Məhkəmə qərarları › İş №2(009)-1207/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1207/2021

07.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1207/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, yaşadığı mənzildə 2010-cu ildən quraşdırılmış mexaniki qaz sayğacının göstəricisini “Cavabdeh” İdarəsinin işçiləri çek şəklində ona təqdim edirdilər, o, da göstərilən məbləği poçt vasitəsilə müntəzəm ödəmişdir. 24.05.2019-cu ildə mexaniki qaz sayğacının “Cavabdeh” işçiləri tərəfindən dəyişdirilmişdir. Smart tipli kartla sayğac quraşdırmışlar və ona akt verib bildirmişlər ki, “gedin ASAN xidmətə özünüzə kart alın”. O, “ASAN xidmət”də olanda ona bildirmişlər ki, çıxarılan sayğacın göstəricisi düz deyil, yəni bir rəqəm artıq yazılmış, qaz idarəsinin işçisi 5 rəqəm yerinə 6 rəqəm yazmışdır. O, aktı gətirib qaz işçilərinə verib bildirmişdir ki, “ASAN xidmət” qəbul etməmiş, göstərici düzgün yazılmamışdır. “Cavabdeh”ın işçiləri başqa işçiləri də çağırmışlar. 4 nəfər qaz işçisi onun mənzilindən çıxarılmış sayğacın nömrəsinə baxıb dəqiqləşdirmişlər ki, həqiqətən düzgün deyil. Həmin 4 nəfər qaz işçisi sayğacda olan rəqəmləri yazmışlar. O, tələb etmişdir ki, “aktı dəyişin, siz düzəliş etmisiniz aktda, ASAN xidmətdə yenə məni geri qaytaracaqlar”. Onlardan biri, rəhbərləri olan, sayğacın göstəricisini telefonu ilə şəklini çəkmiş, o, da mobil telefonuna çəkmişdir. Həmin o rəhbər öz mobil nömrəsini yazmış ona vermiş və demişdir ki, ASAN xidmətdə qəbul etməsələr ona zəng vursunlar. O, ASAN xidmətə getmiş, onlar aktı qəbul etmişlər və ona qaz kartı vermişlər. 2021-ci il yanvar ayında göstərilən hadisədən iki ilə yaxın vaxt keçmiş, karta pul yükləyəndə əlavə 4 manat borca görə pul tutulmuşdur. Əvvəl elə bilmişdir ki, kredit çıxırlar. 2021-ci il fevral ayında yenə 4 manat pul tutanda o, “104” qaynar xəttinə zəng vurmuş, qaz işçilərdən soruşmuşdur ki, “nə üçün məndən pul tutulur?”. Onlar da onu başqa bir qaz işçisinə qoşmuşlar, o da bildirmişdir ki, “Sizin 464 manat borcunuz var”. O, bildirmişdir ki, “Mənim nə qaza, nə işığa, nə də ki, suya heç bir borcum olmayıb. Siz nə üçün mənə şər atırsınız, mən həmişə vaxtı-vaxtında poçt vasitəsi ilə qaz işçinin təqdim etdiyi çek əsasında ödəmişəm”. “Cavabdeh”ın işçisi ona bildirmişdir ki, “Bu borc sizin sayğac noyabr 2019-cu ildə laboratoriyada yoxlanılanda orada üzə çıxıb, ona görə yazılıb”. O, qəti etirazını bilidrmişdir. Ona demişlər ki, “Gedin rayon qaz idarəsinə”. Həmin gün 19.02.2021-ci il tarixdə o, Səbail rayon Qaz İdarəsinə getmiş, müdir yox idi. Köməkçi demişdir ki, “Bu bizlik deyil, bizə aidiyyəti yoxdur. X2 Departamentinə”. O, Səbail Qaz İdarəsindən tələb etmişdir ki, “Mənə o sayğacı göstərin”. Ona izah etmişlər ki, dəyişilən mexaniki sayğacları, yəni çıxarılmış sayğacları gətirirlər Səbail Qaz İdarəsinə və ondan sonra göndərirlər Qaz Departamentinə, onlar da oradan göndərirlər qaz laboratoriyasına və demişdir ki, “Biz o işə qarışmırıq”. O, bildirmişdir ki, “Sayğac dəyişdiriləndə aktı düz yazmamışdılar, onu düzəldən və imzalayan 4 nəfər qaz işçiləri haradadır, çağırın gəlsinlər, sizə onlar izah etsinlər”. Səbail Qaz İdarəsində bildirdildər ki, “Bizlik deyil, gedin qaz departamentinə”. O, Xətai rayon Qaz Departamentinə getmiş, yenə də Səbail Qaz İdarəsindəki kimi “Bizlik deyil, laboratoriya belə rəy verib”. O, tələb etmişdir ki, o, departamentin rəhbəri ilə görüşməyə gəlmiş, ona şərəfsiz bir şər atırlar və heç kəsin yanına buraxmırlar. Mühafizəçi ilə, qaz işçiləri ilə mübahisədən sonra onu 2-ci mərtəbədə kaptyor arxasında oturan bir oğlanla görüşdürmüşlər. Ona başa salmışdır ki, birinci, qaz sayğacı onun mənzilinin içində deyil ki, o, sayğacı gecə-gündüz qorusun, sayğac podyezddə yerləşir. Sayğaca o, yox, “Cavabdeh”ın işçiləri göstəriciləri özləri yazır onlara bildiriş verir, o, da o bildiriş əsasında pul ödəyir. Ayda bir dəfə onlar qaz işçiləri təmasda olur, o, yox. İkinci, ildə bir dəfə “Cavabdeh”dan gəlirlər qaz sayğaclarını yoxlayırlar, onlar da kağız verirlər, həm də sayğacın üstünə 3x4 sm. ölçüdə bir sarı kağız yapışdırırlar. Onun qaz xəttindən çıxarılan sayğacın üstündə, 3-4 ədəd o kağızdan var idi.Üçüncüsü, onların həyətə “Cavabdeh”ın bir işçisi həmişə gəlir, podyezddə bir dəfə qonşu soruşmuşdur ki, “Sizə kim lazımdır?” O da cavab vermişdir ki, “Cavabdeh” işçisidir, qaza-sayğaca nəzarət edir. Cəmi üç şəxs qaz işçisi – biri sayğacın göstəricisini çıxarır, biri nəzarət edir, biri də yoxlayır. Sayğacla təmasda olan bu 3 nəfərdir. Nə üçün onlardan soruşmurlar. Departamentdəki oğlan dedi ki, “Bəli, düzdür”. Necə ola bilər ki, hər ay göstəricini çıxaran qaz işçisi bunu görmür, sayğac dəyişdiriləndə aktı düz yazmamışlar və aktı düzəldəndə 4 nəfər “Cavabdeh” işçiləri və o, onu görməmişlər. İki nəfər rəqəmləri yazır görmür, ASAN xidmətdən qayıdandan sonra 4 nəfər qaz mütəxəssisi baxır, telefona çəkir görmür, yəni – 8 qaz işçisi-mütəxəssisi baxır görmür, laboratoriya rəy verir. Axırda o, qaz işçisinə demişdir ki, bəlkə qaz sayğacına onlardan sonra kimsə müdaxilə etmişdir. Yəni qaz işçiləri bəlkə Səbaildən daşınanda kiminsə əlindən düşüb və ya Departamentdə kimsə qurdalamışdır. Üç yerə daşınıb, bəlkə onda olmuş, onun bir vətəndaş kimi günahı nədir. Ona nə qaz sayğacın göstərilmiş, nə də qaz işçiləri çağırılmışlar. “Cavabdeh” ona abonentin saldosu kreditlər ona orada göstərilir ki, nə qədər qaz yandırmışdır və nə qədər pul ödəmişdir. Onu da “Cavabdeh” özləri yazıb, o, da inanmır. Yeni qoyulmuş Smart sayğacdan 24.05.2019-cu ildən 2021ci il fevral ayına olan müddətdə cəmisi 145 manat təzə sayğacla, əvvəlkindən daha az pul ödəmişdir və nəyə görə onlar vətəndaşı incidirlər və şər atırlar. “Cavabdeh” işçilərinin ancaq bir sözü var: “Bizlik deyil..”. O, Departamentə təkrarən izah etmişdir ki, qaz işçiləri təsadüfən ehtiyatsızlıqdan düşə bilər, onun burada günahı yoxdur. O, oradan “Cavabdeh”ın baş idarəsinə getmiş, yenə heç kim onu qəbul etməmişdir. O, “Cavabdeh”ın nümayəndəsinə başa salmışdır ki, bunu qaz işçiləri etmişlər, onun mənzilinə gedən qaz xəttindən qaz sayğacı may 2019-cu ildə çıxartmışlar, laboratoriya noyabr 2019-cu ildə rəy yazmışdır. Sayğac xəttindən çıxandan sonra təmin olmuş, sonra üç yerə daşınmış, bir neçə aydan sonra isə kimsə qaz sayğacına müdaxilə etmişdir. “Cavabdeh”ın nəzarətində olmuş, əgər müdaxilə olmuşdursa, ancaq özləri etmişlər. Əgər “Cavabdeh” normal bir təşkilat olsaydı, saycağı dəyişdirəndə aktı ona verəndə saycağı da verərdilər abonentə, laboratoriyaya aparıb aktı da alın deyərdilər. İndi onu nə “Cavabdeh”ın rəhbəri qəbul edir, nə də şikayətin cavab verilir, ancaq söz deyilir: ”Bizlik deyil, laboratoriya rəy verib”. Laboratoriya da “Cavabdeh”ın bir idarəsidir, onlar da “Cavabdeh”ın əmrlərini icra edirlər. O, “Cavabdeh” İB tərəfindən şər olaraq qeyri-qanuni yazılmış 464 manat cərimə yazılmışdır. 19.02.2021-ci il tarixdə onun tərəfindən “Cavabdeh”a yazılmış ərizəyə 06.04.2021-ci il tarixdə cavab vermişlər və cavab məktubunda da qaz sayğacında zədələnmələrin olduğu bildirilmişdir. Bütün bunlar onu sübut etmişdir ki, cavabdeh öz itkinlərini yeyintilərini sadə vətəndaşların üzərinə borc yazmaqla bağlamaq istəmişlər. Hal-hazırda o, heç bir yerdə işləmir, onun maddi durum çətin və sağlamlığında da problemlər var. Göstərilənləri nəzərə alaraq iddiaçı “Cavabdeh” İB tərəfindən ona yazılan qeyri-qanuni tərtib edilmiş aktın ləğv edilməsi və qanunsuz yazılmış 464 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan müdaxilə edərək istifadə etməklə “Cavabdeh” İstehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 464 manat məbləğində ziyan hesablanmış və iddiaçının **********00320 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 30.09.2019-cu il tarixli ******* saylı akt, akt əsasında 30.09.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, həmçinin sayğac dövlət yoxlamasına göndərildikdən sonra MKS-29/1710-01767-1 saylı akt əsasında sayğaca müdaxilə olunmuşdur, rəy verilmişdir. Dəymiş ziyan hesabatına görə istehlakçının işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (2,6 x 18 x 90 = 4212 m3, 0,8 x 6 x 90 = 432 m3, 4212 m3 + 432 m3 = 4644 m3, 4644 m3 x 0,10 manat = 464,4 manat). “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman, qaz sayğacının plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qaz taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 464 manat həcmində qazın taladığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar – faydalanan və zərərçəkən tərəflərin olmasıdır, bu da aşkar surətdə bəllidir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24.05.2019cu il tarixli ******* nömrəli aktın kserosurətindən görünür ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, 3/6 saylı evin 32 saylı mənzildə qaz sayğacına baxış keçirilən zaman mexaniki sayğacının Smartla əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. İş üzrə “Cavabdeh” X1 sayğacının yoxlanılması barədə 30.08.2019-cu il tarixli MSK-29/1710- 01767-1 saylı akta əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki, 00167087 No-li sayğacın plastmas qapağının qoruyucu şüşəsinin yan tərəfindən iz var, plastmas ekranda kənar təsir izi var, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan biri sınıqdır. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.09.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən 29/1710-01767-1 saylı rəyə əsasən 00167087 No-li sayğacın plastmas şüşəsini ekrana bərkidən 4 qulaqçıqdan birinin sınıq olduğu aşkar edilmiş, istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş üzrə «Cavabdeh” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş 31.10.2018-ci il tarixli qərardan və hesabdan çıxarışdan görünür ki, istehlakçı İddiaçı sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 30.08.2019-cu il tarixli, 29/1710-01767-1 No-li aktına əsasən “G-4 markalı 00167087 No-li sayğacın plastmas qapağının qoruyucu şüşəsinin yan tərəfindən iz var, plastmas ekranda kənar təsir izi var, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan biri sınıqdır” nöqsan aşkar edilmiş, ******* saylı 30.09.2019-cu il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 4644 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 464 manat məbləğində borc yazılmışdır. İş üzrə “Cavabdeh” İB tərəfindən İddiaçı ünvanlanmış 10.03.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, İddiaçı məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, sonradan ödənişli 00167087 zavod nömrəli qaz sayğacı 24.05.2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Bakı RQÖQX Departamentinin 28.08.2019-cu il tarixli MSK-29/1710-01767-1 saylı aktına əsasən “sayğacın plastmas qapağının qoruyucu şüşəsinin yan tərəfində iş var, sayğacın plastmas ekranında kənar təsir izi var, plastmas qapaq tərəfimizdən açıldı və plastmas şüşəsi ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edildi” rəyi verilmişdir. Verilmiş rəyə əsasən 30.09.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 464,40 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan GPG18087204 Smart Sayğaclı abonentin ödəniş cədvəlindən görünür ki, abonent İddiaçı 2019-cu ilin may ayında - 10 manat, 2019-cu ilin oktyabr ayında – 10 manat, 2019-cu ilin dekabr ayında - 20 manat, 2020-ci ilin mart ayında – 15 manat, 2020-ci ilin aprel ayında – 10 manat, 2020-ci ilin iyul ayında – 5 manat, 2020-ci ilin oktyabr ayında – 10 manat, 2020-ci ilin noyabr ayında -25 manat, 2021-ci ilin yanvar ayında 20 manat, 2021-ci ilin fevral ayında 20 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 24.05.2019-cu il tarixdə iddiaçının yaşadığı evə aid olan sayğaca baxış keçirilmiş və mexaniki sayğacın Smart sayğacı ilə əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra MSK-29/1710-01767-1 saylı akt tərtib edilmişdir. Akta əsasən qaz sayğacının plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu müəyyən edilmişdir. Qüsura görə müəyyən edilmiş nəticə “qaz itkisi, müdaxilə” olmuşdur. Həmin akt əsasında 30.09.2019-cu il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın 30.09.2019-cu il tarixli qərarı ilə iddiaçıya 4644 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı mənzildən kənarda quraşdırılmış qaz sayğacı “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman sayğacda heç bir zədə olmamışdır. Sayğacın mühafizəsi onun vəzifəsinə aid olmadığından, cavabdeh tərəfindən tərtib edilmiş akt qanunsuzdur. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın ləğv edilməsi və 464 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının abunə hesabına yazılmış 464 manat məbləğində borc cavabdeh təşkilatın tərtib etdiyi 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında qəbul edilmiş qərara əsasən yazılsa da, iddiaçı tərəfindən irəli sürülmüş tələb yalnız borcun silinməsi hissəsində əsaslı hesab edilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac laboratoriya şəraitində yoxlandıqdan sonra həmin sayğacda qüsurlar aşkar edilmiş və həmin qüsurları yoxlamanı aparan komissiya sayğaca müdaxilə faktı kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində 30.09.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında Bakı Regional Qazın Satışı Departamentinin 30.09.2019-cu il tarixli qərarı əsasında (dəymiş ziyanın bərpasına dair Tələbnamə) iddiaçıya 4644 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 464 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 464 manat borc 30.09.2019-cu il tarixli qərar əsasında yazılmış, həmin qərar isə 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, 30.09.2019-cu il tarixdə ******* saylı akt müvafiq laboratoriyanın yoxlaması nəticəsində tərtib olunduğu üçün və baloratoriyada aparılan yoxlamanan qanuni olubolmaması hazırki mübahisənin predmeti olmadığı üçün, həmin yoxlamanın nəticəsi olaraq tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən 30.09.2019-cu il tarixli akt qanunsuz hesab edilə bilməz. Yəni göstərilən akt özündə yalnız sayğacda aşkar edilmiş qüsurları əks etdirdiyindən, həmin qüsurların isə olub-olmaması ilə bağlı hər hansı mübahisə olmadığından, iddia tələbi aktın qanunsuz hesab edilərək ləğv edilməsi hissəsində təmin edilməməlidir. Lakin məhkəmə həmin akt əsasında iddiaçının abunə hesabına yazılmış 464 manat borcla bağlı qeyd edir ki, cavabdeh orqan həmin borcu yazmaqla qanunun tələblərini pozmuşdur. Belə ki, AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Cavabdeh» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı birbaşa iddiaçının abunə hesabına yazmış və bununla da qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir. AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olmasını anlamına gəlmir. Beləliklə iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 464 manat borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun iddiaçının abunə hesabından silinməsi hissəsində tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, ev 3/6, 32 saylı mənzilə dair Bakı Regional Qazın Satışı Departamentinin 30.09.2019-cu il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00320) yazılmış 464 manat əlavə borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. «Cavabdeh» İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar