Məhkəmə qərarları › İş №2(009)-1203/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1203/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1203/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MMC-nin X2 iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı MMC-nin – Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 sentyabr 2021-ci il tarixli MAS-4384 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 fevral 2023-cü il tarixə 395.92 manat gecikdirilmiş əsas, 381.89 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 318.82 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 348.24 manat olmaqla ümumilikdə 1444.87 manat borc və ödənilmiş 34.45 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2021ci il tarixli MAS-4384 saylı "Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu "Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən şirkətə “Daxili lizinq” müqaviləsi üzrə sonuncu ödəniş 03 dekabr 2022-ci il tarixdə 390 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 fevral 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 348.24 manat təşkil edir. Eyni zamanda Cavabdeh 29 sentyabr 2021ci il tarixli MAS- 4384 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 fevral 2023-cü il tarixə ümumilikdə 1096.63 manat gecikmə borcu yaranmışdır. İddianın qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli MAS-4384 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan MAS-4384 saylı X1 3 saylı əlavəsindən görünür ki, “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu "Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil təhvil təslim aparılmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC cavabdehə borcu ödəmələrinə dair xəbərdarlıq edilməsi barədə məktub göndərmişdir. İş materiallarında olan Azərmaş MMC qüsur aktından görünür ki, ehtiyat hissələrin ümumi dəyəri 348.24 manat təşki edir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli MAS-4384 saylı "Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Eyni zamanda Cavabdeh 29 sentyabr 2021-ci il tarixli MAS- 4384 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 fevral 2023-cü il tarixə ümumilikdə 1096.63 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtləri cavabdeh tərəfindən lazımı qaydada icra edilmədiyinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. (MM 748-1.8) Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. (MM 748-1.9) Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən, lizinq alan Lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. - “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan müqavilə üzrə “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə haqqını hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, həmçinin avtomobilə ziyan dəymişdir. Buna görə də, iddiaçı iddia tələbinin cavabdehdən lizinq məbləği, mükafat və zərərin ödənilməsini tələb etməsi hissələri tam əsaslıdır. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 29 sentyabr 2021-ci il tarixli MAS-4384 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 fevral 2023-cü il tarixə olan 395.92 manat gecikdirilmiş əsas, 381.89 manat gecikdirilmiş mükafat, lizinq obyekti olan avtomobilə dəymiş zərərə görə 348.24 manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Lakin, cavabdehdən 318.82 məbləğində cərimə məbləğinin tutulmasına aid hissədə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda cərimənin 18,82 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 34.45 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 29 sentyabr 2021-ci il tarixli MAS-4384 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 fevral 2023-cü il tarixə 395.92 (üç yüz doxsan beş manat doxsan iki qəpik) manat gecikdirilmiş əsas, 381.89 (üç yüz səksən bir manat səksən doqquz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 18,82 (on səkkiz manat səksən iki qəpik) manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 348.24 (üç yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manat olmaqla, ümumilikdə 1144.87 (bir min bir yüz qırx dörd manat səksən yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 sentyabr 2021-ci il tarixli MAS-4384 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 fevral 2023cü il tarixə 395.92 (üç yüz doxsan beş manat doxsan iki qəpik) manat gecikdirilmiş əsas, 381.89 (üç yüz səksən bir manat səksən doqquz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 18,82 (on səkkiz manat səksən iki qəpik) manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 348.24 (üç yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manat olmaqla, ümumilikdə 1144.87 (bir min bir yüz qırx dörd manat səksən yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar