Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1262/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı –Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında 03 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə bitişik yerdə cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı övladları ilə birlikdə özünün mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Evin 1 qapısı və cəmi 1 pəncərəsi var. Həmin fərdi yaşayış evində 1/16 hissə payı olan qonşusu Cavabdeh evinin divarının yerini dəyişərək qanunsuz olaraq heç bir icazəsi olmadan həmin divarı iddiaçının oəncərəsinin qarşısında 2,20 metr hündürlüyündə inşa etmişdir. Bununla cavabdeh sözügedən evin yeganə təbii işıqlandırmasının qarşısını almış, bu azmış kimi həmin divarda balaca baca yerləşdirmişdir. Bacanın orada yerləşdirilməsi bütün gün ərzində pəncərə vasitəsi ilə xoşagəlməz qoxuların iddiaçının yaşayış sahəsinə dolmasına səbəb olmuşdur. Həmin bacadan iddiaçının evinin içərisi görünür ki, bu da onun şəxsi həyata olan hüquqlarını pozur. Qonşunun inşa etdiyi divar iddiaçının və uşaqlarının həyat və sağlamlığını təhlükə altına alır. Odur ki, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan: Az. Resp. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 10/2200 saylı rəyindən görünür ki, 1-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən 0,30 m. ara məsafəsində kərpic materialından inşa olunmuş tikilinin inşasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, talvar tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir; 2-ci və 3-cü suallar üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən 0,30 m. ara məsafəsində inşa olunmuş tikili ümumi istifadədə olan torpaq sahəsinin üzərində inşa olunduğu və həmin tikilinin inşası yaşayış evinin hər hansı hissəsindən istifadə etməsi üçün məhdudiyyət yaratmadığı müəyyən edilir. Lakin həmin tikilinin yaşayış evinin yaşayış otağının qarşısında inşa olunduğunu və inşa olunmuş tikilinin daxilində quraşdırılmış qaz sobasının borusunun iddiaçıya məxsus yaşayış otağının pəncərəsi istiqamətində açıldığını nəzərə alaraq (qaz sobası işləyən zaman) mənzilin yaşayış otağından istifadə etməsi üçün məhdudiyyət yaratdığı müəyyən edilir. Məhkəmə araşdırlıması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli ünvana aid texniki pasportun məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman cavabdeh tərəfindən iddiaçının yaşayış evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir . Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, sökülməsi iddia edilən tikilinin mövcudluğu iddia üzrə iddiaçının mülkiyyətindən sərbəst surətdə istifadə, sahiblik və sərəncam hüquqlarını pozduğu üçün ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik inşa olunmuş (kərpic materialından inşa olunmuş tikilinin) tikilinin sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Az. Resp. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nin 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik tikilmiş və cavabdeh tərəfindən inşa edilən qanunsuz tikili (kərpic materialından inşa olunmuş tikili) sökülsün. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik tikilmiş və cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin (kərpic materialından inşa olunmuş tikili) sökülməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 10 AZN məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilsin. İş üzrə Az. Res. ƏN. MEM tərəfindən keçirilmiş 01.10.2021-ci il tarixli 10/2200 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1262/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1262/2021
03.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver