Məhkəmə qərarları › İş №2(009)-1239/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1239/2020

16.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1239/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Üçüncü şəxs X2 və onun vəkili X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh MTK-ya (üçüncü şəxs kimi X6 qeyd edilən) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh MTK-ya (üçüncü şəxs kimi X6 qeyd edilən) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il tarixdə X6 ilə Cavabdeh MTK arasında bağlanmış 273 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, xx xxxxxx 2012-ci il tarixdə X6 ilə Cavabdeh MTK arasında 273 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtinə görə Bakı şəhəri, Xətai rayonu, 1152-ci məhəllə, A.İsmayılov küçəsi, 35 ünvanında tikintisini həyata keçirdiyi 12 mərtəbəli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 103,37 kv.m olan yaşayış sahəsi 50,78 kv.m təşkil edən 3 otaqlı 67 nömrəli mənzil təmir olunmuş vəziyyətdə payçıya verilməli idi. Belə ki, X6 onun yəni, İddiaçı1 anasıdır və İddiaçı2 isə onun həyat yoldaşıdır. Hal-hazırda ünvan 2 ünvanında tikintisini həyata keçirdiyi 12 mərtəbəli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 103,37 kv m olan yaşayış sahəsi 50,78 kv.m təşkil edən 3 otaqlı 67 nömrəli mənzildə yaşayırlar. xx xxxxxx 2012-ci il tarixli 273 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmalarının əsas səbəbi anası X2 onu və ailə üzvlərini yuxarıda göstərilən ünvandan çıxarması tələbinə dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsində iddia qaldırmasıdır. Belə ki, anasına həmin mənzilin verilməsində onun və ailə üzvlərinin də rolu olmuşdur. Belə ki, onun anası X6 hələ 1989-cu ildə mənzil növbəsinə dayanarkən onun adı da X3 ailə üzvü kimi siyahıda olmuş və o səbəbdən də ona bu günkü gündə 103,37 kv.m mənzil verilmişdir. O, isə həmin mənzili ailə üzvü kimi onun adından istifadə edərək yazdırıb aldıqdan sonra onu və ailə üzvlərini həmin mənzildən çıxarılması barədə Məhkəmədə iddia qaldırmışdır. Ona görə də hesab edir ki, xx xxxxxx 2012-ci il tarixdə X6 ilə Cavabdeh MTK arasında bağlanmış 273 saylı müqavilə etibarsız hesab edilməli, yeni müqavilə bağlanmalı və o, da həmin müqavilədə payçı kimi qeyd olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, sonrakı məhkəmə iclasınlarına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclaslarda iştirak etmiş Cavabdeh MTK-nın nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə X6 arasında bağlamış xx.xx.2012-ci il tarixli 273 saylı müqaviləyə əsasən ünvan 2C ünvanında olan yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində satış sahəsi 103,37 metr kvadrat, ümumi sahəsi 85,72 metr kvadrat, yaşayış sahəsi 50,78 metr kvadrat təşkil edən 3 otaqlı 67 saylı mənzilə dair pay haqqı iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən deyil, üçüncü şəxs X6 tərəfindən ödənilmiş və mənzil də ona satılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh MTK-nın nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan, eləcə də iddiaçılar iştirak etmədiyi halda işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbinə etiraz təqdim etmiş, həmçinin izahatında göstərmişdir ki, o, uzun müddət Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində xadimə işləmiş və mənzil növbəsində olmuşdur. xx.xx.2012-ci il tarixdə Neft Şirkətinin rəhbərliyinin göstərişinə əsasən onun uzun müddət qüsursuz şirkətdə fəaliyyətini nəzərə alınaraq tək payçı kimi ünvan 2C ünvanında olan yaşayış binasının 3cü girişinin 1-ci mərtəbəsində satış sahəsi 103,37 metr kvadrat, ümumi sahəsi 85,72 metr kvadrat, yaşayış sahəsi 50,78 metr kvadrat təşkil edən 3 otaqlı 67 saylı mənzilin ona verilməsi ilə bağlı "Cavabdeh Mənzil Tikinti Kooperativi" ilə onun arasında 273 saylı müqavilə bağlanmış və mənzil ona verilmişdir. İddiaçıların iddia ərizəsindən görünür ki, guya bu mənzil ona verilərkən onların da rolu olmuş, ona görə də ona mənzilin sahəsi 103,37 metr kvadrat hesablanmaqla artıq verilmiş, guya o, 1989-cu ildə mənzil növbəsində dayanarkən oğlu da həmin siyahıda olmuş və bu səbəbdən də mənzilin sahəsi ona çox verilmişdir. İddia ərizəsində iddiaçıların göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, o, yaxşı işçi olduğundan tək payçı kimi ona 3 otaqlı mənzil verilmiş və mənzilin dəyərinin əsas hissəsini yəni 45940,21 manat Neft Şirkəti tərəfindən ödənmiş, 33267,05 manat ödənməsi ona həvalə edilmişdir ki, o, "xxxxxxxxx" ASC ilə müqavilə bağlayaraq həmin mənzilin pulunu ödəmişdir. Hal-hazırda həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyester Xidmətinin ********** nömrəli və xx.xx.2020-ci il tarixli çıxarışına əsasən onun mülkiyyətindədir. Eyni zamanda mənzil “xxxxxxxxx” ASC-nin onunla bağladığı xx.xx.2020ci il tarixli ipoteka müqaviləsinə əsasən bankın girovundadır. Qanunla mülkiyyət hüququ toxunulmazdır. Digər tərəfdən iddiaçıların iddiası əsassızdır. İddiaçılardan İddiaçı1 Nuşirəvan oğlu onun oğlu, İddiaçı2 isə oğlunun həyat yoldaşıdır. O, humanistlik edərək onlara mülkiyyətində olan mənzildə yaşamaları üçün razılıq vermiş, ancaq iddiaçılar mütəmadi olaraq onu döyüb təhqir etmiş, dəfələrlə onu evdən qovmuşlar. Onların məqsədi həmin mənzili onun əlindən almaq, onu isə bu yaşlı vaxtında evdən birdəfəlik didərgin salmaqdır. O, iddiaçıları həmin mənzildən çıxarılmaları barədə Bakı şəhəri, Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə onun arasında bağlanmış müqavilə qanuni və əsaslıdır. Əlavə olaraq bildirmişdir ki, iddiaçıların hazırki iddia tələbinə baxılıb qurtaranadək Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan iş üzrə icraat dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, üçüncü şəxsin və onun vəkilinin izahatlarını dinləyib belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Neft şirkəti tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli “ARDNŞ üzrə mənzil uçotunda olan və ünvan 4 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasından mənzil almaq üçün kooperativə üzv olacaq şəxslərin siyahısı”ndan görünür ki, X6 ünvan 2 ünvanında tikintisini həyata keçirdiyi 12 mərtəbəli yaşayış binasının 3 girişinin 1 mərtəbəsində ümumi sahəsi 103.37 kv.m yaşayış sahəsi yaşayış sahəsi 50.78 kv.m təşkil edən 3 otaqlı 67 nömrəli mənzilinə dair payçı kimi siyahıya alınmışdır. - Cavabdeh Mənzil Tikinti Kooperativi ilə X6 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 273 nömrəli Cavabdeh Mənzil Tikinti Kooperativinə pay qoyuluşu haqqında müqavilədən görünür ki, “Payçı” mənzilin ümumi dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə pay haqqı kimi Kooperativə ödəyir. Kooperativ pay haqqı müqabilində ünvan 2 ünvanında tikintisini həyata keçirdiyi 12 mərtəbəli yaşayış binasının 3 girişinin 1 mərtəbəsində ümumi sahəsi 103.37 kv.m yaşayış sahəsi yaşayış sahəsi 50.78 kv.m təşkil edən 3 otaqlı 67 nömrəli mənzili təmir olunmuş vəziyyətdə “Payçı”ya verməyi öhdəsinə götürür. Göstərilən mənzilin ümumi sahəsinin 1 (bir) kv.m qiyməti 766.25 manat, ümumi dəyəri isə 79207.26 manat təşkil edir. Həmin məbləğ Kooperativin hesablaşma hesabına nəğd və ya bank köçürməsi yolu ilə ödənilir. O cümlədən - ARDNŞ tərəfindən 45940.21 manat, “Payçı” tərəfindən 33267.05 manat, o cümlədən normadan artıq sahəyə görə 0.00 manat ödənilir. Mənzilin dəyəri Kooperativə tam ödənildikdən sonra həmin mənzil üzərində mülkiyyət hüququ “Payçı”ya keçir. - Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən X4 verilmiş xx.xx.2019-cu il tarixli 193 nömrəli maliyyə arayışından görünür ki, o, Cavabdeh Mənzil Tikinti Kooperativinin ünvan 4C ünvanında yerləşən 8 girişli, 12+mansard mərtəbəli, 303 mənzilli yaşayış binasında giriş 3, mərtəbə 1, mənzil nömrəsi 67, otaq sayı 3, ümumi dəyəri 79207.26 manat (yetmiş doqquz min iki yüz yeddi manat iyirmi altı qəpik) məbləği tam ödənilmiş və kooperativə borcu yoxdur. Ödəniş, müqaviləyə müvafiq olaraq “Socar” tərəfindən Pay haqqı kimi 45940.21 manat, üzv tərəfindən ilkin ödəniş kimi kooperativin hesablaşma hesabına 7000 manat nağd olaraq və qalan 26267.05 manat isə “xxxxxxxxx” ASC-nin Netçilər filialı tərəfindən kreditləşdirilməklə kooperativə ödənilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarışdan görünür ki, ümumi sahəsi 87,40 kv/metr olan Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 1152-ci məhəllə, 35C saylı evin 67 saylı mənzili (Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 84 M1, m1) xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. - **********666-05301-093247 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 1152-ci məhəllə, 35C saylı evin 67 saylı mənzilinin (Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 84 M1, m1) hüquq subyekti X5r. - “xxxxxxxxx” ASC ilə X6 arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, **********12/İp nömrəli İpoteka Müqaviləsindən görünür ki, Cavabdehnə yaşayış sahəsinin əldə edilməsi üçün pay haqqının ödənilməsinin kreditləşməsi üçün X6 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 1152-ci məhəllə, 35C saylı evin 67 saylı mənzilini (Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 84 M1, m1) ipoteka ilə yüklü etmişdir. - Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə verilən xx.xx.2019-cu il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı X6 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı özünün Bakı şəhəri, Xətai rayonu, 1152-ci məhəllə, A.İsmayılov küçəsi, ev 35 mənzil 67-də olan 3 otaqlı mənzilə köçürülməsi, cavabdehlər İddiaçı1 Nuşiravan oğlunun və İddiaçı2 həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - AzərbaycanRespublikasının Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2019-cu il tarixli 1807 saylı məktubu ilə təqdim edilmiş X9 barəsində Nizami rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 12/1505 saylı qərarının və ona əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən qərara əsasən X9 7 nəfər ailə üzvü (özü, əri, 3 qızı, oğlu və kürəkəni) ilə mənzil növbəsinə götürülməsinə dair xx.xx.1989-cu il tarixli siyahı təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı1 Nuşirəvan oğlu 3-cü şəxsin oğlu, İddiaçı2 isə oğlunun həyat yoldaşıdır. 3-cü şəxs uzun müddət Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində xadimə işləmiş və mənzil növbəsində olmuşdur. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə X6 arasında bağlamış xx.xx.2012-ci il tarixli 273 saylı müqaviləyə əsasən ünvan 2C ünvanında olan yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində ümumi sahəsi 87.40 kvadrat təşkil edən 3 otaqlı 67 saylı mənzil X4 verilmiş və xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X2 adına qeydiyyata alınmaqla ona müvafiq Çıxarış verilmişdir. Müəyyən edilmişdir ki, sözügedən mənzil hazırda “xxxxxxxxx” ASC-nin 3-cü şəxslə bağladığı xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən bankın girovundadır və hazırda mənzildə iddiaçılar yaşamaqla mənzillə bağlı adları qeyd edilən şəxslər arasında hazırki işdə əlavə digər məhkəmə mübahisələri vardır. (3-cü şəxsin izahatına görə digər məhkəmə mübahisəsi üzrə icraat dayandırılmışdır) İddiaçıların, xx xxxxxx 2012-ci il tarixdə X6 ilə Cavabdeh MTK arasında bağlanmış 273 saylı müqavilənin etibarsızlığı ilə bağlı istinad etdiyi hallar -3-cü şəxs X2 onlara qarşı mübahisəli mənzildən çıxarılmaları barədə iddia ilə məhkəməyə müraciət etməsi, iddiaçılardan İddiaçı1 anası X6 hələ 1989-cu ildə mənzil növbəsinə dayanarkən onun da adının anasının ailə üzvü kimi siyahıda olması, beləliklə də anasına həmin mənzilin verilməsində onun və ailə üzvlərinin də rolunun olmasıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununda iddiaçılar müqavilənin etibarsızlığı ilə yanaşı, yeni müqavilə bağlanmalı və onların da həmin müqavilədə payçı kimi qeyd olunmalı olmalarını göstərsələr də, sonuncu halları tələb şəklində irəli sürməmişlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ilk olaraq hesab edir ki, iddiaçıların sözügedən müqavilənin etibarsızlığı ilə bağlı 3-cü şəxs X2 onlara qarşı mübahisəli mənzildən çıxarılmaları barədə iddia ilə məhkəməyə müraciət etməsi kimi dəlilə istinad etmələri əsassız olmuşdur. Belə ki, mülkiyyətçinin mülkiyyəti ilə bağlı qanunvericiliklə tanınaraq ona verilmiş hüquqlarını həyata keçirməsinə maneə olan hallarla bağlı iddia ilə məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur və onun bu hüquqdan istifadə etməsi digər şəxslərin ona qarşı qaldırdığı iddianın əsaslı olması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıların sözügedən müqavilənin etibarsızlığı ilə bağlı 3-cü şəxs X2 hələ 1989-cu ildə mənzil növbəsinə dayanarkənailə üzvü kimi siyahıda olmaları (yalnız iddiaçılardan oğlunun) səbəbindən də ona bu günki gündə ümumi sahəsi 87.40 kv.m olan mənzil verilməsinə dair qanuni əsaslarla bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş əsaslara aid deyildir. Belə ki, əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Qanunvericiliyəgörə isəəqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Məhkəmə Nizami rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 12/1505 saylı qərarı və ona əlavə edilmiş sənədlərə əsasən X2 7 nəfər ailə üzvü (özü, əri, 3 qızı, oğlu və kürəkəni) ilə mənzil növbəsinə götürülməsinə dair xx.xx.1989-cu il tarixli siyahının təsdiq edilməsi ilə bağlı iddiaçı tərəfin irəli sürdüyü dəlillərə qiymət verərək hesab edir ki, bu halın mövcudluğu belə xx xxxxxx 2012-ci il tarixdə X6 ilə Cavabdeh MTK arasında bağlanmış 273 saylı müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Beləki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə X6 arasında bağlamış xx.xx.2012-ci il tarixli 273 saylı müqaviləyə əsasən ünvan 2C ünvanında olan yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində ümumi sahəsi 87.40 kv metr kvadrat, yaşayış sahəsi 50,78 metr kvadrat təşkil edən 3 otaqlı 67 saylı mənzilə dair pay haqqı iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən deyil, üçüncü şəxs X6 tərəfindən ödənilmiş və mənzil də ona satılmışdır. Başqa sözlə, işin materiallarından görünür ki, 3-cü şəxs bu mənzili əvəzsiz qaydada deyil, əvəzli qaydada pay haqqı ödəməklə əldə etmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyester Xidmətinin ********** nömrəli və xx.xx.2020-ci il tarixli çıxarışına əsasən hazırda 3-cü şəxsin mülkiyyətində olmaqla “xxxxxxxxx” ASC-i bağladığı xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən bankın girovundadır. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iddiaçılardan yalnız İddiaçı1 Nuşirəvan oğlu 3-cü şəxsin oğlu kimi ailə üzvü olaraq (həmçinin, mənzil növbəsi siyahısında adı olduğundan hazırki işlə bağlı subyektiv hüquqa malik olmaqla) mübahisəli mənzilə istifadə hüququnun olması (yaranması) ilə bağlı məsələyə diqqət yetirə bilərdi. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı1 Nuşirəvan oğlu ünvan 2 ünvanında tikintisini həyata keçirdiyi 12 mərtəbəli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 87.40 kv m olan yaşayış sahəsi 50,78 kv.m təşkil edən 3 otaqlı 67 nömrəli mənzilin üçüncü şəxs X4 2012-ci ildə verilməsini bilirdi, bu faktı hazırda inkar etmir və orada ailəsi ilə yaşamaqda davam edir. Məhkəmə hesab edir ki, o, sözügedən müqavilənin qanunsuz olmasını hazırki vaxta kimi mübahisələndirməməklə qanunla müəyyən edilmiş müraciət müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyə əsasən, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Qeyd edilən normada nəzərdə tutulan müddətlər iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılardan X8 mübahisələndirdiyi müqavilə üzrə tərəf olmadığı üçün hazırki müqaviləni mübahisələndirməyə subyektiv hüququ olmamışdır. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya” qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 Nüşirəvan oğlunun və İddiaçı2 - Cavabdeh MTK-ya (üçüncü şəxs kimi X6 qeyd edilən) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar