Məhkəmə qərarları › İş №2(009)-1315/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1315/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1315/2022 21.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2(032)-190/2016 saylı icra vərəqəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin sifarişi əsasında ona məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh təşkilatda hərraca çıxarılmışdır. Lakin hərrac qanunvericiliyə uyğun olaraq keçirilməmişdir. Qanunvericiliyin tələbinə əsasən hərrac təşkilatçısı hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində və özünün rəsmi saytında elan dərc etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə hərrac təşkilatı ipoteka qoyan kimi ona bildiriş göndərməli olduğu halda bunu da etməmişdir. Ümumiyyətlə hərracın keçirilməsindən məlumatı olmamışdır. Bundan əlavə, ona məxsus fərdi yaşayış evinin hərrac keçirilən zaman qiyməti 100.000 manatdan artıq olsa da, fərdi yaşayış evi sonda 38250 manata satılmışdır. Hərrac 2015-ci ilin orta bazar qiymətinə uyğun keçirilmişdir. Cavabdeh2 ASC cavabdeh təşkilatla qabaqcadan əlbir olaraq ona məxsus fərdi yaşayış evini dəyərindən təxminən 4 dəfə ucuz qiymətə alaraq ona ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, hərracın keçirilməsində məlumatı olsa idi, hər hansı bir vasitə ilə banka satılan qiymətə özü də ala bilərdi. Lakin hərrac təşkilatı tərəfindən hər hansı bildiriş onlara göndərilməmişdir. Bank mənzildən çıxarılma ilə bağlı məhkəməyə müraciət etdikdə hərracın keçirilməsindən məlumatı olmuşdur. Lakin hüquqlarını bilmədiyindən vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC-nin və məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Cavabdeh2 ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Cavabdeh2 ASC-nin nümayəndəsi iddiaya qarşı yazılı etirazı məhkəməyə ünvanlayaraq göstərmişdir ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiası təmin edilməməli və bu barədə müvafiq qətnamə qəbul edilməlidir. İlk növbədə bildirir ki, İddiaçı iddia ərizəsində guya hərracın AR Mülki Məcəlləsinin və İpoteka haqqında AR Qanununun bir sira normalarının tələblərini pozmaqla keçirildiyini qeyd etsə də, bu tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin bildirmək istəyir ki, iddiaçı Cavabdeh2 ASC cavabdehlər İddiaçı və X2 qarşı qeydiyyatda olan şəxslərin əşyaları ilə birlikdə mənzilin boşaldılması, istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, Şirvan şəhər Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli 2(032)-190/2016 saylı qətnaməsinə uyğun olaraq, X1 məxsus ünvan 1 ünvanda 0.0414 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 10 sentyabr 2018-ci il tarixdə hərrac vasitəsilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ Cavabdeh2SC-yə keçmiş və bu huquq xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Əmlakın keçmiş mülkiyyətçisi yaşayış sahəsini 1 ay müddətə boşaltmalı olduğu halda bu günədək vəzifəsini icra etməmişdir. Cavabdehlərin fərdi yaşayış evindən çıxmaması bankın mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən, cavabdehlər İddiaçı və Əliyeva Ülkər Əsəd qızı və digər şəxslər tərəfindən mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərinə son qoyularaq, istifadə hüquqlarına xitam verilməsi və ünvan 1 ünvanda 0.0414 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evində yaşayan şəxslərin əşyaları ilə birlikdə həmin mənzili boşaltmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-817/2019 nömrəli, 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər İddiaçı və Əliyeva Ülkər Əsəd qızının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmklə, onların əşyaları ilə birlikdə həmin evi boşaltmaları, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, cavabdehlərdən dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh2SC-yə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın 2(106)- 3042/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-817/2019 nömrəli, 03 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdehlər İddiaçı və Ülkər Əliyeva tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-817/2019 nömrəli, 03 iyun 2019cu il tarixli qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin MK-nin 2(102)-886/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehlər İddiaçı və Əliyeva Ülkər Əsəd qızının verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsi MK-nın 2(106)-3042/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda sadalanan məhkəmə qərarları bunu deməyə əsas verir ki,İddiaçı ən azından 2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 10 sentyabr 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolu və müqavilə əsasında satılmasından xəbərdar olmuşdur.Bununla belə yalnız 2022-ci il tarixdə həmin protokol və müqavilənin etibarsız hesab olunmasına dair iddia tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, AR MM-nin 354.2-ci maddəsinə əsasən ”Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər”. Yuxarıda qeyd olunanlara əsasən xahiş edir ki, İddiaçı cavabdeh "xxxx"MMC və 3-cü şəxs Cavabdeh2 ASC-yə qarşı "xxxx"MMC tərəfindən keçirilmiş 10 sentyabr 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilsin. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2507/17 saylı, xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14033-1/225141 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı 35889,12 ABŞ dolları məbləğində kredit borcu, 4929,21 ABŞ dolları məbləğində faiz borcu, 2614,21 ABŞ dolları məbləğində penya, cəmi 43432,54 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla pul alınaraq iddiaçı Cavabdeh2 ASC-nə verilməsi, xx.xx.2014-cü il tarixli 14033-1/225141İ ipoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan ünvan 3 ünvanında olan 0,0414 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91,3 kv.m., yaşayış sahəsi 44,3 kv.m., yardımçı sahəsi 47 kv.m. ibarət olan 2 otaqlı fərdi yaşayış evi açıq hərracda satılmaqla 43.432,54 ABŞ dolları məbləğində pulun alınması barədə tələb həmin əmlaka yönəldilməsi, ünvan 4 ünvanında 0,0414 ha torpanq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 91,3 kv.m., yaşayış sahəsi 44,3 kv.m., yardımçı sahəsi 47 kv.m. ibarət 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçı Cavabdeh2 ASC-nin tələblərindən artıq olduqda, artıq məbləğin cavabdeh İddiaçı qaytarılması, cavabdeh İddiaçı dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh2 ASC-nə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-190/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli, Y- 775 No-li yekun protokolun kserosurətinə əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-190/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin 2788-11 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0414 ha torpaq sahəsi ilkin satış qiyməti 60.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 38250 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin kserosurətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0414 ha torpaq sahəsi 38250 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın kserosurətinə əsasən ünvan 3 ünvanında olan 0,0414 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91,3 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin mülkiyyətindədir. İş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-817/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və Əliyeva Ülkər Əsəd qızının ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, onların əşyaları ilə birlikdə həmin evin boşaldılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, cavabdehlər İddiaçı və Əliyeva Ülkər Əsəd qızından dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh2 ASC-nə verilməsi qət edilmişdir. İş üzrə Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-3042/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-817/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı və Ülkər Əliyeva tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-817/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlərin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-886/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, cavabdehlər İddiaçı və Əliyeva Ülkər Əsəd qızının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-3042/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14033-1/225141 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı 35889,12 ABŞ dolları məbləğində kredit borcu, 4929,21 ABŞ dolları məbləğində faiz borcu, 2614,21 ABŞ dolları məbləğində penya, cəmi 43432,54 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla pul alınaraq iddiaçı Cavabdeh2 ASC-nə verilməsi, xx.xx.2014-cü il tarixli 14033-1/225141İ ipoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan ünvan 3 ünvanında olan 0,0414 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91,3 kv.m., yaşayış sahəsi 44,3 kv.m., yardımçı sahəsi 47 kv.m. ibarət olan 2 otaqlı fərdi yaşayış evi açıq hərracda satılmaqla 43.432,54 ABŞ dolları məbləğində pulun alınması barədə tələb həmin əmlaka yönəldilməsi, ünvan 4 ünvanında 0,0414 ha torpanq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 91,3 kv.m., yaşayış sahəsi 44,3 kv.m., yardımçı sahəsi 47 kv.m. ibarət 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçı Cavabdeh2 ASC-nin tələblərindən artıq olduqda, artıq məbləğin cavabdeh İddiaçı qaytarılması, cavabdeh İddiaçı dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh2 ASC-nə verilməsi qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" MMC Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin sifarişi əsasında hərrac proseduruna başlamış, ipoteka predmetinin satılması ilə əlaqədar ilkin və təkrar hərraclar keçirmiş, təkrar hərrac baş tutmadığı üçün ipoteka predmeti banka təklif olunmuş və bank həmin əmlakı xx.xx.2018-ci ildə almışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun nə hərracların keçirilməsindən, nə də əmlakının aşağı qiymətə banka satılmasından məlumatı olmamışdır. Bu səbəbdən iddiaçı keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hərracın keçirilməsi və evin bank tərəfindən alınması barədə məlumatı olmadığını iddia etsə də, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, bank hərracın nəticələrinə dair yekun protokol əsasında ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etdikdən sonra iddiaçıya və digər şəxslərə qarşı qaldırdığı iddia tələbləri təmin edilmiş, İddiaçı və Əliyeva Ülkər Əsəd qızının ünvan 4 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, onların əşyaları ilə birlikdə həmin evin boşaldılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və Əliyeva Ülkər Əsəd qızının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının hərracın keçirilməsi və mübahisəli evin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2019-cu ildə məlumatı olmuşdur. Lakin buna baxmayaraq hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən 2022-ci ilin may ayında, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hərracın etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürmək üçün məhkəməyə müraciət etmə müddəti (bir il) ötürülmüşdür. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə iddiaçının hərracın keçirilməsi nəticəsində ipoteka predmeti olan daşınmaz əmlak üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüququnun yaranmasını, mülkiyyətçi kimi bank tərəfindən onlara qarşı qaldırılan iddia üzrə keçirilən məhkəmə proseslərində iştirak etməsini, qəbul edilən məhkəmə aktlarının mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, iddiaçının hərracın nəticələri barədə yekun protokoldan və əmlakın banka satılmasına dair müqavilənin mövcudluğundan məlumatı olsa da, yekun protokol və müqavilənin etibarsızlığı ilə bağlı tələbi 1 il müddət keçdikdən sonra məhkəməyə vermiş və müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hərracın keçirilməsi ilə bağlı qəbul edilmiş protokolun – hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair tələb bir il müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar