Məhkəmə qərarları › İş №2(009)-1305/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1305/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1305/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı üçüncü şəxs qismində Quba rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 BOKT MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxs qismində Quba rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 BOKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələri haqqında Y-303 saylı 05.09.2018-ci il tarixli protokolun və hərracın yekunlarına dair əmlakın alqısatqısına dair 05.09.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 11.08.2016-cı il tarixli qətnaməsinə əsasən ona məxsus Quba rayonu, 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satılması qət edilmişdir. Yalnız Quba Rayon Məhkəməsinin onların evindən çıxarılması barədə olan 08.07.2020-ci il tarixli qətnaməsinin surətini 25 yanvar 2021-ci il atrixdə alanda ona məlum olmuşdur ki, evləri cavabdeh "xxxx" MMC-nin təşkil etdiyi hərracda onların məlumatı və iştirakı olmadan 05.09.2018-ci il tarixdə digər cavabdeh «PSG Finansa» satılmışdır. Bu məlumatı alan kimi əvvəlcə evdən çıxarma barədə olan məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, buraxılmış müddəti bərpa etdirərək, sonra isə hərraca dair protokolu əldə etmək üçün tədbirlər görülmüşdür. Vaxtı itirməmək üçün Bakıdan deyil, Quba rayon İcra Şöbəsindən həmin hərracın nəticələrinə dair yekun protokolunu 15.03.2021-ci il tarixdə əldə etmiş və məlum olmuşdur ki, 05.09.2018-ci il tarixli Protokola və «hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» 05.09.2018-ci il tarixli Müqaviləyə əsasən onun mülkiyyətində və ailənin istifadəsində olan evləri banka 127.500 manata satılmışdır. Hazırda həmin ev Cavabdeh2ın mülkiyyətindədir. Bu hərrac qanunsuz keçirildiyi üçün onun nəticələrinə dair yekun protokolu etibarsız hesab edilməli və alqı-satqı müqaviləsi ləğv edilməlidir. Belə ki, bu hərrac «İpoteka haqqında» Qanunun tələblərinə əməl edilmədən, AR MM-nin tələblərinin pozulması ilə keçirilmiş və bu hal həmin yekun protokolunun etibarsız hesab edilməsini tələb edir. İpoteka haqda Qanunun 40-cı maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim qünü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Hərracın 05 sentyabr 2018-ci ildə keçiriləcəyi barədə bildiriş isə onlara təqdim edilməmiş və bu hərrac barədə onlara məlumat verilmədən keçirilmişdir və bununla da hüquqları pozulmuşdur. Belə ki, «İpoteka haqqında» Qanunun 36.1. maddəsinə əsasən borcun ipotekaya yönəlməsi barədə ipoteka qoyana mütləq məlumat verilməlidir. O, evinə dair hərracın keçirilməsi və banka çıxarış verilməsi barədə yalnız Quba Rayon Məhkəməsinin «evdən çıxarılma» iddiasına dair qətnaməsinin surətini 25 yanvar 2021-ci il tarixdə alandan sonra bilmiş və Quba rayon İcra şöbəsindən 15 mart 2021-ci il tarixdə hərracın yekun protokolunun surətini əldə etmiş və məhkəməyə müraciət etmişdir. Hərracın keçirilmə qaydalarına isə hazırki hərracın keçirilməsi zamanı riayət olunmamışdır. Hazırda mübahisələndirilən hərrac məhz Qanunun tələblərinin pozulması ilə həyata keçirildiyi üçün etibarsız hesab edilməlidir. 16 iyul 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqqdim edərək, "xxxx" MMC tərəfindən onun Quba rayonu, 1-ci Nüğədi kəndində 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair keçirilmiş 05 sentyabr 2018-ci il tarixli hərracın, Y-303 saylı 05 sentyabr 2018-ci il tarixli «hərracın nəticələrinə dair yekun protokolu»nun etibarsız hesab edilməsinə və hərracın yekunlarına dair əmlakın alqı-satqısına dair 05.09.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşmə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, iddiaçının evi qanunsuz və ona məlumat verilmədən keçirilmiş hərracda banka satılmışdır. İddiaçı hərracın keçirilməsinə dair heç bir bildiriş almamışdır. Məhkəmə iclasında cavabdeh PSG Finans» BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini, iddiaçıya hərracın keçirilməsi barədə məlumat verildiyini bildirdi və iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin və üçüncü şəxs qismində Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MMC-nin və üçüncü şəxs qismində Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx"nin 05.09.2018-ci il tarixli Hərracın nəticələri haqqında yekun Y-303 №-li protokoldan və 05.09.2018-ci il tarixli həracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 200000 manat müəyyən edilmiş, İddiaçı məxsus Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayın evinin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan "xxxx" BOKT MMC əmlakı 127500 manata almışdır. "xxxx" BOKT MMC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İşdə olan "xxxx" MMC-nin Quba rayon İcra şöbəsinə, İddiaçı və "xxxx" BOKT MMCyə ünvanlanmış 15 iyun 2018-ci il tarixli, 2810 saylı bildirişindən aydın olur ki, Quba rayon İcra şöbəsinin sifarişli məktubuna əsasən Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayın evi 200000 manat ilkin satış qiyməti ilə satılması üçün açıq hərrac 04 iyul 2018-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İşdə olan "xxxx" MMC-nin Quba rayon İcra şöbəsinə, İddiaçı və "xxxx" BOKT MMCyə ünvanlanmış 20 iyun 2018-ci il tarixli, 345 saylı bildirişindən aydın olur ki, Quba rayon İcra şöbəsinin sifarişli məktubuna əsasən Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 170000 manat satış qiyməti ilə satılması üçün açıq hərrac 08 avqust 2018-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış bildiriş heç kim tərəfindən qəbul edilməmiş və imzalanmamışdır. Mülki işdə olan "xxxx" MMC tərəfindən keçirilmiş 05 sentyabr 2018-ci il tarixli hərracın nəticələri haqqında Y-303 saylı protokola əsasən "xxxx" BOKT MMC 05 sentyabr 2018-ci il tarixdə keçirilmiş hərracın qalibi olmuş və Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 0,20 ha torpaq sahəsi 127500 manata satılmışdır. İşdə olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 05 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən Quba rayon 1-ci Nüqədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi alıcı qismində çıxış edən "xxxx" BOKT MMC-yə 127500 manata satılmışdır. Beləliklə, məhkəmə, hazırki iddia tələbinin hüquqi həlli ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti “İpoteka haqqında” Qanunun 42-ci maddəsi ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifariş aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yollarla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Qeyd edilən normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda eləcə də ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətçisi olan ipoteka qoyanın əmlak mənafeyinin pozulması ilə də nəticələnə bilər. Belə ki, ipoteka qanunvericiliyində bir nəfərin iştirakı hərracın baş tutmamış elan edilməsinə səbəb kimi çıxış etsə də, bu hal (yəni ilkin hərracda bir nəfərin iştirakı) təkrar hərracda ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilmədən saxlanılması üçün də əsas kimi müəyyən edilmişdir. Halbuki “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində, hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Məhkəmə hazırkı mübahisəyə göstərilən aspektdən yanaşaraq bildirir ki, mülki iş materiallarına əsasən "xxxx" MMC tərəfindən Quba rayon 1-ci Nüqədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair bir neçə hərrac keçirilsə də, hərrac təşkilatçısının keçirilmiş hərraclar barədə İddiaçı məlumat verilməsinin ümumiyyətlə iddiaçıya çatdırılmamış və imzalanmamışdır. Bu hal isə ona dəlalət edir ki, iddiaçıya hərracın keçirilməsinə dair bildiriş çatdırılmamış və onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, ipoteka əmlakın açıq hərracdan satılması ilə bağlı iddiaçıya hərracların keçirilməsi barədə qanunla müəyyən olunmuş qaydada bildiriş verilmədiyi və onun hərracda alıcı qismində iştirak etmək imkanının təmin olunmadığı, hərrac təşkilatçısı tərəfindən eyni ipoteka predmeti ilə bağlı ikinci dəfə hərrac keçirildiyi və ipoteka saxlayan ipoteka predmetini almaq imkanından vaxtında istifadə etmədiyi üçün “İpoteka haqqında” Qanunun 42.1-ci, 42.3-cü və 43-cü maddələrinin tələbləri kobud şəkildə pozulduğundan, Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evə dair 05 sentyabr 2018-ci il tarixli hərracın nəticələri haqqında Y-303 saylı protokol və hərracın yekunlarına dair əmlakın alqı-satqısına dair 05.09.2018-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələri haqqında Y-303 saylı 05.09.2018-ci il tarixli protokolu və hərracın yekunlarına dair əmlakın alqı-satqısına dair 05.09.2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar