Məhkəmə qərarları › İş №2(009)-145/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-145/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-145/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Məmməd oğlunun – cavabdeh “X2 Mərkəzi” MMC-yə (üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qeyd edilən və “xxxx” ASC üçüncü şəxs kimi cəlb edilən) qarşı “hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd oğlunun – cavabdeh “X2 Mərkəzi” MMC-yə (üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qeyd edilən və “xxxx” ASC cəlb edilən) qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X6 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və “X2 Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair xx.xx.2017-ci il tarixli Y-333 saylı protokolunun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “xxxx (Azərbaycan)” ASC dən kredit almaqla ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X6 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evini girov qoymuşdur. O, ödənişləri vaxtında yerinə yetirmədiyi üçün Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Bildirmək istəyir ki, ona məxsus əmlak 450.000 manat qiymətləndirilməklə “İpoteka haqqında” Qanunun tələblərinə əsasən satılması üçün hərraca çıxarılmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 63/8YQ saylı xx.xx.2016-ci ilin sifariş məktubu ilə əmlakı hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2016-cı il tarixli 5369 saylı bildirişdən görünür ki, ilkin salış qiyməti 450.000 manat olmaqla xx.xx.2016-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X6 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinin açıq hərracda satılmasına dair bildiriş göndərilmişdir. Həmin hərrac barədə də onun məlumatı olmamışdır. Birinci hərrac baş tutmadığından “X2 Mərkəzi” MMC xx.xx.2017-ci il tarixdə təkrar hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli 5760 saylı bildiriş göndərmiş, həmin bildiriş də ona çatmamışdır. Onun ümumiyyətlə bu hərracların necə və nə vaxt keçirilməsinə dair məlumatı olmamışdır. Ümumiyyətlə isə o, həmin evdə yaşamır, məktubların hamısı həmin evə göndərilmiş və onun tərəfindən heç biri alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdeh “X2 Mərkəzi” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx (Azərbaycan)” ASC-in nümayəndəsi X4 hazırki iddia tələbi ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, hərracın keçirilməsi zamanı məhkəmə qətnaməsi üzrə iddiaçının qeydiyyatda olduğu ünvana “açıq hərracın keçirilməsinə dair bildiriş”lər göndərilmiş və eyni zamanda hərracın təşkili haqqında məlumat əldə etmək üçün “Birja” qəzetində elan verilmişdir. Açıq hərracın keçirilməsinə dair iddiaçının kifayət qədər vaxtı olmuşdur ki, icra icraatı ilə maraqlansın və mübahisəli əmlakı hərracdan satın alsın. Həmçinin iddiaçı bildirişlərin göndərildiyi ünvanda yaşamamsı səbəbi ilə onları qəbul etmədiyini bildirərək inkar etsə də, məhkəməyə təkrar iddia tələbi ilə müraciəti zamanı o, qeydiyyat yeri kimi eyni ünvanı göstərmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5211/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1399/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamədə müəyyən olunmuş hallar hazırda tələb irəli sürən şəxsə məlum olduğundan iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 372.2, 354.2, 375.2 və 377-ci maddələri baxımından, verilmiş iddia ərizəsi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1399/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Məmməd oğlu cavabdehlər «X2 Mərkəzi" MMC-yə və “xxxx (Azərbaycan)” ASC-yə qarşı «hərracın etibarsız hesab edilməsi, verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X6 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi, X2 Mərkəzinin hərracın nəticələrinə dair xx.xx.2017-ci il tarixli Y-333 saylı protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “xxxx” ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi “iddiaçının hərracın təyin olunması və keçirilməsindən kifayət qədər məlumatının olması, həmçinin iş materialları ilə hərracın qanunun tələblərinə riayət edilməklə keçirildiyi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə uyğun olaraq 335.000 manat ilkin satış qiyməti ilə xx xxxxx 2017-ci il tarixdə hərraca çıxarıldığı, ilkin hərracın baş tutmaması səbəbindən ilkin satış qiymətinin 15% azaldılaraq xx xxx 2017-ci il tarixdə təkrar hərraca çıxarıldığı və təkrar hərracın da baş tutması səbəbindən "xxxx” (Azərbaycan) ASC-nin ipoteka saxlayan olaraq hüququndan istifadə edərək, 1 ay müddəti ötürmədən xx xxxx 2017-ci il tarixdə təkrar hərracdakı qiymətdən, yəni 335.000 manatdan 25% az 213.563 manat qiymətinə ipoteka predmetini qəbul etdiyi, həmçinin ipoteka predmeti olmuş Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X6 küçəsi 9 «A» saylı fərdi yaşayış evinin satılması məqsədilə "X2 Mərkəzi" MMC tərəfindən keçirilmiş hərracın nəticələrini əks etdirən xx.xx.2017-ci il tarixli Y-333 nömrəli protokolun etibarsız sayılması üçün hər hansı bir əsas yoxdur” – qənaətinə gələrək qeyd edilən qətnaməsi ilə İddiaçı Məmməd oğlunun - cavabdehlər «X2 Mərkəzi" MMC-yə və “xxxx (Azərbaycan)” ASC-yə qarşı «hərracın etibarsız hesab edilməsi, verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-202/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1399/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5211/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-202/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı Məmməd oğlunun hazırki iddia tələbi ilə “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş Y-333 nömrəli, xx xxxx 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müavilənin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Məhkəmə vurğulamağı vacib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı Məmməd oğlu və cavabdeh “X2 Mərkəzi” MMC) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1399/2018 saylı qətnaməsi İddiaçı Məmməd oğlu ilə üçüncü şəxs “xxxx” (Azərbaycan) ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X6 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Y-333 nömrəli, xx xxxx 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qətnamə ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Məhkəmə üçüncü şəxs “xxxx (Azərbaycan)” ASC-in nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə, məhkəmə mübahisəsi üzrə tərəflərin iddiaçı və cavabdeh olduğunu, “xxxx (Azərbaycan)” ASC-in isə hazırki işə cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyini nəzərə alaraq, onun tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirməyi məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Məmməd oğlunun – cavabdeh “X2 Mərkəzi” MMC-yə (üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qeyd edilən və “xxxx” ASC cəlb edilən) qarşı “hərracın etibarsız hesab edilməsi və s.” barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Məmməd oğlunun cavabdeh “X2 Mərkəzi” MMC-yə (üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qeyd edilən və “xxxx” ASC cəlb edilən) qarşı “hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar