Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1311/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona yazılmış 9695 manat əsassız borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ünvana sayğac çəkilişi razılaşma əsasında çəkilməli idi. Odur ki, cavabdeh tərəfindən çəkiliş gecikdirildi. Havalar çox soyuq olduğuna (evdə körpə xəstə uşağı var idi) görə ustadan xahiş etmişdir ki, qazın xəttini birləşdirsin. Usta bilmədən qonşuya yox təzə xəttə birləşdirib. Beş gündən sonra cavabdehin nümayəndələri kənar qoşulma kimi qaz verilişini dayandırıb və 5 min manat cərimə yazıb. Etirazın dəlilləri: aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan qaz xəttlərinə və üzərində quraşdırılmış iddiaçının qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlarla bağlı fotoçəkiliş aparılmış və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-ci il tarixli akt tərtib edilmiş və 9695 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Beləliklə, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozularaq qaz xətti üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən), və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, 5 günə görə şişirdilmiş qaydada cərimə hesablanmışdır, bütün binanın mənzillərinə aid olan texnika onlara aid edilməklə akt tərtib edilmişdir, halbuki iddiaçının istifadəsində yalnız 1 edəd 32 kVt gücündə kombi və 1 ədəd PQ-3 məişət qaz plitəsi var. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, abonentin mənzilində təbii qazdan sayğacsız istifadə etdiyi aşkar edildi. -Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Kombi (32 İ)-nin maksimal saatlıq qaz sərfi 3.5 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Kombi (24 İ) -nin maksimal saatlıq qaz sərfi 2.6 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin qəbul edilməklə dəymiş ziyanın həcmi 81216 m3 təşkil etmişdir. -Cavabdeh İB tərəfindən verilmiş **********00201 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2024-cü il avqust ayına qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 9745.92 manat borc hesablanmışdır. -Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 16 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mexsus ünvan 1 ünvanında abonent kodu **********00201 olan qaz sayğacına qaz sayğacından kənar istifadəyə görə hesablanan borcun məbləği, Cavabdeh təqdim etdiyi aktlarda və digər sənədlərdə göstərilən məlumatlar nəzərə alınmaqla hesablanmışdır. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 maý tarixli 80 nömreli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na (bundan sonra – Qaydalar) dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qerarı ilə müəyyən edilmişdir. Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda qeyd edilmiş qaz qurğularının maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla (2 ədəd 32 kVt gücündə kombi, 3 edəd 24 kVt gücündə kombi, 5 eded PQ-3 məişət qaz plitəsi) 51.408 m³ və ya 12.631 manat təşkil edə bilər. 3. İddiaçının istifadə və sahibliyində olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (qaz qurğularının xüsusiyyətləri, (1 edəd 32 kVt gücündə kombi və 1 ədəd PQ-3 məişət qaz plitəsi), maksimal saatlıq qaz sərfi, ilin fəsli və s. nəzərə alınmaqla) 5 gün ərzində təbii qazın sərfiyyatı 264 m³ və ya 31.68 manat təşkil edə bilər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akta əsasən, abonentin mənzilində təbii qazdan sayğacsız istifadə etdiyi aşkar edilməsi barədə akt tərtib edilmiş və buna görə 9745.92 manat ziyan hesablanmışdır. Aktdan və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının istifadəsində 2 ədəd 32 kVt gücündə kombi, 3 ədəd 24 kVt gücündə kombi, 5 ədəd PQ-3 məişət qaz plitəsi olması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şişirdilmiş qaydada cərimə hesablanmasını, bütün binanın mənzillərinə aid olan tüxnikanın onlara aid edilməklə akt tərtib edilməsini, halbuki iddiaçının istifadəsində yalnız 1 edəd 32 kVt gücündə kombi və 1 ədəd PQ-3 məişət qaz plitəsi olmasını göstərmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunvericiliyin də tələbindən görünür ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması isə həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə cavabdeh iddiaçının-istehlakçının barəsində müvafiq səlahiyyəti olan orqan tərəfindən onun təqsirini müəyyən edən qərar qəbul edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə araşdırması iddiaçı tərəfin özünün izahatında və iddia ərizəsində bildirdiyinə görə istehlakçı İddiaçı qazdan 5 gün sayğacdan kənar istifadə etmişdir. Bundan başqa, aktdan və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının istifadəsində 2 ədəd 32 kVt gücündə kombi, 3 ədəd 24 kVt gücündə kombi, 5 ədəd PQ-3 məişət qaz plitəsi olması göstərilsə də, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının istifadəsində yalnız 1 edəd 32 kVt gücündə kombi və 1 ədəd PQ-3 məişət qaz plitəsi olmasını göstərmişdir ki, məhkəmə iddiaçının verdiyi məlumatı daha ağlabatan və inandırıcı sayır. Belə ki, cavabdeh tərəf iddiaçının istifadəsində 2 ədəd 32 kVt gücündə kombi, 3 ədəd 24 kVt gücündə kombi, 5 ədəd PQ-3 məişət qaz plitəsi olması göstərilsə də, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının istifadəsində yalnız 1 edəd 32 kVt gücündə kombi və 1 ədəd PQ-3 məişət qaz plitəsi olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 16 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında abonent kodu **********00201 olan qaz sayğacına qaz sayğacından kənar istifadəyə görə (qaz qurğularının xüsusiyyətləri, (1 edəd 32 kVt gücündə kombi və 1 ədəd PQ-3 məişət qaz plitəsi), maksimal saatlıq qaz sərfi, ilin fəsli və s. nəzərə alınmaqla) 5 gün ərzində təbii qazın sərfiyyatı 264 m³ və ya 31.68 manat təşkil edə bilər. Məhkəmə qeyd edir ki, abonentin saldosundan görünür ki, akta əsasən dəymiş zərərin əvəzi 9745.92 manat hesablanmış, iddiaçı tərəfindən 50 manat ödəniş edilmiş, hazırda 9695.92 manat qalıq borc qalmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla 5 gün üçün dəymiş zərərin 31.68 manat təşkil etməsi və 50 manat ödəniş edilməsi müəyyən edilmişdir ki, belə olan halda iddiaçının 9695 manat hesablanmış borcun silinməsini tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 9695 (doqquz min altı yüz doxsan beş) manat İddiaçı-abonent kodu **********00201 saylı abunə hesabından silinməli, 116 (bir yüz on altı) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 9695 (doqquz min altı yüz doxsan beş) manat İddiaçı-abonent kodu **********00201 saylı abunə hesabından silinsin. 116 (bir yüz on altı) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1311/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1311/2025
08.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver