Məhkəmə qərarları › İş №2(009)-1228/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1228/2021

13.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1228/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının bütövlüyü uğrunda döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə dair” iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının bütövlüyü uğrunda döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi oğlunun iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara görə ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında izah etmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, xx xxxx 2009-cu ildən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qəbul edilmişdir və həmin Məcəllə xx xxxxxx 2011-ci il tarixdən qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqandır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqan olduğundan, hazırki mübahisə cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə bağlı münasibətlərdən törəndiyindən, məhkəmə hesab edir ki, hazırki iddiaya mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının bütövlüyü uğrunda döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o, hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar