Məhkəmə qərarları › İş №2(009)-1476/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1476/2025

22.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1476/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə daimi (faktiki) olaraq yaşayır. xx.xx.2023-cü il tarixdə qeyd etdiyi mənzilinə quraşdırılmış qaz sayğacına dair qaz kartına pul yükləmiş və sonradan elə həmin pul məbləğini sözügedən qaz kartı vasitəsi ilə sayğaca köçürmək istəyərkən ödəniş etdiyi məbləğin sayğaca tən yarısının yükləndiyini görmüşdür. Sonradan, yəni sayğacın dəyişdirilməsindən sonra ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən onu 1000 manat məbləğində cərimə etmişlər. Bununla bağlı Cavabdeh İB-nin əməkdaşları ona məlumat vermişlər. O, isə buna etiraz edərək, bununla bağlı olaraq, həmin günün səhəri Cavabdeh İB-nin “185” qaynar xətti ilə əlaqə yaradaraq, mövcud problemi onların nəzərinə çatdırmışdır. Bunun üçün Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinə müraciət etməsini tövsiyə etmişlər. Həmin quruma müraciət etdikdə ona güya ki, qazdan qeyri-qanuni istifadə edilməsi və bunun nəticəsi olaraq da onun 1000 manat məbləğində cərimə olunması bildirilmişdir. Bundan sonra ona ******* saylı, xx.xx.2023-cü il tarixli aktın surətini vermişlər. Bundan sonra ona məlum olmuşdur ki, onun barəsində onun iştirak və xəbəri olmadan qanunsuz və ədalətsiz akt tərtib edilmişdir. ******* saylı, xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, “sayğacın hesablama mexanizminin qoruyucu qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır”. Aktda qeyd olunanlar həqiqətə ziddir. Nəticə etibarı ilə deyə bilər ki, onun təqsiri olmadan cavabdeh onun barəsində müəyyən məhrumiyyətlər yaradaraq, qanunsuz və əsassız olaraq pulunu mənimsəyir, əsassız varlanır. Bütün bu olanlar onu dərindən sarsıldaraq əsəbləşdirir. Çünki qaz idarəsinin əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq o, əsəb hissi keçirir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İB-nin qanunazidd hərəkətlərinin dayandırılması, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, sayğac evdən kənarda quraşdırılmış, hər ay nəzarətçi sayğaca baxış keçirib sərfiyyatı müəyyən etmiş, bunun əsasında aylıq ödənişləri həyata keçirmişdir. Sayğacın dəyişdirilməsindən və nə üçün dəyişdirilməsinə məlumatı olmamışdır. Hazırda da Smart-kart tipli sayğac quraşdırılmışdır. Karta pul yükləyərkən kəsilmə aşkar etdikdən sonra maraqlanmışlar ki, bu nə üçün belədir, onlara bildirmişlər ki, cərimələri var, ödənişin yarı hissəsi cəriməyə silinir. Ona görə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanan ərizədə cavabdehin nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent Cəlil Həsənovun yaşadığı ünvanda qaz sayğacı sayğac qaz sərfiyyatını qeydə almaması ilə əlaqədar yenisi ilə əvəzlənmişdir. İş üzrə Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5- 8609/Q001 saylı akta əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki, sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğac istismara yararsızdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, 14-2-2/3-5-8609/Q001 saylı rəyə əsasən **********0 No-li sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi, sayğac istismara yararsız olması müəyyən edilmişdir. İş üzrə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-8609/Q001 No-li aktına əsasən G-4 markalı **********0 No-li sayğacın “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” nöqsan aşkar edilmiş, ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 6480 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonent İddiaçı (kod **********00072) abonent saldosundan görünür ki, ona 2023-cü ilin avqust ayında 6480 kub metr əlavə sərfiyyata uyğun 777,60 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X2»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə aid olan sayğacına baxış keçirilmiş, sayğac qaz sərfiyyatını qeydə almaması ilə əlaqədar sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra MSK-14-2-2/3-5-8609/Q001 saylı akt tərtib edilmişdir. Akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının ail hissəsi deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “qaz itkisi, müdaxilə” halının olması müəyyən edilmişdir. Həmin akt əsasında xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə dəymiş ziyanın həcmi kimi 6480 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı evdən kənarda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Həmin sayğac laboratoriya şəraitində yoxlanarkən sayğacın istismara yararsızlığı barədə akt tərtib edilmiş, onun bundan məlumatı olmamış, akt əsasında onun abunə hesabına cərimə yazılmışdır. Bu səbəbdən iddiaçı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının abunə hesabına yazılmış 777,60 manat məbləğində borc cavabdeh təşkilatın tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qəbul edilmiş qərara əsasən yazılsa da, iddiaçı tərəfindən irəli sürülmüş tələb yalnız aktdan irəli gələn hüquqi nəticənin (borcun silinməsi) ləğv edilməsi hissəsində əsaslı hesab edilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac laboratoriya şəraitində yoxlandıqdan sonra həmin sayğacda qüsurlar aşkar edilmiş və həmin qüsurları yoxlamanı aparan komissiya sayğaca müdaxilə faktı kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt və Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli qərarı əsasında (dəymiş ziyanın bərpasına dair Tələbnamə) iddiaçıya 6480 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 777,60 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 777,60 manat borc xx.xx.2023-cü il tarixli qərar əsasında yazılmış, həmin qərar isə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə ******* saylı akt müvafiq laboratoriyanın yoxlaması nəticəsində tərtib olunduğu üçün və laboratoriyada aparılan yoxlamanın qanuni olubolmaması hazırkı mübahisənin predmeti olmadığı üçün, həmin yoxlamanın nəticəsi olaraq tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli akt qanunsuz hesab edilə bilməz. Yəni göstərilən akt özündə yalnız sayğacda aşkar edilmiş qüsurları əks etdirdiyindən, həmin qüsurların isə olub-olmaması ilə bağlı hər hansı mübahisə olmadığından, iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Lakin məhkəmə həmin aktın hüquqi nəticələrinin ləğv edilməsi, yəni akt əsasında iddiaçının abunə hesabına yazılmış 777,60 manat borcun silinməsi ilə bağlı qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin maddənin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.1.7-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus evə quraşdırılmış və evdən kənarda yerləşən sayğaca onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, həmin sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsini Cavabdeh İB daşıyır. Hazırkı işin araşdırılan halları ilə iddiaçının evindən kənarda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə etməsi halı sübuta yetməmişdir. Eyni zamanda aşkar edilmiş qüsur laboratoriya şəraitində müayinə zamanı müəyyən edilmiş, həmin müayinədə iddiaçının iştirakı təmin edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya qaz sayğacına müdaxilə etməsi ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 777,60 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Çernyaxovski küçəsində yerləşən ö/t 7B saylı evə dair Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00072) yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar