Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1365/2022 02.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi və Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində 02 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X4 anadan gəlmə iflic və 20 yaşından sonra epilepsiya xəstəsidir. Tam əmək fəaliyyətsizdir. 1-ci dərəcəli əlildir. Odur ki, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsini müdafiə edib, ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. O, eyni zamanda bildirmişdir ki, ərizəçi Füzuli rayonunda qeydiyyatda olduğundan himayəçi təyin edilməsi məsələsinə Səbail rayon İcra Hakimiyyəti yox, Füzuli rayon İcra Hakimiyyəti baxmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ƏƏSMF-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsində qeyd edilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü X4 birinci dərəcəli əlildir və ona kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya, nitqin və hərəki dayağın pozulmaları diaqnozu qoyulmuşdur. AZE seriyalı 17585676 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1989-cu il təvəllüdlüdür. Bundan başqa Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə xx.xx.1989-cu il təvəllüdlü X2 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2055 saylı rəyində qeyd edilir ki, xx.xx.1989-cu il təvəllüdlü X3 uşaq serebral iflici ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunları nəzərə alaraq, belə qənaətə gəlinir ki, X4öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. xx.xx.1989-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.1989-cu il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası MPM-nın 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar xx.xx.1989-cu il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Ona görə də ərizə əsaslı olmaqla təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin edilməsi qəyyumçuluq və himayəçilik orqanına həvalə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. xx.xx.1989-cu il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi Füzuli Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1365/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1365/2022
02.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver