Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1503/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, üçüncü şəxs X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhimdar Cəmiyyətinin qanunazidd hərəkətlərinin dayandırılması, 10.02.2021-ci il tarixli, 021367 nömrəli protokolun etibarsız hesab edihnəsi və onun bütün hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Belə ki, 10.02.2021-ci il tarixində “xxxx” Açıq Səhimdar Cəmiyyətinin əməkdaşı onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilinə gələrək, heç bir şifahi və ya yazılı xəbərdarlıq etmədən evinə gələn elektrik xəttini kəsərək, mənzilinə verilən elektrik enerjisini dayandırmışdır. Onun aylıq elektrik sərfiyyatı 30-40 manat arası dəyişir. Cavabdeh tərəfindən müəyyən edilmişdir ki, guya o, yeraltından əlavə xətt çəkərək kənar xəttdən istifadə edir. O, isə öz növbəsində yaşayış evinin köhnə tikili olmasını və bu səbəbdən də yerin altında xətt olmasını və onun bu xəttdən heç bir xəbəri olmadığını bildirmişdir. Bunun yanlışlıq olduğunu bildirsə də, qanuni tələbləri icra edilməmişdir. Hesab edir ki, “xxxx” Açıq Səhimdar Cəmiyyətinin X1 adlı əməkdaşı tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə ki, labaratoriyadan hər hansı bir cavab gəlməmiş onun elektrik enerjisini kəsmişlər. Hansı ki, sözü gedən sayğaca onun tərəfindən hər hansı bir kənar yad müdaxilə olunmamışdır. Bununla bağlı olaraq, dəfələrlə “xxxx” ASC-yə müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənə hesablanmış 1380.39 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə olan sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt ümumi paylayıcı xəttin zirzəmisindən keçən hissəsindən budaqlanmadan götürülərək işlədicilərə qoşulmuşdur. “xxxx” ASC-nin əməkdaşı tərəfindən kənar xətt ləğv edilmiş və müvafiq protokol tərtib edilmişdir. Həmin protokol əsasında da itirilmiş enenrjinin məbləği hesablanaraq abonentə borc yazılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X5 izahat verərək bildirmişdir ki, hazırda İ.Ağayev küçəsi, ev 97, mənzil 8 ünvanında yerləşən mənzildə o yaşayır və elektrik enerjisini də osərf edir. Cavabdehin işçiləri akt tərtib edən zaman o orada olmuş, lakin aktı qəbul etməyərək imza etməkdən də imtina etmişdir. Belə ki, 2013-cü ilədək sayğac küçədə olmuş, 2013-cü ildə gəlib sayğacı çıxardıb evin blokunda yeni sayğac quraşdırılmışdır. Və onlar həmin vaxtdan bloka quraşdırılmış sayğacdan istifadə edirlər. Heç bir kənar xətt onların sayğacına qoşulmamışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19.04.2021-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanına dair “xxxx” ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş «xxxx» ASC tərəfindən tərtib olunmuş 10 fevral 2021-ci il tarixli, 021367 nömrəli aktından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt ümumi paylayıcı xəttin zirzəmisindən keçən hissəsindən budaqlanmadan götürülərək işlədicilərə qoşulmuşdur. İş materiallarına əlavə olunmuş «xxxx» ASC-nin 12.02.2021-ci il tarixli icra vərəqindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə baxış zamanı məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, kənar xətt ümumi paylayıcı xəttin zirzəmidən keçən hissəsindən budaqlanmadan götürülərək işlədicilərə qoşulmuşdur. 8,3 kvt x 24 saat x 0,7 x 90 gün = 12549 kvts Tarif 0,11 x 12549 kvts, tarif 0,11 x 12549 kvts = 1380.45 manat, cəmi 1380,45 manat itirilmiş enerji üçün haqq hesablanmışdır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 1380,39 manat cərimə hesablanmışdır. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə dair kənar xətt aşkar olunması əsası ilə «xxxx» ASC tərəfindən 10 fevral 2021-ci il tarixli, 021367 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı itirilmiş elektrik enerjisinin dəyəri kimi 1380.39 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçının İ.Ağayev küçəsi, ev 97, mənzil 8 ünvanında yerləşən mənzilində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğac sistemindən kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan üçüncü şəxs tərəfindən imzalanmamışdır. İddiaçı tərəf və üçüncü şəxs məhkəmə iclasında da bu halı təsdiq etməmişlər. Beləliklə də, məhkəmə araşdırılması zamanı iddiaçının İ.Ağayev küçəsi, ev 97, mənzil 8 ünvanında yerləşən mənzilində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı öz təsdiqini tapmadığından göstərilən akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İ.Ağayev küçəsi, ev 97, mənzil 8 ünvanında yerləşən mənzilində sayğac sistemindən kənar xətdən istifadə edilməsi, beləliklə də elektrik enerjisindən istifadə qaydalarının pozulması halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.5-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanı üzrə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 1380,39 (bir min üç yüz səksən manat otuz doqquz qəpik) manat İddiaçı abonent kodu **********70008 saylı abunə hesabından silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 1380,39 (bir min üç yüz səksən manat otuz doqquz qəpik) manat İddiaçı - abonent kodu **********70008 saylı abunə hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1503/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1503/2021
14.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver