Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1408/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Zümrüd Alıevanın iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 iyul 2023-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanına yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən ******* nömrəli akt tərtib olunmuşdur. Aktda bildirilir ki, guya iddiaçı sayğacdan kənar istifadə etmişdir. Lakin bu yalandır, akt tərtib olunarkən iddiaçının xəbəri olmamışdır. Fotoşəkillərdən də görünür ki, iddiaçı qaz sayğacına heç bir müdaxilə etməmişdir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, sözügedən yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış və akta əsasən “ sayğac çıxış plastmas borusu deşilib, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh İB arasında qazın alqısatqısı barədə müqavilə imzalanmışdır. Həmin tarixdə iddiaçı ilə cavabdeh arasında qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə itirilmiş qazın bərpasına görə akt tərtib edilmişdir. Tərtib edilmiş akt nəticəsində iddiaçıya cərimə borcu yazılmışdır. İşin bu halları iddiaçının izahatı, iş materiallarında olan ******* nömrəli aktla, qaz sayğacının yoxlanılması barədə 25 aprel 2023-cü il tarixli aktla və abonentin saldosu ilə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti, qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən istehlakçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, istehlakçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1,350 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evə borc düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə istehlakçı məsuliyyət daşımadığından, istehlakçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin istehlakçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə hesablanmış 1,350 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 33,50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən ünvan 1 ünvanında yerləşən evə (abonent kodu **********10000) itirilmiş qaz sərfinə görə hesablanmış borc silinsin. 33,50 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1408/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1408/2023
19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver