Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1503/2022 19.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh3 ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Hafiz qızının - cavabdehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 19 avqust 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Hafiz qızı - cavabdehlər cavabehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab olunması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh3 ASC ona, X3 və X4 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, əmlakdan çıxarılma və əmlakın boşaldılması tələbi barədə iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1588/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 26274,81 manat məbləğində əsas borcun və 2607,94 manat faiz borcu olmaqla, cəmi 28882,75 manat tutularaq banka verilməsi, Şirvan şəhəri X7 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 227,7 kv.m ümumi, 99,4 kv.m yaşayış, 128,3 kv.m yardımçı sahədən ibarət 5 A saylı fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda ilkin satış qiymətinin 47.000 manat manat müəyyən edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın X1 alınaraq banka ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X5 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(106)-1373/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə X5 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin qətnamələri qəbul edilməmişdən qabaq X5 və Cavabdeh3 ASC arasında xx.xx.2016-cı il tarixli 12 nömrəli protokol imzalanmışdır. Protokola əsasən borcun hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Bundan sonra hər ay bankın hesabına müxtəlif məbləğlərdə pul ödənişləri etmişlər. Bankın verdiyi hesabdan çıxarışdan və hazırki iddia ərzisinə əlavə etdiyi 2 ədəd çekdən görünür ki, bank iddia ilə məhkəməyə müraciət etdikdən sonra xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə təxminən 6 il ərzində cəmi 21343 manat ödəniş etmişlər. Ödənişlər etməklərinə və borcun hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılığın olmasına baxmayaraq, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1588/2016 saylı qətnaməsi icraya yönəldikdən sonra onların xəbəri olmadan hərrac keçirilmişdir. Hərracların keçirilmə vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası və.s barədə onlara hər hansı bir məlumat verilməmiş və hər hansı bir bildiriş təqdim edilməmişdir. Halbuki qanunvericiliyə görə hərraclar barədə bildirişlər ipoteka qoyan kimi ona təqdim edilməli idi. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1588/2016 saylı icra vərəqəsinə, Şirvan şəhər İcra şöbəsinin 2317/7 saylı, xx.xx.2017-ci il tarixli sifarişli məktubuna əsasən qeyd olunan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə Cavabdeh3 ASC-yə satılmışdır. "xxxx" MMC-nin tərtib etdiyi ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli Y- 400 saylı protokolunun surətindən görünür ki, onun mülkiyyətində olan Şirvan şəhəri X7 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 227,7 kv.m ümumi, 99,4 kv.m yaşayış, 128,3 kv.m yardımçı sahədən ibarət 5 A saylı fərdi yaşayış evi 47000 manat məbləğində hərraca çıxarılmış, 29963 manata Cavabdeh3 ASC tərəfindən alınmışdır. Ona məxsus olan torpaq sahəsi və fərdi yaşayış evi onun məlumatı olmadan hərracda dəyərindən dəfələrlə aşağı qiymətə satılmışdır. Cavabdeh3 ASC əmlakını faktiki olaraq ucuz qiymətə almışdır. Həmçinin həmin əmlakı alarkən qətnamədə olan borc məbləği ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080.25 manat) nə onun hesabına, nədəki İcra Şöbəsinin depozit hesabına ödənilməmişdir. İcra Şöbəsi tərəfindən də ona hər hansı bir məbləğ verilməmişdir. Hərracın nəticələri haqqında yekun protokolun bağlanması mahiyyət etibarı ilə alqı-satqı müqaviləsinə bərabər tutulduğundan ipoteka predmeti alıcının mülkiyyətinə keçirsə onda ipoteka saxlayan - alıcı əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməlidir. Başqa sözlə Cavabdeh3 ASC əmlakı hərracdan götürərkən əmlakın əldə olunması qiyməti ilə qətnamədəki borc arasında yaranmış fərqi (1080.25 manat) ödəmədiyindən hələ də hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli Y-400 saylı protokol bağlanmış sayla və ya etibarlı ola bilməz. Bundan başqa onların indiyə qədər xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödədikləri ödənişlər də nəzərə alınmamışdır. Əgər nəzərə alınsaydı, ya gərək ipoteka predmeti Cavabdeh3 ASC tərəfindən hərrac vasitəsi ilə alqı-satqı olunmayaydı, yadaki, hərrac protokolu tərtib olunaraq imzalanmış olduğundan həmin pullar (21343 manat) geri ödənilməli idi, borc məbləği ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080.25 manat) isə ona ödənilməli idi. Yuxarıda qeyd edilmiş hallardan heç biri olmamışdır. Göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında olan hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli Y-400 saylı yekun protokol imzalansada əslində bağlanmış sayıla bilməz və etibarsızdır. Hazırki halda bank həm onun mülkiyyətimdə olan əmlakı, həm də banka ödəmiş olduğu 21343 manat məbləğində pulu qanunsuz olaraq mənimsəmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ipoteka predmeti olmuş iddiaçı Şirvan şəhəri, X7 küçəsi ev 5A fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin həqiqi dəyərindən çox aşağı qiymətə hərraca çıxarılaraq satılması və hərracın keçirilməsi barədə ona məlumat verilməməsi hallarına istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan şəhəri, X7 küçəsi ev 5A və 0,06 ha torpaq sahəsi 47.000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda 29,963 manata Cavabdeh3 ASC-yə satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Şirvan şəhər İcra şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubunun surəti və xx.xx.2017-ci il tarixli Y-400 nömrəli protokolla təsdiqlənir. Məhkəmə iddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 2-ci maddəsinə əsasən fəaliyyətləri bu qanunla tənzimlənən fiziki və ya hüquqi şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər. İş materiallarında olan Şirvan şəhər İcra şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubunun surətindən, Şirvan Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qətnaməsinin surətindən və iddiaçının özünün də iddia ərizəsində qeyd etdiklərindən görünür ki, Şirvan şəhəri, X7 küçəsi ev 5A və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti Şirvan şəhər Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi ilə 47.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC sözügedən mənzili məhz ilkin satış qiyməti 47.000 manat olmaqla hərraca çıxarmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş əmlakın dəyəri həmin əmlakın hərracdaki ilkin satış qiyməti ilə eynidir. Məhkəmə iddiaçının tələbinin əmlakın əsl dəyərindən aşağı qiymətə satılması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur; 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hərracın nəticələri haqqında protokoldan görünür ki, sözügedən əmlak “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda-15%-25% enmiş faizlə 29,963 manata satılmışdır (47.000x15%=39,950; 39,950x25%=9987,5; 39,950- 9987,5=29,962,5). Göründüyü kimi, əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 21 aprel 2017-ci il, 05 may 2017-ci il, 26 may 2017-ci il və 09 iyun 2017-ci il tarixli bildirişlərin surətindən görünür ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişləri İddiaçı ünvanına poçt vasitəsi ilə məktublar göndərilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1503/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1503/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver