Məhkəmə qərarları › İş №2(009)-1485/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1485/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1485/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı2 nümayəndəi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh “X2 Mərkəzi” MMC-yə qarşı (3-cü şəxs kimi ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) “Hərracın etibarsız sayılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh “X2 Mərkəzi” MMC-yə qarşı (3-cü şəxs kimi ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) “Hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 54 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli 8İ-5401 nömrəli icra qeydi əsasında Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən başlanmış icraata başlamaq haqqında qərara uyğun olaraq, tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan ipoteka predmetinə - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyriyaşayış sahəsinə dair cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən qanunla müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə “xxxx” ASC arasında xx.xx.2018-ci il tarixində 99/OOOl/OBK nömrəli «kredit xətti müqaviləsi» bağlanmışdır. Bağlanmış kredit razılaşmasına əsasən İddiaçı2 illik faiz dərəcəsi 22 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərtilə “xxxx” ASC-dən 500.000 (beş yüz min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2018-ci il tarixində “xxxx” ASC ilə İddiaçı1 arasında 99/OOOl/OBK nömrəli «zaminlik müqaviləsi», elə həmin tarixdə də Bakı şəhəri 54 saylı notariat kontorunda “xxxx” ASC ilə «ipoteka müqaviləsi» bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli «ipoteka müqaviləsi»nin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri, ipoteka qoyan İddiaçı1 və ipoteka saxlayanın (“xxxx” ASC-nin) razılığına əsasən 950.000 (doqquz yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. İddiaçı2 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli «kredit xətti müqaviləsi» üzrə tələblərin İddiaçı2 tərəfindən yerinə yetirilməməsi nəticəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməsi, daha sonralar isə İddiaçı1 məxsus olan ipoteka predmeti ilə bağlı “X2 Mərkəzi” MMC tərəfindən hərracların keçirilməsi və keçirilmiş hərraclar zamanı da ipoteka predmetinin satılmaması ilə əlaqədar ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış-sahəsinin real bazar qiymətindən çox-çox aşağı, dəyərdəyməzinə 605.625 (altı yüz beş min, altı yüz iyirmi beş) manat müqabilində banka təklif edildiyi məlum olmuşdur. Əldə edilmiş son məlumatlara görə, “xxxx” ASC xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus olan - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri-yaşayış sahəsinin onlara təklif olunan qiymətə tərəflərindən alınmasına dair “X2 Mərkəzi” MMC-yə və Bakı şəhərinin Yasamal rayon İcra və Probasiya şöbəsinə yazılı məlumat təqdim etməklə sənədləşmə işlərinin aparılmasını xahiş etmişlər. Qeyd olunanlarla əlaqədar bildirilir ki, məhkəməyə cəlb olunacaq cavabdeh və üçüncü şəxslər tərəfindən İddiaçı1 qanunvericilikdə nəzərdə tutulmuş hüquq və mənafeyi, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 42.3, 43.3, 43.5, 43.7, 44, Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə ilkin hərracın keçirilməsinə dair bildirişin xx.xx.2020-ci il tarixinə qədər sifarişli poçt göndərişi (məktubu) ilə İddiaçı1 verilməməsi (göndərilməməsi), dolayısı ilə onun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsindən irəli gələn hüququnu pozmuşdur. Həmçinin bildirir ki, cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən http://herracmerkezi.az/ilkin rəsmi internet səhifəsindən İddiaçı1 məxsus olan qeyri-yaşayış sahəsinin ilkin hərraca çıxarılması ilə əlaqədar vaxtilə elanın verilmiş olması, cavabdehi ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsindən azad etmir. Təkrar hərrac ümumiyyətlə keçirilməmiş və təkrar hərrac keçirilmədən ipoteka predmeti qeyri-qanuni yolla alınması üçün təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə banka təklif olunmuşdur. Nəzərə alınsa ki, ipoteka saxlayan “xxxx” ASC ilə İddiaçı1 arasında ipoteka predmetinin ilkin satış qiymətilə (950.000 manata) alınması barədə müqavilə bağlanmamışdır, o zaman birinci hərracın keçirildiyi gündən (xx.xx.2020-ci il tarixdə) bir 20 təqvim günündən gec olmayaraq, yəni ki - xx.xx.2020-ci il tarixinə kimi təkrar hərrac keçirilməli idi. Həmçinin nəzərə alınsa ki, təkrar hərrac ilkin hərracın keçirilməsi qaydasına uyğun keçirilməli idi, o zaman da gərək idi ki, cavabdeh tərəfindən İddiaçı1 təkrar hərracın keçirilməsinə dair bildiriş sifarişli poçt göndərişi (məktubu) verilsin (göndərilsin), habelə cavabdehin rəsmi internet saytlarında hərracın keçirilməsinə dair elan dərc etdirilsin. Belə vəziyyətdə onu da qeyd etməyi zəruri hesab edirlər ki, ilkin hərracın keçirilmə vaxtı və yeri barədə cavabdeh ipoteka qoyana İddiaçı1 bildiriş göndərməmiş olmasına baxmayaraq, ilkin hərrac barədə ən azından öz rəsmi internet saytında məlumat paylaşmışdı. Təkrar hərrac barədə isə cavabdeh tərəfindən nəinki İddiaçı1 bildiriş göndərilmiş, heç rəsmi internet saytlarında belə təkrar hərracın keçirilmiş olması barədə elan dərc edilməmişdir. İpoteka predmetinin ilkin satış qiymətindən (950.000 manat) 15 faiz aşağı qiymətlə 43.5-ci maddəyə əsasən 807.500 manatla) təkrar hərraca çıxarılması barədə cavabdeh tərəfindən İddiaçı1 bildirişin göndərilməmiş olduğunu, habelə cavabdehin rəsmi internet saytlarında təkrar hərracın keçirilmiş olması barədə elanın dərc edilməmiş olduğunu nəzərə alınsa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinin tələblərini pozmaqla ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən (807.500 manatdan) 25 faiz olmayan qiymətlə (43.7-ci maddəyə əsasən = 605.625 manatla) “xxxx” ASC-yə təklif edilməsi yolverilməzdir və bu istiqamətdə aparılan sənədləşmə işləri etibarsızdır. Məhkəmə iclasında iştirak edən ddiaçı İddiaçı2 nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərmişdir ki, “X2 Mərkəzi” MMC tərəfindən Yasamal rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən keçirilmiş hərrac zamanı hər hansı bir qanunpozuntusuna yol verilməmişdir. İcra şöbəsinə, “xxxx” ASC-yə, İddiaçı2 və İddiaçı1 xx.xx.2020-ci il tarixli 85 saylı və xx.xx.2020-ci il tarixli 210 saylı bildirişlər göndərilmiş, “Market” qəzetinin xx.xx.2020-ci il tarixli 04 sayında və xx.xx.2020-ci il taixli 08 sayında da bu barədə elanların yerləşdirilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı2 ilə “xxxx” ASC arasında xx.xx.2018-ci il tarixində bağlanmış 99/OOOl/OBK nömrəli «kredit xətti müqaviləsi»ndən görünür ki, ona illik faiz dərəcəsi 22 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərtilə “xxxx” ASC-dən 500.000 (beş yüz min) manat məbləğində kredit verilmişdir. - xx.xx.2018-ci il tarixində “xxxx” ASC ilə İddiaçı1 arasında 99/OOOl/OBK nömrəli «zaminlik müqaviləsi»nin 2.1 bəndinə əsasən o, İddiaçı2 Bank qarşısında xx.xx.2018-ci il tarixində bağlanmış 99/OOOl/OBK nömrəli kredit xətti üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. -xx.xx.2018-ci il tarixində “Bakı şəhəri 54 saylı notariat kontorunda xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış «ipoteka müqaviləsi»ndən görünür ki, tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus olan - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsi ipoteka saxlayan “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. - xx.xx.2018-ci il tarixli «ipoteka müqaviləsi»nin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri, ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 950.000 (doqquz yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixli «ipoteka müqaviləsi»nin 9.2-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. - Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydindən və həmin tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubundan görünür ki, xx.xx.2018-ci il tarixində “Bakı şəhəri 54 saylı notariat kontorunda ipoteka saxlayan xxxx” ASC ilə ipoteka qoyan İddiaçı1 və borc alan İddiaçı2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Müəyyən edilmiş müddət ərzində İddiaçı1 tərəfindən borc ödənilmədiyi üçün xx.xx.2019-cu il tarixli icra qeydi aparılmışdır. Həmin icra qeydi icra olunması üçün göndərilir. - Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən borclu İddiaçı2 «xxxx» ASC-nin xeyrinə 571144 manat pul tutulması ilə ələqadar tutma ipoteka predmeti olan ƏMDK-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 məxsus Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsindən ibarət əmlaka yönəlməlidir. İcra sənədinə aid olan tələblər «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğu üçün icra sənədinin icraatına başlanılmalıdır. -“X2 Mərkəzi” MMC tərəfındə Yasamal rayon İcra və Probasiya şöbəsinə, “xxxx” ASC, İddiaçı2 və İddiaçı1 ünvanladığı xx.xx.2020-ci il tarixli 85 saylı bildirişlərindən görünür ki, Yasamal rayon icra və probasiya şöbəsi No xx/xx-136364/17, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır.: Yasamal r., İnşaatçılar pr., 31A, ü/s 730,7 kv.m. q/y binası. Əmlakın ilkin satış qiyməti 950000 azn. Açıq hərrac xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00-da Bakı şəh. Yasamal r-nu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanda keçiriləcəkdir. Hərracda iştirak üçün Hərrac Mərkəzinə təqdim olunmalıdır: 1) Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini; 2) Hüquqi şəxslər təsis sənədlərini; 3) İlkin satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz. Belə hərracın keçirilməsinə 3 saat qalmışa qədər nağd və ya köçürülmə yolu ilə Hərrac Mərkəzinin hesabına ödənilməlidir. Əmlak haqqında məlumat “Market” qəzetinin 31.01.20-ci il tarixli nəşrlərində Lot 55/20 nömrəsi ilə dərc olunmuşdur. - “X2 Mərkəzi” MMC tərəfındən Yasamal rayon İcra və Probasiya şöbəsinə, “xxxx” ASC, İddiaçı2 və İddiaçı1 ünvanladığı xx.xx.2020-ci il tarixli 210 saylı bildirişlərindən görünür ki, Yasamal rayon icra və probasiya şöbəsi No xx/xx-136364/17, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır.: Yasamal r., İnşaatçılar pr., 31A, ü/s 730,7 kv.m. q/y binası. Əmlakın ilkin satış qiyməti 807500 azn. Açıq hərrac xx xxxx 2020-ci il tarixdə, saat 12:00-da Bakı şəh. Yasamal r-nu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanda keçiriləcəkdir. Hərracda iştirak üçün Hərrac Mərkəzinə təqdim olunmalıdır: 1) Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin surətini; 2) Hüquqi şəxslər təsis sənədlərini; 3) İlkin satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz. Belə hərracın keçirilməsinə 3 saat qalmışa qədər nağd və ya köçürülmə yolu ilə Hərrac Mərkəzinin hesabına ödənilməlidir. Əmlak haqqında məlumat “Market” qəzetinin 28.02.20-ci il tarixli nəşrlərində Lot 55/20 nömrəsi ilə dərc olunmuşdur. - “Market” qəzetinin xx.xx.2020-ci il tarixli 04 sayında və xx.xx.2020-ci il taixli 08 sayında - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsi üzrə xx.xx.2020-ci il tarixində ilkin hərracın keçirilməsinə dair elanlar yerləşdirilmişdir. - “X2 Mərkəzi” MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış «ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə» təklifdən görünür ki, Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsi 605625 manat satış qiyməti ilə almaq üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq müqavilə bağlanması təklif edilir. xx.xx.2020-ci il tarixədək əmlakı alınmadığı halda iş sifarişçi icra şöbəsinə qaytarılacaqdır. - Ləğv prosesində olan “xxxx” ASC tərəfindən “X2 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış sahəsinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 605625 manata Bank tərəfindən əldə olunması məqsədi ilə alqı-satqı müqavilələrinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması, hesab fakturanı, elektron vergi fakturanı təqdim edilməsi və həmin ipoteka predmetlərinin Bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı2 ilə “xxxx” ASC arasında xx.xx.2018-ci il tarixində 99/OOOl/OBK nömrəli «kredit xətti müqaviləsi»nə əsasən İddiaçı2 illik faiz dərəcəsi 22 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərtilə “xxxx” ASC-dən 500.000 (beş yüz min) manat məbləğində kredit götürmüş, həmin tarixdə “xxxx” ASC ilə İddiaçı1 arasında 99/OOOl/OBK nömrəli «zaminlik müqaviləsi» və Bakı şəhəri 54 saylı notariat kontorunda “xxxx” ASC ilə «ipoteka müqaviləsi» bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan - Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan “xxxx” ASC-nin xeyrinə yüklü edilmiş, ipoteka predmetinin dəyəri, ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 950.000 (doqquz yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. (müqavilənin 2.3-cü bəndi) İşin materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinin məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilməsi ipoteka müqaviləsinin 9.1–ci bəndində nəzərdə tutulmuşdur. Məhz müqavilənin bu bəndinə istinad edilərək cavabdeh İddiaçı2 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli «kredit xətti müqaviləsi» üzrə tələblərin cavabdeh tərəfindən yerinə yetirilməməsi nəticəsində ipoteka predmetinə tutmanın yönəldiməsi barədə 54 saylı notariat ofisinə müraciət olunmuş, sonuncunun da xx.xx.2019-cu il tarixli icra qeydi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, İddiaçı1 məxsus olan ipoteka predmeti ilə bağlı “X2 Mərkəzi” MMC tərəfindən hərraclar keçirilməsi və keçirilmiş hərraclar zamanı da ipoteka predmetinin satılmaması ilə əlaqədar ümumi sahəsi 730.7 kv/metr olan qeyri yaşayış-sahəsinin 605.625 (altı yüz beş min, altı yüz iyirmi beş) manat müqabilində banka təklif edilmişdir. Hazırda iddiaçılar sözügedən hərracın keçirilməsi barədə onlara məlumat verilmədən keçirilməsi əsası ilə hərracların keçirilməsinin və onların nəticələrinin qanuniliyini mübahisələndirirlər. Cavabdeh tərəf iddia tələbinin əsassız olmasını iş materiallarında olan “X2 Mərkəzi” MMC tərəfindən Yasamal rayon İcra və Probasiya şöbəsinə, “xxxx” ASC, İddiaçı2 və İddiaçı1 ünvanladığı xx.xx.2020-ci il tarixli 85 saylı və xx.xx.2020-ci il tarixli 210 saylı bildirişlərin onlara göndərilməsi, həmçinin “Market” qəzetinin xx.xx.2020-ci il tarixli 04 sayında və xx.xx.2020-ci il taixli 08 sayında da bu barədə elanların yerləşdirilməsi ilə əsaslandıraraq bu sübutların iddiaçılara da keçirilən hərraclar barədə lazımi qaydada məlumat verilməsini təsdiq etməsini göstərmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır - 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. - 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. - 41.3-cü maddəsinə əsasən Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. - 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. - 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir - 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. - 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, cavabdehin qeyd etdiyi və iş materiallarında olan bildirişlərin mövcud olması iddiaçılara da keçirilən hərraclar barədə lazımi qaydada məlumat verilməsini təsdiq etmir. Belə ki, cavabdeh tərəf məhz həmin bildirişlərin iddiaçılara çatdırılmasını və ya digər formada təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçılarıın hərracın təşkilatçısı olan MMC-i tərəfindən hərracın yeri və vaxtı barədə onların lazımi qaydada xəbərdar etməməsi nəticəsində onların da (xüsusən də mülkiyyətçinin) hərracda iştirak etmək kimi hüququnun reallaşdırılmasının qarşısı alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, “Market” qəzetinin xx.xx.2020-ci il tarixli 04 sayında və xx.xx.2020-ci il taixli 08 sayında elan verilməsi də iddiaçıların hərracın təşkilatçısı olan MMC tərəfindən hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməməsi də hərracın təşkilatçısı olan MMC-nin qanunvericiliyin tələblərini pozmaması anlamına gəlməyə əsas vermir. Belə ki, qəzetlərdə olan hərraca çıxarılan əmlakı almaq niyyətində olan digər şəxslər üçündür və bu elanların verilməsi mütləq mənada iddiaçıların hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə cavabdehin bu dəlili o vaxt əsaslı ola bilərdi ki, mülkiyyətçi hərracın hansı kütləvi informasiya vasitəsində keçirilməsi barədə elanın yerləşdirilməsindən əvvəlcədən məlumatlandırılmış olsun. Məhkəmə həmçinin qeyd edir ki, işin araşdırılmış halları ilə iddiaçıların nə icra qeydindən, nə icra qeydinin İcra və Probasiya şöbəsinə göndərilməsindən, nə də sonuncu tərəfindən bu hərracın keçirilməsinin “X2 Mərkəzi” MMC-yə sifariş verməsindən məlumatlı olmalarını təsdiq hər hansı bir sübutun olması öz təsdiqini tapmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı1 məxsus olan ipoteka predmetinə - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyri-yaşayış sahəsinə dair cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən hərrac qanunla müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyi üçün onun nəticələri etibarsız hesab edilməsinə dair iddia tələbinin dəlilləri əsaslıdır və buna görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 məxsus olan ipoteka predmetinə - Bakı şəhərinin Yasamal rayonu, İnşaatçılar prospekti 31 a ünvanında yerləşən, ümumi sahəsi 730.7 kv/metr olan qeyriyaşayış sahəsinə dair cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız hesab edilsin. Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar