Məhkəmə qərarları › İş №2(009)-1489/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1489/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1489/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1305 manat su filtrinin qalıq dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1335 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla Cavabdeh oğlu arasında imzalanmış 05 oktyabr 2019-cu il tarixli «Su filtrlərinin satış» müqaviləsinə əsasən iddiaçı cavabdehə nümayiş etdirdiyi «Qorxmazoğlu» markalı su təmizləmə filtrlərini 1305 manata satmaq, cavabdeh isə su filtrini qəbul edib 1 il müddətinə onun dəyərini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. O, müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada, qanunvericiliyə və müqavilə şərtlərinə uyğun şəkildə, yerinə yetirərək müqavilənin predmeti olan su filtrini tam istifadəyə yararlı vəziyyətdə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etməyərək, ödəməli olduğu 1305 manat məbləğində pul vəsaitini bu günə kimi ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh oğlu arasında imzalanmış 05 oktyabr 2019-cu il tarixli «Su filtrlərinin satış» müqaviləsinə əsasən iddiaçı cavabdehə nümayiş etdirdiyi «Qorxmazoğlu» markalı su təmizləmə filtrlərini 1305 manata satmaq, cavabdeh isə su filtrini qəbul edib 1 il müddətinə onun dəyərini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada, müqavilə şərtlərinə uyğun şəkildə, yerinə yetirərək müqavilənin predmeti olan su filtrini tam istifadəyə yararlı vəziyyətdə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etməyərək, ödəməli olduğu 1305 manat məbləğində pul vəsaitini bu günə kimi ödəməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı ödənilməmiş 1305 manat borc tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1305 (bir min üç yüz beş) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar