirmiş, göstəricisini onlara təqdim etmiş, sayğacda qüsur olardısa, bu barədə onlara məlumat verərdi. Hətta sayğac dəyişdirilərkən, sayğacda hər hansı qüsur aşkarlanmamış, sayğac istismar müddəti bitdiyi üçün digər qonşularınkı ilə birlikdə dəyişdirilmiş, hər hansı qüsurun olması barədə protokola qeyd aparılmamışdır. Onlar tərəfindən sayğaca hər hansı müdaxilə olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0,04803 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 2 mərtəbəli binada, 105,2 kv.m. ümumi, 62 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 3/7 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaq 18,0 kv.m., X1 1 otaq 22,0 kv.m., X2 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 692 nömrəli reyestr kitabının 65205 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacın istismar müddətinin bitməsi müəyyən edildiyindən onun əvəzlənməsi qərara alınmış və qeyd edilən akt tərtib edilmişdir. İş üzrə Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5- 2494-1 saylı aktın surətinə əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki, sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir,sərfi qeydə almır, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır, sayğac istismara yararsızdır. İş üzrə təbii X5nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, 14-2-2/3-5-2494-1 saylı rəyə əsasən ******* No-li sayğacın hesablama mexanizminin qapağı gövdədən tamamilə aralanması, qazın keçirməsi, hesablama mexanizmi açıq vəziyyətdə olması, sərfi qeydə almaması müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi iştirak etməmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X6 ilə İddiaçı arasında xx.xx.2007ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 447 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 586 No ilə qeyd edilmişdir. İş üzrə abonent Elmar Hacıyevin (kod **********00070) abonent saldosundan görünür ki, ona 2023-cü ilin aprel ayında 1555,20 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh təşkilatla bağlanılmış müqavilənin tərəfi X6 olsa da, o, vəfat etdiyindən və iddiaçı mənzilin mülkiyyətçisi olmaqla mərhum E.Hacıyevin həyat yoldaşı olduğundan, onun hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X5»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə aid olan sayğaca baxış keçirilmiş və istifadə müddətinin bitməsi ilə əlaqədar sayğacı əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra MSK-14-2-2/3-5-2494-1 saylı akt tərtib edilmişdir. Akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması, qazın keçirməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması,sərfi qeydə almaması, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olması, sayğac istismara yarar olması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “qaz itkisi, müdaxilə” halının olması müəyyən edilmişdir. Həmin akt əsasında xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın qərarı ilə dəymiş ziyanın həcmi hesablanmış və iddiaçının abunə hesabına 1555,20 manat borc yazılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı evdən kənarda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman sayğacda heç bir zədə olmamışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və 1555 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının abunə hesabına yazılmış 1555 manat məbləğində borc cavabdeh təşkilatın tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qəbul edilmiş qərara əsasən yazılsa da, iddiaçı tərəfindən irəli sürülmüş tələb yalnız borcun silinməsi hissəsində əsaslı hesab edilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac laboratoriya şəraitində yoxlandıqdan sonra həmin sayğacda qüsurlar aşkar edilmiş və həmin qüsurları yoxlamanı aparan komissiya sayğaca müdaxilə faktı kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmiş, iddiaçının abunə hesabına 1555,20 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 1555,20 manat borc komissiyanın qərarı əsasında yazılmış, həmin qərar isə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt müvafiq laboratoriyanın yoxlaması nəticəsində tərtib olunduğu üçün və laboratoriyada aparılan yoxlamanın qanuni olubolmaması hazırkı mübahisənin predmeti olmadığı üçün, həmin yoxlamanın nəticəsi olaraq tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli akt qanunsuz hesab edilə bilməz. Yəni göstərilən akt özündə yalnız sayğacda aşkar edilmiş qüsurları əks etdirdiyindən, həmin qüsurların isə olub-olmaması ilə bağlı hər hansı mübahisə olmadığından, iddia tələbi aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Lakin məhkəmə həmin akt əsasında iddiaçının abunə hesabına yazılmış 1555 manat borcla bağlı qeyd edir ki, həmin borcun silinməsi barədə tələb əsaslı hesab edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus evə quraşdırılmış və evdən kənarda yerləşən sayğaca onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, həmin sayğacın işlək vəzyyətdə saxlanılması vəzifəsini Cavabdeh İB daşıyır. Hazırkı işin araşdırılan halları ilə iddiaçının evindən kənarda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə etməsi halı sübuta yetməmişdir. Eyni zamanda aşkar edilmiş qüsur laboratoriya şəraitində sayğac yoxlanıldığı və sayğacın daxilinə baxış zamanı müəyyən edilmişdir. Həmin qüsurun mövcudluğu ilə bağlı məlumat həmçinin iddiaçının evinə yeni qaz sayğacı quraşdırılarkən tərtib edilmiş aktda da əks olunmamışdır. Həmin aktda sayğacın dəyişdirilmə zəruriliyi “istismar müddətinin bitməsi” ilə əlaqədar olmuş və bu barədə aktda müvafiq qeydiyyat aparılmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya qaz sayğacına müdaxilə etməsi ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 1555 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 7 saylı evin 3/7 saylı mənzilə dair Bakı Regional Qazın Satışı Departamentinin qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən abunə hesabına (**********00070) yazılmış 1555 (bir min beş yüz əlli beş) manat əlavə borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1202/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1202/2023
22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver