Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1384/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili İ.H.Əhmədovun, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi M.M.Cabbarovun iştirakları ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, 06.02.2019-cu il tarixdə “xxxx” MMC tərəfindən tərtib edilmiş Y-69 saylı protocol ilə sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2018-ci il tarixli və 2(105)- 2970/2017 saylı icra vərəqəsi əsasında keçirilmiş hərrac ilə mülkiyyətində olan və Sumqayıt şəhəri, 10cu mikrorayon, 65 saylı evin, 87 saylı mənzili 32.512 manat qiymət müəyyənləşdirilərək “xxxx” ASC-nin mülkiyyətinə verilmişdir. Hesab edir ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla həyata keçirilmiş və nəticədə onun həm mülki qanunvericilik ilə həm də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Belə ki, əmlakın ilkin satış qiyməti 51.000 manat müəyyən edilməsinə baxmayaraq, yekun olaraq 32.512 manat məbləğində pula ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Yekun hərracın keçirildiyi tarixdə əmlakın real bazar qiyməti 80.000 manat məbləğində olmasına baxmayaraq, yekun olaraq 32.512 manat ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2018-ci il tarixli və 2(105)-2970/2017 saylı icra vərəqəsi əsasında “xxxx” MMC tərəfindən 06.02.2019-cu il tarixdə tərtib edilmiş və mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 87 saylı mənzilin 32.512 manata “xxxx” ASC-nin mülkiyyətinə verilməsinə dair Y-69 saylı yekun protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tərəfin hərracın keçirilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş “xxxx” KB ASC-nin nümayəndəsi X2 öz izahatında göstərmişdir ki, hərrac tam qanuni əsaslarla həyata keçirilmişdir. İlkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında tərəfin hərracın keçirilməsindən məlumatı olmamasını göstərir. İddia ərizəsində isə tələbin əsası kimi fərqli hal göstərilmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, iddiaçı bankın aldığı həmin əmlakları bankdan geri ala bilər. Hətta bankın aldığı qiymətdən də aşağı qiymətə danışıqlar vasitəsi ilə əmlak onlara satıla bilər. Hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh «xxxx» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə “xxxx” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-69 No-li protokolun kserosurətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2970/2017 saylı, 25.05.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 28484/24, 20.11.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr yerləşən 65 saylı evin 87 saylı mənzili ilkin satış qiyməti 51.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 32512,50 manata “xxxx” KB ASC-yə təklif olunmuşdur. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 06.02.2019-cu il tarixli müqavilənin kserosurətinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr yerləşən 65 saylı evin 87 saylı mənzili 32512,50 manata “xxxx” KB ASC-yə satılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2018-ci il tarixli 2(105)-2970/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhər icra şöbəsi tərəfindən “xxxx“ MMC-yə sifariş verilmişdir. Həmin sifariş əsasında iddiaçının mülkiyyətində olan və üzərinə məhkəmə qətnaməsi ilə tutma yönəldilmiş Sumqayıt şəhəri, 10-cu mkr., 65 saylı evin 87 saylı mənzili ilkin satış qiyməti 51000 manat olmaqla hərraca çıxarılmışdır. İlkin hərracda alıcı olmadığı üçün təkrar hərracda mənzilin satış qiyməti əvvəl 15% aşağı salınmış və təkrar hərracda da alıcı olmadığı üçün mənzilin 25% aşağı qiymətə, yəni 32512,50 manata banka təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə həyata keçirilmiş, ilkin satış qiyməti 51000 amnat olduğu halda mənzil 32512 manat ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Digər tərəfdən hərrac keçirildiyi tarixdən əmlakın real bazar qiyməti 80000 manat olmasına baxmayaraq, yekun olaraq 32512 manata satılmışdır. Bu səbəbdən iddiaçı keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş etmişdir. “İpoteka haqqında” AR Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi mənzilin hərracda satılması ilə bağlı ilkin satış qiyməti hərrac təşkilatı deyil, hərracı sifariş edən orqanın müəyyən edilir. Yəni hərrac təşkilatı “İcra haqqında” AR Qanununa əsasən hərracın sifarişində əks olunan qiymət əsasında ipoteka predmetinin satışını təşkil edir və həmin qiymət hərrac keçirilən tarixə əmlakın real bazar dəyərini əks etdirmiyə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan və hərraca çıxarılan mənzilin ilkin satış qiyməti qanunun tələblərinə əsasən müəyyən olunduğu üçün, mənzilin real bazar dəyərindən aşağı qiymətə satılması ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Digər tərəfdən iddiaçı hərrac keçirilən vaxtı mülkiyyətində olmuş əmlakın real bazar dəyərinin 80000 manat olması ilə bağlı da hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətnin 51000 manat olmasına baxmayaraq, 32512 manata ipoteka saxlayanın mülkiyyətinə verilməsi ilə bağlı iddiaçının dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən hərrac təşkilatçısı ilkin hərrac zamanı ipoteka predmetini ilkin satış qiyməti ilə satışa çıxarır. Hərracda ən azı iki alıcı olmadıqda və yaxud hərracın iştirakçısı olmadıqda, hərrac təşklatçısı təkrar hərrac keçirir və təkrar hərracda ipoteka predmetinin satış qiyməti 15% aşağı salınır. Təkrar hərracda da iştirakçı olmadıqda hərrac baş tutmamış elan edilir və bundan sonra ipoteka predmeti təkrar hərracdakı qiymətdən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunur. Nəzərə alsaq ki, ipoteka predmetinin ilkin satış qiyməti 51000 manat olmuşdur, bu halda onun təkrar hərracdakı qiyməti 43350 manat(51000*15% / 100 = 7650 manat. 51000-7650= 43350), təkrar hərracdan sonra ipoteka saxlayana təklif olunan halda isə onun qiyməti 32512,5 manat (43350*25 / 100= 10837,5. 43350-10837,5= 32512,5) təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, hərrac təşkilatıçısı tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə əsasən həyata keçirildiyindən, təkrar hərracın baş tutmaması ilə bağlı ipoteka predmeti ipoteka saxlayan tərəfindən düzgün müəyyən edilmiş alış qiyməti (32512,5 manat) əsasında alındığından, hərracın və onun nəticələrinin (yekun protokolun və alğı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər əsassız hesab edilməli və bu səbəbdən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı hərracın nəticələri haqqında Y-69 saylı 06.02.2019-cu il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1384/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1384/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver