Məhkəmə qərarları › İş №2(009)-1326/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1326/2021

09.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1326/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi və onun vəkili X1, Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi – maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.04.1980-ci il təvəllüdlü X3 ruhi xəstə olması səbəbindən fəaliyyət qabiliyyətsiz olması və onun qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X9 onun qızıdır. O, yetkinlik yaşına çatmayan dövrdən 1995-ci ildən ruhi xəstədir və 1997-ci ildən hazıra qədər bu xəstəliyi ilə bağlı müavinət alır. 13 sentyabr 2018-ci ildən Səbail rayon İcra Hakimiyyətinin Başçısının 133 saylı sərəncamı ilə o, Səbinənin ruhi xəstə olmasına görə qeyri rəsmi nikahdan olan ki azyaşlı uşaqları 10.12.2006-cı il təvəllüdlü X10 və 08.09.2011-ci il təvəllüdlü X4 qəyyum təyin olunmuşdur. Qızı ruhi xəstə olduğuna görə onun himayəsində olmasına baxmayaraq rəsmi qaydada onun hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Ona görədə qızı X3 fəaliyyət qabiliyyətsiz hesab edilməklə onun qəyyum təyin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qızı 15.04.1980-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi və onun vəkili X6 ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin, onun vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15.04.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 15400148 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 15.04.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Psixitatrik Xəstəxanası tərəfindən verilmiş xəstənin tibbi kartasından çıxarışdan görünür ki, 15.04.1980-ci il təvəllüdlü X9 İİ qpup əlil olmaqla ona “debillik dərəcəsində kəmağıllıq davranışın pozulması ilə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 04.08.2021-ci il tarixli, 1714 saylı rəyində belə qərara gəlinmişdir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas vardır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi qızı X3 İİ qrup əlillik dərəcəsi olmaqla, o, sərbəst şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Məhkəmə prosessual qanunvericiliyin verdiyi imkandan (MPM-nin 319-cu maddəsindən) yararlanaraq X3 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın 04.08.2021-ci il tarixli, 1714 saylı rəyində X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olduğu göstərilmişdir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15.04.1980-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsas olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 15.04.1980-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar