Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-129/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı (Bakı şəhəri Səbail rayon Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı (Bakı şəhəri Səbail rayon Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Səriyəddin oğlu tərəfindən sökülən, Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 926 nömrəli Sərəncamına əsasən ona ayrılmış, Bakı şəhəri Səbail rayonu, Salyan şossesinin sol kənarında yerləşən 400 kv. m torpaq sahəsinə çəkdirdiyi taxta hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin hasarın əvvəlki yerinə və vəziyyətinə qaytarılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 926 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu, Salyan şossesinin sol kənarında yerləşən 400 kv. m torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsini o, taxta ilə hasarladıb içərisində 66 nömrəli bağ evi tikib yaşayır. Cavabdeh ünvan 1 ünvanında yaşayır. Ona ayrılmış torpaq sahəsinə bitişik cavabdeh özünə ev tikib. Bir müddət əvvəl cavabdeh ona ayrılmış torpaq sahəsinə çəkdirdiyi taxta hasarı sökərək 8-10 metr ona ayrılmış torpaq sahəsinə qanunsuz daxil olaraq həmin yerdə özünə obyekt tikdirmək istəyir. Dəfələrlə etdiyi şifahi xəbərdarlığa baxmayaraq cavabdeh özünün qanunsuz hərəkətlərinə qanuni don geyindirərək, şəhid ailəsi üzvü olduğu üçün buna haqqı çatdığını bildirmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində o, öz əmlakından sərbəst istifadə edə bilmir. Ona ayrılmış torpaq sahəsinə çəkdirdiyi taxta hasar cavabdehin öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzumuna uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, onlara bələdiyyə sənədi ilə verilən torpaq sahələri dövlətin mülkiyyətindədir, əvvəldən sənədlərinin saxta olduğunu bilirdi, onların həmin torpaq sahələrinə heç bir hüquqları yoxdur. Buna baxmayaraq qeyd etmək istəyir ki, əvvəldən aralarında sahə bölgüsü necə olubsa indi də elədir, onun tərəfindən heç kimin istifadəsində olan torpaq sahəsinə müdaxilə olunmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 928 saylı Sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesinin sol kənarında Bələdiyyə ərazisinə məxsus 400 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi, Bakı şəhərində 12-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında G.İ. Bağırova ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilməsi qərara alınmışdır. İş materiallaına əlavə olunmuş torpaqların alqı-satqısına dair aktdan görünür ki, 30 dekabr 2004-cü il tarixli 926 saylı qərara əsasən bələdiyyə ərazisində 400 kv.m. torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin 13 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 35,5 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində heç bir tikili mövcud deyil. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin 19 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, şərti olaraq koordinatları verilmiş sahə elektron kadastr baza məlumatına əsasən dövlət mülkiyyəti torpağıdır. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin 08 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq 400,0 kv.m təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi yol kənarı olmaqla dövlət mülkiyyətidir. Qeyd olunan sahə dövlət qeydiyyatından keçmədiyindən sualın cavablandırılması mümkün olmadı. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 3-3-16/2-10/6726 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlkin İmanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq 400,0 kv.m təşkili edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi yol kənarı olmaqla dövlət mülkiyyətidir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Qeyd oluna sahə dövlət qeydiyyatından keçməmişdir. - Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat olmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 926 nömrəli Sərəncamına istinad edərək sərəncama əsasən ona ayrılmış Bakı şəhəri Səbail rayonu, Salyan şossesinin sol kənarında yerləşən 400 kv. m torpaq sahəsinə Cavabdeh müdaxilə etməsini göstərərək onun çəkdirdiyi taxta hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin hasarın əvvəlki yerinə və vəziyyətinə qaytarılması iddiası ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək onlara bələdiyyə sənədi ilə verilən torpaq sahələrinin dövlət mülkiyyətində olduğunu, onların həmin torpaq sahələrinə heç bir hüquqlarının olmadığını, eyni zamanda buna baxmayaraq əvvəldən aralarında sahə bölgüsünün olmasını və onun tərəfindən heç kimin istifadəsində olan torpaq sahəsinə müdaxilə olunmadığını göstərmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq 400,0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi yol kənarı olmaqla dövlət mülkiyyətidir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin 08 avqust 2023-cü il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 3-3-16/2-10/6726 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlkin İmanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq 400,0 kv.m təşkili edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi yol kənarı olmaqla dövlət mülkiyyətidir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Qeyd oluna sahə dövlət qeydiyyatından keçməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 3-3-16/2-10/6726 saylı ekspert rəyini hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməsini mümkün sayır. Belə ki, ekspert rəyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, İddiaçı bələdiyyə sərəncamına istinadən ona ayrılmasını iddia etdiyi Bakı şəhəri Səbail rayonu, Salyan şossesinin sol kənarında yerləşən 400 kv. m torpaq sahəsinin məhkəmə araşdırması zamanı dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hazırda hər hansı bir aidiyyəti müəyyən edilmədiyindən onun bu cür iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir və məhkəmə hesab edir ki, həmin məbləğ İddiaçı tutulmalıdır. İddia tələbi rədd edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı (Bakı şəhəri Səbail rayon Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, dövlət rüsumu iddiaçıya aid edilməli, aparılmış ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı (Bakı şəhəri Səbail rayon Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-129/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-129/2023
19.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver