Məhkəmə qərarları › İş №2(009)-127/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-127/2022

01.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-127/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişlər. İddia tələbini onunla əsaslandırmışlar ki, Səbail rayonu, 2-ci Bayıl döngəsi, ev 20 ünvanında paylı mülkiyyətdə olan evdə yaşayırlar. Ev ümumi həyətdən ibarətdir, ancaq hər bir mülkiyyətçinin evə giriş-çıxışı ayrıdır. Evin sol hissəsinin aşağı mərtəbəsi İddiaçı2 yuxarı, ikinci mərtəbəsi iddiaçı Məmmədova (Mahmudova) Məhin Qnyaz qızına aiddir. Evin həyətinin sağ tərəfində olan bir mərtəbəli hissədə isə Cavabdeh yaşayır. Cavabdeh onların evdən uzaqda olmağından istifadə edərək şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla yaşadığı bir mərtəbəli evin damını sökərək üzərində ikinci mərtəbə inşa etmiş və demək olar ki, iddiaçıların mənzillərinin qabağını tam şəkildə bağlamışdır. Bu tikilidən sonra onların mənzillərinin təbii havalanması və günəş işığının düşməsi pozulmuşdur. İddiaçı2nm mənzilinə ümumiyyətlə günəş şüası düşmür, hava girmir. İnşa olunmuş yeni tikili İddiaçı1 pəncərəsindən 2 metr məsafədə yerləşir. Bu iki metrlik məsafənin özü də hasara alınaraq, qutu kimi düzəldilib içərisinə su çəni yerləşdirilmiş və üzəri dəmir şiferlə örtülmüşdür. Bu qutu şəklində olan tikili İddiaçı1 mənzilinin divarına tam şəkildə toxunur və evin təbii havalanmasını bir daha kəskin şəkildə pozur. Bununla yanaşı əlavə mərtəbə tikilərkən İddiaçı1 telefon xətti kəsilib, əlavə xətt calanaraq bütövlüyü pozulmuşdur. Televizor antenasının qarşısı tam tutulmuşdur. İddiaçı1 evinə giriş qapısının qarşısında ona məxsus olan kiçik eyvanı məhəccərlə kəsərək mənimsəmiş və oraya su mühərriki quraşdırmışdır. Günün bütün saatlarında mühərrik yüksək səslə işləyir və həmin evdə rahat yaşamağı mümkünsüz edir. İddiaçı2 mənzilinin giriş qapısının qarşısını dəmir məhəccərlə kəsmişdir və evinə giriş-çıxışı çətinləşdirmişdir. Onların yaşadığı kiçik olan ümumi həyətin girəcəyində, həyətin ölçülərinə nisbətdə böyük taxta dolab tikmiş, bununla da həyətə giriş çıxışı da çətinləşdirmişdir. İddiaçı1 su sayğacının xətlərinin bir hissəsi həmin dolabın içərisində qalmışdır. İddiaçılar isə cavabdehin əşyaları ilə dolu olan ümumi həyətdən lazımınca istifadə edə bilmirlər. Bu barədə cavabdehə dəfərlərlə şifahi şəkildə tikdiyi tikilinin və maneələrin aradan qaldırılmasının ona bildirsələr də, belə vəziyyətdə onların mənzillərdə yaşayışlarını çətinləşdiyini desələr də, o iddiaçıların sözlərinə məhəl qoymamış və onunla sivil qaydada danışıqlarını davaya çevirmişdir. Bu barədə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etməklərinə baxmayaraq heç bir tədbir görülməmişdir. Göründüyü kimi mülkiyyət hüquqularını təsdiq edən çıxarış olmasına rəğmən iddiaçılar öz mülkiyyətində olan evdən istifadə edə bilmirlər. Cavabdehin qanunsuz hərəkətləri, müdaxilələri sayəsində, konstitusion hüquqları olan mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Həmin yerdə özbaşına tikililər, iddiaçıların evdən sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək hüququnu pozur. Göstərdikləri bu iddialar fotoşəkillərdə də aydın görünür. Odur ki, ƏMDK yanında DƏDRX-nin Seriya RX 001339 saylı, xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X10 məxsus və Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı2 məxsus ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi və bunu əsasında yaranmış maneələrin aradan qaldırılaraq evin sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə etiraz ərizəsi göndərmiş və ərizəsini onunla əsaslandırmışdır ki, göstərilənlər tamamilə uydurmadır və onun mənzilinin ikinci mərtəbəsində olan tikili İddiaçı1 və İddiaçı2 mənzillərinin qarşısını tam şəkildə kəsmir, ərizələrində onların mənzillərinin təbii havalanması və günəş işığının düşməsinin pozulmasını qeyd etmələri tamamilə əsassızdır. İddiaçıların mənzili ilə onun mənzilinin arasında 5 metr məsafə var. Onun mənzilinin girişinin üzərində olan tikili mənzilinin içəri hissəsinə aiddir. Su çəni o mənzili alandan orada var. Onun mənzilinin ikinci mərtəbəsi tikilərkən İddiaçı1 telefon xətti kəsilməmiş, əlavə xətt calanmamış, onun televizor antenasının qarşısını tutmamışdır. Giriş qapısının qarşısında olan məhəccər 30 il bundan qabaq orada olmuş, İddiaçı1 mənzilinin keçmiş sahibi X7 həmin məhəccərə və pilləkənə görə ona qarşı iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(009)-1659/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadına əsasən həmin mülki iş üzrə icraata xitam verilmişdir. Ümumi həyətin girəcəyində olan dolab 30 il bundan qabaq o mənzili alarkən orada olmuşdur, həyətə giriş-çıxışa heç bir çətinlik yaratmır. İddiaçı1 mənzilinə gedən su xətlərinin bir hissəsi 30 il bundan qabaq o mənzili alarkən oradan keçirdi. O, həmin tikiliyə 3 il bundan əvvəl başlayarkən iddiaçıların hər ikisinin razılığını almışdır, həmin vaxt iddiaçılar ona heç bir etiraz bildirməmişlər. İddia ərizəsində göstərilən su mühərriki isə yalnız sudan istifadə edən zaman işə düşür və onun tərəfindən həmin nasosun üzəri taxta diktlə bağlanaraq səssiz vəziyyətə gətirilmişdir ki, qonşulara səsi getməsin. Bütün bu göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, cavabdehin etdiyi tikinti səbəbindən onun mənzilinə işıq şüası düşmür və hava daxil olmur. Onun mənzilində daimi yaşayıb-yaşamamağından asılı olmayaraq istədiyi zaman gəldikdə günəş işığını görməlidir. Ekspert isə qərardadda göstərilən suallara tam məzmunda cavab verməmişdir, bu səbəbdən rəy ilə razı deyildir. Cavabdeh İcra Hakimiyyətinə icazə ilə bağlı müraciət etsə idi, icazə verilməyəcəkdi. Orada kimsə yeni tikililər tiksə sıxlıq səbəbindən başqa şəxsin evinin qarşısını kəsəcək. Təcili yardım belə gələn zaman evə girə bilmir. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X11 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, onun mənzilinə də işıq şüaları düşmür. Evində havasızlıq, nəmişlik var. Orada olan balaca tikililər əlil arabasını hərəkət etdirməyə imkan vermir. Evi onun babası tikib, dedikləri kimi pilləkən içəridə olmayıb, çöldə olmuşdur. Hətta onun nənəsi oradan yıxılaraq vəfat etmişdir. Proyekt öncədən olan kimi deyil, dəyişilmişdir. Reşotka (qəfəs) əvvəldən orada idi, əvvəlki qonşular arasında da bu mövzuda mübahisələr olub. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Onun bacısı oğlu heç orada yaşamır, əlillərin bərpa mərkəzində yaşayır. Saat 5-dən sonra pəncərə olmasına baxmayaraq onlar da işıqları yandırır. Çünki günəş getdikdən sonra qaranlıq olmağa başlayır. Həmin reşotka(qəfəs) isə 2009-cu ildən əvvəl oradadır. Onlar sonradan heç nə qoymamışlar. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, usta kimi fəaliyyət göstərir. Cavabdehə məxsus köhnə dam örtüyü onun tərəfindən sökülərək yenisi ilə əvəz edilmişdir. Sökən zaman onun altında su çəni olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, o L.Babayev 45 ünvanında yaşayır. Cavabdeh ikinci mərtəbəni 3-4 il öncə tikmişdir. Su çəni isə dam örtüyünün altında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Bayıl döngəsi ev 20 ünvanında yaşayır. İddiaçılar və cavabdeh əvvəl yaxşı münasibətdə olsalar da, son zaman aralarında mübahisələr olur. Eşitdiyinə görə pilləkən üstündə mübahisələri olub. İkinci mərtəbə də, pilləkənin üzəri də çoxdan tikilib. Pilləkən əvvəl evin içərisində olub. Sonradan başqa adamlara satıldığından çöldə qoyublar. Su çəni cavabdehin hamamının üstündə, dam örtüyünün altında olub. Cavabdeh evində təmir işləri görüb, usta işləyən zaman görmüşdür. Hamamın üzərində olan çən axıtdığından təmir edilib, köhnə dam örtüyü yenisi ilə əvəz olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan MA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Süleyman Məlikov (2-ci Bayıl döngəsi) küçəsi, ev 20 1/12 hissədə X9 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Hüseynzadə küçəsi, ev 20 2/12 hissədə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı1 ünvan 2 ünvanında qeydiyyatdadır İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-2729/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 03 iyun 2022-ci il tarixli 10/6722 nömrəli ekspert rəyindən görünür ki: 1-ci sual üzrə: ünvan 4 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (yaşayış evinin) texniki pasportu iş materiallarına əlavə edilmədiyindən, həmin tikilinin texniki pasportdakı vəziyyəti ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. 2-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən inşa edilmiş tikiliyə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. 3-cü sual üzrə: Tədqiq olunan tikililərin iddiaçının evinə günəş şüasının və hava axının daxil olmasına, eləcə də qonşuların öz sahələrindən istifadə etmə hüquqlarına və mənafelərinə maneçilik və məhdudiyyət yaradıb-yaratmamasının, habelə insanların həyat və sağlamlığına təhlükə törədib-törətməməsinin müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. Ekspert xərclərinin dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən yeni tikilmiş ikinci mərtəbə ilə İddiaçı1 məxsus mənzil arasında kifayət qədər məsafə var. İddiaçıya məxsus mənzilə günəş şüaları və hava daxil olur. Cavabdehə məxsus su çəni cavabdehin öz mənzilinin damına qoyulmuş, üzəri dam örtüyü ilə örtülmüşdür və İddiaçı1 məxsus olan mənzilin pəncərəsinin alt hissəsindən aşağı düşür. İddiaçı2 məxsus olan mənzilin pəncərəsi ümumi həyətə baxır və pəncərənin qarşısında cavabdehə məxsus olan mənzilin birinci mərtəbəsidir və öncədən mövcud olmuş tikilidir. İddiaçıların hər hansı hüquq və mənafeyinə toxunması təsdiqini tapmamışdır. Həmçinin məhkəmə tərəfindən Cavabdeh tərəfindən inşa edilmiş tikiliyə dair müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdehin apardığı tikintinin qanunsuz aparılması, buna dair müvafiq icazələrin alınmaması kimi dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, iddiaçıların hər hansı hüquq və mənafeyinə toxunması müəyyən edilmədiyindən müvafiq icazə olmadan tikilmiş tikililərin sökülməsi və cavabdehlərin yaşayış hüquqlarının məhdudlaşdırılması ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etməkdə iddiaçıların hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 100 manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı1, 50 (əlli) manatı İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 100 manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı1, 50 (əlli) manatı İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar