Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-149/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçı və 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı «hərracın yekun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 16 mart 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2018-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması məqsədi ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.11.2017-ci il tarixli qətnaməsi ilə iddiaçıdan cəmi 21,486 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinə tutmanın Sumqayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 saylı mənzilə yönəldilməsi həmin mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən borcun ödənilməsi qət edilmişdir. Mənzilin açıq hərracda satılması ilə bağlı hərracın yeri və vaxtı barədə iddiaçıya məlumat verilməmişdir. Belə ki, nə ilkin hərrac, nə də ki təkrar hərrac barəsində iddiaçının məlumatı olmamışdır. Göstərilənlərə əsasən hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyi üçün məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin və 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş Sumqayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satışı barədə hərracın keçirilməsi haqqında ona məlumat verilməməsi halına istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.11.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin ilkin satış qiyməti 35,000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda 22,313 manata "xxxx" ASC-yə satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Y-4077 nömrəli, 08.11.2018-ci il tarixli yekun protokol və Sumqayıt Apellyasiya Məhkəməsinin 14.11.2017-ci il tarixli qətnaməsi ilə təsdiqlənir. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan və məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 26.10.2021-ci il və 14.02.2022-ci il tarixli, Sumqayıt şəhər İcra Şöbəsinə ünvanlanmış 06.12.2021-ci il tarixli məktublardan görünür ki, iş üçün zəruri olduğundan Sumqayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması üçün hərracın keçirilməsinə dair toplanmış bütün sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Lakin cavabdehə dəfələrlə bu barədə müraciət edilməsinə baxmayaraq, cavabdeh iş üçün zərur olan sübutları özündə saxlayaraq məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh sübutları özündə saxlayıb məhkəməyə təqdim etmədiyi üçün, məhkəmə iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən edilmiş hesab edir və belə qənaətə gəlir ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzil üçün keçirilmiş hərracın yeri və vaxtı barəsində iddiaçının məlumatı olmamış, o, cavabdeh tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır. Belə ki, MPM-nin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. İş materiallarında isə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini və hərracın vaxtı və yeri barədə iddiaçını lazımi qaydada məlumatlandırmasını təsdiq edə biləcək sübutlara rast gəlinmir. Buradan məhkəmə belə nəticəyə gəlir ki, hərrac "xxxx" MMC tərəfindən iddiaçının hərracda iştirak hüququnun pozulması ilə keçirilmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması məqsədi ilə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 08.11.2018-ci il tarixli Y- 407 №-li protokol etibarsız hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-dən tutulub İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-149/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-149/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver