Məhkəmə qərarları › İş №2(009)-1233/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1233/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1233/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı (3-cü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC və "xxxx" KB ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, əmlakın qiymətləndirilməsi haqqında hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3-cü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi cəlb olunmaqla cavabdehlər "xxxx" MMC və "xxxx" KB ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 21.01.2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolların (Y-02/4 və Y-02/5 nömrəli), əmlakın qiymətləndirilməsi haqqında hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin ona və digər cavabdehlərə qarşı kreditin qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(060)- 4770/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X1 "xxxx" KB ASC-nin xeyrinə 07.07.2015-ci il tarixli 18B8/15 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 16.07.2015ci il tarixli 18B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 73550,00 ABŞ dolları, faiz borcu üzrə 7114,01 ABŞ dolları, cəmi 80664,01 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tutulması, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanın ipoteka ilə yüklü edilmiş ona məxsus Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evinə və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinə və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına X2 16.07.2015-ci il tarixli 18B8/15-1 saylı əlavə kredit müqaviləsi üzrə 80664,01 ABŞ dolları borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetləri Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evinə və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 65000 manat, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən onun və digər cavabehlərin çıxarılması və həmin sahələrin boşaldılması qət edilmişdir. Cavabdeh X3 həmin qətnamədən apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2 (105)-2198/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(060)-4770/2016 saylı qətnaməsi ipoteka predmetləri olan Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 65000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetləri olan Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 70000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 49000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra vərəqəsi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə icra şöbəsinin sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən mənə məxsus Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 70000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 49000 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin əmlaklar müvafiq olaraq 44625 və 31237 manata cavabdeh “Unibank" KB ASC-yə satılmışdır. Onun hərracın keçirilməsindən xəbəri olmayıb. Ona heç bir bildiriş göndərilməyib. Cavabdeh "xxxx" MMC-nin 21 yanvar 2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokollarını (№Y-02/4) və (№Y-02/5) tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, ona məxsus əmlakların qiyməti öz dəyərindən kifayət qədər aşağı qiymətə satılmışdır. Həmin qiymət əmlakların real bazar qiymətindən dəfələrlə aşağıdır. Hesabat həqiqəti əks etdirmədiyindən etibarsızdır. Hərracın nəticələri haqqında protokollardan görünür ki, iki hərrac keçirilib və hər iki hərrac baş tutmayıb. Lakin bu hərracların keçirilməsi barədə ona heç bir bildiriş göndərilməyib. O həmin hərracların keçirilməsindən xəbərsiz olmuşdur. Ona görə də hesab edir ki, cavabdeh "xxxx" MMC-nin protokolları, əmlakın qiymətləndirilməsi barədə hesabat, hərracın nəticələri və onun əsasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin və 3-cü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndələri məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2198/2019 saylı, 31 iyul 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şahin Səfərovun apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin 14 aprel 2016-cı il tarixli, 2(060)-4770/2016 saylı qətnaməsi ipoteka predmetləri olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 65000 manat, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 70000 manat, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 49000 manat müəyyən edilsin. İş materiallarında olan Y-02/5, 21.01.2020-ci il tarixli nömrəli "xxxx" hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində 1074B saylı bağ evi və 0,10 ha torpaq sahəsini ipoteka saxlayan "xxxx" ASC 44625 manata almışdır. İş materiallarında olan Y-02/4 nömrəli, 21.01.2020-ci il tarixli "xxxx" hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini ipoteka saxlayan "xxxx" ASC 31237 manata almışdır. İş materiallarında olan "xxxx" hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, 21 yanvar 2020-ci il tarixdə hərrac keçirilmiş, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 70000 manat, son qiyməti isə 44625 manat müəyyən edilmişdir. İddiaçı hərracın keçirilməsinin mövcud qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etdiyindən, məhkəmə, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və ləğvi ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 36-39-cu mad.). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci mad.). Qeyd olunan Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı və "xxxx" KB ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının mənzilə dair hərrac təşkilatının hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbini əsaslı hesab etmir. İddiaçının hərracın nəticələri haqqında 21.01.2020-ci il tarixli Y-02/4 saylı və Y-02/5 saylı Protokolların etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan bildirişlərdən görünür ki, birinci hərracın keçirilməsi 25.12.2019-cu il tarixə, ikinci hərracın keçirilməsi 08 yanvar 2020-ci il tarixə təyin edilmiş və “Market” qəzetində müvafiq elanlar verilmişdir. Məhkəmə iclasında verilən izahatlardan və iş materiallarından aydın olur ki, mübahisəsi gedən daşınmaz əmlaklarla bağlı ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni müvafiq olaraq 59500 manat və 41650 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın 08.01.2020-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Market” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar 21.01.2020-ci il tarixli Y-02/4 saylı və Y-02/5 saylı protokollar tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən daşınmaz əmlakların hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə İddiaçı xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Bu qənaətə gələrkən məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli bağ sahəsinin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, hərracın keçirilməsi ilə əlaqədar «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən kütləvi informasiya vasitələrində elanlar dərc olunmuşdur. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı (3-cü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC və "xxxx" KB ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, əmlakın qiymətləndirilməsi haqqında hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar