Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1504/2022 15.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə qarşı cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə qarşı cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 943,8 kv.m. olan əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə verilmiş **********70-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan 943,8 kv.m.ibarət olan daşınmaz əmlakın “C” tikilisinin 200 kv.m.sahəsi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin qanunsuz istifadəsindədir. Cavabdeh həmin sahədən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə edir. Halbuki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” Birliyi ilə aralarında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyriyaşayış sahəsi ilə bağlı ona heç bir icarə haqqı ödənilməmişdir. Dəfələrlə cavabdeh İctimai Birliyin sədri Füzuli Əşrəfovla görüşmüşdür, daşınmaz əmlakın onun mülkiyyətində olduğunu bildirmişdir, həmçinin mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmişdir və mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh tələblərinə məhəl qoymayaraq könüllü şəkildə çıxmayacaqlarını və istifadə etdiyi qeyri-yaşayış sahəsinə görə icarə haqqı ödəməyəcəklərini bildirmişdir. xx.xx.2019-cu il tarixdə və xx.xx.2022-ci il tarixdə cavabdehə yazılı surətdə müraciət edərək, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmiş, lakin müraciətinə cavab verilməyib. Cavabdehin, mülkiyyətində olan daşınmaz əmlakdan qanunsuz sahibliyi nəticəsində ona xeylli miqdarda ziyan dəymişdir. Həmçinin əmlak və torpaq vergiləri ödənilməmiş və ona ziyan vurulmuşdur. Mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə Səbail rayonunda Nizami küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yerləşir. Bakı şəhərinin ticarət fəaliyyəti üçün ən bahalı və müştərilərin çox olduğu yerində yerləşdiyi üçün bu ünvanda yerləşən obyektlərin 1 kv.metrinin icarə qiyməti yüksəkdir. Nəzərə alsalar ki, daşınmaz əmlakın “C” tikilisinin 200 kv.m. sahəsini 2017-ci ilin iyun ayından icarəyə vermiş olsaydı, onda xeyli miqdarda gəlir əldə etmiş olardı. Əldə edilmiş gəlirdən isə dövlət büdcəsinə ödənilməli zəruri vergilərin ödənilməsi təmin olunardı. Qeyd edilən ünvanda 1 kv.m. sahənin icarə qiyməti (bazar qiyməti) 15-30 manat arasında dəyişməkdədir. Bu halda 1 kv.m. sahə üçün ən aşağı qiymət olan 15 manatdan götürdükdə cavabdeh hər ay üçün ona 3000 manat (200 x 15 man.=3000 man.) icarə haqqı ödəməli idi. Bu məbləğ bir il üçün 36.000 manat təşkil edir. 2017-ci ilin iyun ayından etibarən 2022-ci ilin 6 ayı ərzində iddia etdiyi gəlir 147.000 manat təşkil edər. Bu məbləğ Covid-19 pandemiyası ilə əlaqədar mövcud olmuş vəziyyət nəzərə alınmaqla 1 illik müddət güzəşt edilməklə hesablanmışdır. Həmin sahəni icarəyə vermiş olduğu halda mənfəət əldə etmiş olardı. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənfəət əldə etməkdən məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkətindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin məcburi qaydada çıxarılması, 2017ci ilin iyun ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 147.000 manat zərərin (əldən çıxmış fayda şəklində) cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsinin iddiaya qarşı yazdığı etirazda göstərilənləri əsassız hesab edir. 2011-ci ildən məhkəmə mübahisəsi açmış, xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsi ilə payının naturada ayrılması barədə tələbi təmin edilmiş, lakin həmin qətnamədən verilən şikayətlər əsasında qətnamənin icrası gecikmişdir. Qətnamə icraya yönələrkən Reyestr Xidməti Cəmiyyətin bununla bağlı qərarını ondan tələb etmiş, Cəmiyyətin ümumi yığıncağı çağırılmış, xx.xx.2017-ci ildə ümumi yığıncaq keçirilmiş, müvafiq qərar qəbul edilmiş, lakin həmin tarixdən əvvəl Reyestr Xidməti məhkəmə qətnaməsini icra edərək qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarını qeydiyyata almışdır. xx.xx.2017-ci il tarixdə onun cəmiyyətdəki 18,85% səhmlərinin əvəzinə əmlak payının naturada ayrılmasına razılıq vermiş, ona məxsus səhmlərin geri alınıb ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası İdarə Heyətinin sədrinə həvalə edilmişdir. Bu qərarın icrası barədə onda məlumat yoxdur. O, qeyri-yaşayış sahəsi üzərində qanuni əsaslarla mülkiyyət hüququ əldə etmiş, ona görə də qaldırdığı iddia əsaslıdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, adı çəkilən 200 kv.m. qeyri-yaşayış sahəsi onun mülkiyyətində və istifadəsində ola-ola cavabdeh tərəfindən zəbt edilmiş və qanunsuz sahibliyinə alınmışdır. Bunun nəticəsində yəni, cavabdehin özbaşına zəbtinə görə əmlakını istəyinə uyğun istifadə edə bilmədiyindən ona ziyan dəymişdir. Əks təqdirdə həmin sahəni icarəyə verib, keçmiş müddətlərdə 147.000 manat qazanc etmiş olardı. İddiaçı adı çəkilən mübahisəli 200 kv.m. sahənin də daxil olmaqla, həmin ünvanda 943,8 kv.m. qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnun ona aid olduğu barədə daşınmız əmlakın reyestrindən çıxarış təqdim edir. Həmin çıxarışı, 18% səhmlərinə malik olduğu "xxxx" ASC-dən ayrıldığından, ASC-nə məxsus Nizami küçəsi, 92 ünvanında yerləşən əmlakdan, pulla ölçülən payı nisbətində natura şəklində götürdüyü əmlaka görə əldə etmişdir. "xxxx" ASC hüquqi şəxslərin dövlət reyestri qeydiyyatı aktivdir, ASC yarandığı gündən ayrılması olmamışdır və iddiaçının özü də hal-hazırda ASC-nin səhmdarların sırasındadır. Mübahisəsiz bəlli haldır ki, ASC-nin səhmdarı ondan çıxmaq üçün özünə məxsus səhmi satmalı və çıxmış səhmdar, səhmdarları reyestrindən çıxarıldığı andan ASC-dən çıxmış hesab olunur. Digər tərəfdən ayrılmış səhmdarın payı, aktiv əmlakdan deyil, ayrılmasına (səhmdarların sırasında çıxmağına) müraciət etdiyi tarixə ASC-nin malik olduğu səhmlərin dəyərinə nisbətdə hesablanır. Ona görə də iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə dair təqdim etdiyi mülkiyyət sənədinin məhz “Azərovçu” İB tərəfindən istifadə edilən və "xxxx" ASC-nə məxsus sahəyə aid olması yetərincə şübhəlidir. İddiaçı həmin sahəni məhkəmə qətnaməsinə əsasən əldə etdiyini və qətnamənin icrası əsasında mübahisəli sahənin də daxil olmaqla 943,8 kv.m. sahəyə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını qeyd edir. Həmçinin cavabdehin həmin sahəni zəbt etdiyinə, onun mülkiyyətində olduğunu bildirir. Məhz bu əsasdan da dəymiş ziyana görə pul tələb edir. Cavabdeh burada haqlı deyil və iddianın əsası kimi qeyd etdikləri yanlışdır. Belə ki, cavabdeh həmin sahəni istifadəsinə özbaşına zəbt etməmiş, əmlak kompleksinin mülkiyyətçisi olan "xxxx" ASC tərəfindən yerləşdirilmişdir və bununla bağlı tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış icarə müqaviləsi mövcuddur. İcarə müqaviləsinə əsasən verilən sahə Xəqani küçəsi tərəfdə yerləşir və sahəsi iddia ərizəsində qeyd edildiyi kimi 200 kv.m. yox, 120 kv.m. təşkil edir. Sahədə aparılan təmir və hazırlıq işlərindən sonra “Azərovçu” İB-nin istifadəsinə xx.xx.2016-cı il tarixdə verilmiş, icarə müqaviləsi xx.xx.2016-cı il tarixdə qüvvəyə minmişdir. "xxxx" ASC ilə “Azərovçu” İB-nin arasında icarə müqaviləsinin bağlanması və sahənin onun istifadəsinə verilməsinə əsasən İB-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29 ünvanında yerləşən torpaq sahəsini də hündürmərtəbəli bina kompleksinin tikintisinin aparılması və bunun üçün sakinlərin köçürülməsinin birgə təmin edilməsi ilə bağlı "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləsinin olmuşdur. Göründüyü kimi, iddia ərizəsində adı çəkilən qeyri-yaşayış sahəsinə iddiaçı mülkiyyət hüququ əldə etməmişdən bir ildən çox müddət əvvəl “Azərovçu” İB-nin istifadəsinə verilmişdir. Ona görə də mübahisəli sahənin iddiaçının mülkiyyətində və istifadəsində olduğu zaman “Azərovçu” İB tərəfindən zəbt edilməsinə dair iddiaçının göstərdikləri həqiqətə uyğun deyil, iddianın təmini məqsədi üçün maraqlarına görə qeyd etmişdir. Adı çəkən sahənin 2017-ci ildən əvvəl "xxxx" ASC-yə məxsus olduğu mübahisələndirilmir. Lakin həmin sahənin 2017-ci ildən sonra iddiaçıya təhvil verildiyi müəyyən edilmir. Belə bir təhvil vermə mümkün də deyildi. Çünki “Azərovçu” İB-nin həmin sahədən çıxarılması, onunla "xxxx" ASC arasında mövcud müqaviləyə xitam verilməli və ya başqa yerdə təmin edilməli məsələsi öncədən həll edilməli idi. Hər bir halda təhvil-təslimdə sahənin faktiki istifadəsində olan “Azərovçu” İB iştirak etməli idi. Nəticə etibarı ilə mübahisəli sahə ilə bağlı müəyyən edilən hallar ardıcıllığına görə, iddiaçı mülkiyyət hüququnu əldə etmiş olsa da, sahəni təhvil götürməmişdir. Bu məsələni də cavabdeh “Azərovçu” İB ilə deyil, "xxxx" ASC ilə həll etməlidir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işə 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" ASC-nin sədri yazılı mülahizələrini məhkəməyə təqdim edərək göstərmişdir ki, “Azərovçu” İB həmin sahəni özbaşına zəbt etməmiş, "xxxx" ASC ilə bağlanmış 12112015-ci il tarixli icarə müqaviləsi əsasında, xx.xx.2016-cı il tarixdə qanuni əsaslarla həmin 120 kv.m. sahəni istifadəsinə almış və hal hazıra kimi də istifadəsində davam edir. Həmin sahə ona icarə haqqı ödənilmədən istifadəsinə verilmişdir. Buna da səbəb İB-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29 ünvanda yerləşən torpaq sahəsini tikinti altına verilməsi ilə bağlı "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilədən irəli gələn öhdəliyinin icrası ilə bağlı olmuşdur. İddiaçıyevin həmin sahəyə faktiki olaraq heç bir hüququ yoxdur, sahə ona təhvil verilməmiş, həmin sahə ASC özəlləşdirildiyi vaxtdan digər əmlaklarla birgə ASC qanuni istifadəsinə almış və hal-hazıra kimi sahələr dəyişməz qalmışdır. X3 "xxxx" ASC-nin 97 səhmdarlardan biridir. O, ASC-nin 100.530 ədəd səhmin sahibi olmaqla, ümumi sahmlərə nisbətdə 18,8501% malikdir. Özəlləşdirildiyi gündən səhmdarların sırasında olmuş və hal-hazıra kimi də səhmdarların sırasında olmaqla davam edir. X1 məhkəmə qərarı təqdim edərək malik olduğu 18,8501% səhmin əvəzində ona ASC-nin əmlakında 18,8501% natura şəklində payın müəyyən edildiyini bildirmişdir. Göründüyü kimi ona əmlakdan pay, malik olduğu səhmlərin əvəzində verilməlidir. Lakin o, hazırda ASC-nin 18,8501% səhmin sahibi olaraq qalmaqda davam edir. Belə olan halda, yəni ASC-də malik olduğu səhmin həcmində dəyişiklik olmadan səhmdar kimi qaldığı halda, eyni zamanda bərabər həcmdə əmlak da əldə etdiyinin söyləməsi məntiqsizdir. Məlum məsələdir ki, qiymətli kağızlar olaraq ASC-nin 18,8501% səhmin sahibi, ASC-ə aid olan əmlak həcmində naturada eyni paya malik olması deyil, səhmdarın səhmdarların sırasından çıxması anına malik olduğu səhmin dəyərilə hesablanır. Həmin vaxtı ASC-nin kreditorlar üzrə 116.747 manat, məhkəmə qətnaməsinin icrası ilə bağlı 1.147,246 manat borcu olmuşdur. Məlum məsələdir ki, ASC-nə məxsus aktivlərinə görə nəzərə alınan səhmlərin dəyəri həmin məbləğə nisbətdə aşağı düşmüş olur. Ona görə də onun çağırışı ilə xx.xx.2017-ci il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağının gündəliyinə salınmış bu təklifinə Nəsib Məmmədov, Rauf Tağıyev, Bəşir Bayramov və “Mersol” (hazırda "xxxx") MMC olmaqla 404,241 s/s əleyhinə səs verilmişdir. Bu da səhmdarların malik olduğu 526.666 ümumi səsin 76,76% təşkil etdiyindən qəbul edilməmiş sayılır. Lakin İddiaçıyev məhkəmənin qərarı əsasında həmin sahəyə mülkiyyət hüququnu əldə etdiyini və "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağın qərarı əsasında həmin sahə ayrılıb ona təhvil verildiyini söyləyir. Məhkəmənin qərarını qeyd etdilər, ümumi yığıncağın isə belə bir qərarı olmamışdır. Ümumi yığıncağın xx.xx.2017-ci il tarixli protokolu İddiaçıyevin özü tərəfindən tərtib edilib və imzalandığından, onun tərəfindən təqdim edilən ümumi yığıncağın qərarını yoxlamaq lazımdır. Çünki sonradan mətninə dəyişiklik edilməsi istisna edilmir. İddiaçıyev "xxxx" ASC-dən hər hansı ölçüdə əmlakın ona təhvil verilməklə əldə etdiyinin sübutu kimi, sahənin razılaşdırılmış bölgü sxemi və boşaldılaraq təhvil verildiyinə dair aktı, eləcə də malik olduğu 100530 ədəd səhmin dəyərinin həmin əmlakın dəyərində azaldıldığına dair "xxxx" ASC-nin səhmlərinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarışı, bununla bağlı səhmdarların qərarını təqdim etməlidir. Həmin sahəyə mülkiyyət hüququ əldə etdiyinə dair qeyd etdiyi vaxtda, sahə icarə əsasları ilə artıq “Azərovçu” İB-nin istifadəsində idi. Belə olan halda, yəni icarəçi həmin sahəni necə zəbt etmiş olur? Sahə Haqverdiyevə təhvil verilsəydi, birincisi, ASC bu halı icarəçi ilə razılaşdırılmalı və gələcək münasibətləri həll etməli idi. İkincisi, sahənin faktiki təhvili zamanı icarəçi, ən azında bunu görərdi. Lakin bunların heç biri baş verməmişdir. Bütün bunlar həmin sahənin ona təhvil verildiyinə dair göstərdiklərinin doğru olmadığına bir daha sübutdur. İddiaçıyevin oxşar tələblərlə bağlı daha iki iddiası Səbail rayon Məhkəməsinin icraatında baxılır. Həmin iddialarda da sahənin onun mülkiyyət və istifadəsində olduğu halda cavabdehlər tərəfindən zəbt olunduğunu göstərmişdir. Onun məqsədi qanunla yol verilməyən, əsassız varlama niyyətini məhkəmə qaydasında həyata keçirməkdir.Göstərilənləri nəzərə alaraq iş üzrə qətnamə qəbul edilərkən, qeyd edilənlərin də nəzərə alınması və iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə “Birinci tərəf” qismində "xxxx" MMC ilə “İkinci tərəf” qismində "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 01 nömrəli qarşılıqlı əməkdaşlıq müqaviləsinin surətindən görünür ki, “Birinci tərəf” "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29 ünvanda yerləşən 0,70 ha torpaq sahəsində hündürmərtəbəli bina kompleksinin tikintisinin həyata keçirilməsi üçün həmin ərazidə “Azərovçu” İB-nə məxsus bina və tikili sahələrindən istifadəsində, icarədə olan şəxslərin “İkinci tərəf” "xxxx" ASC özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani və Nizami küçələri arasında yerləşən qeyri-yaşayış əmlak kompleksində yerləşdirilməsi ilə bağlı ödənişlərin, iş və xidmətlərin, eləcə də xərclərin və gəlirlərin bölüşdürülməsinin qarşılıqlı həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilədən həmçinin görünür ki, “Birinci tərəf” "xxxx" MMC qanuni əsaslarla tikintisinə sərəncam almış Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29 ünvanda yerləşən 0,70 ha torpaq sahəsində Milli Məclisin deputatları üçün çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksini öz vəsaiti hesabına tikəcəkdir (bənd 2.1). “İkinci tərəf” "xxxx" ASC “Birinci tərəf” "xxxx" MMC-nin tikinti aparacağı 0,70 ha torpaq sahəsində mövcud tikililərdə yerləşən “Azərovçu” İB-nin ofis və mağazalarında işçilərinin, həmçinin icarədə olan tikililərin (obyektlərin) icarəçilərini, özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani və Nizami küçələri arasında yerləşən qeyri-yaşayış əmlak kompleksində müvafiq bərabər sahələrdə yerləşdirilməsini təmin edir (bənd 2.2.). “İkinci tərəf” "xxxx" ASC köçürüləcək şəxslərin hər biri ilə ayrıca icarə müqaviləsi bağlanacaqdır. Müqavilələrdə müəyyən ediləcək sahə(lər), yerləşdirilən şəxslərə əvəzsiz veriləcəkdir. “Birinci tərəf” "xxxx" MMC binanın tikintisini başa çatdırıb, köçürülən şəxslərə həmin binada yeni sahələrlə təmin edilənə kimi bu qayda dəyişilməz qalacaqdır (bənd 2.3.). Müqavilə dövründə sahəyə dair elektrik, su, qaz, telefon və başqa mövcud kommunal xərclərin vaxtında ödənilməsi “İkinci tərəf” "xxxx" ASC-yə aiddir və müqavilə müddətində sahə ilə bağlı hər hansı konstruktiv dəyişiklik edə bilməz (bənd 2.4.). “İkinci tərəf” "xxxx" ASC icarəyə verəcəyi obyektlərdə köçürülən şəxslərin fəaliyyətinə qarışmır və müqavilə müddətində həmin sahəni icarəçinin razılığı olmadan özgəninkiləşdirməyəcəkdir. Şöbəyə dair mülkiyyət hüquqları ilə bağlı və eləcə də “İcarəçi”nin fəaliyyətinə aid olmayan səbəblərdən 3-cü şəxslərin müdaxiləsini vaxtında həll edir. Müqavilə müddəti bitdikdə və ya başqa qanuni əsaslarla müqaviləyə xitam veriləndən sonra, obyekti son mövcud vəziyyətdə qəbul edir, obyektiv əvvəlki vəziyyətə qaytarılması ilə bağlı tələb irəli sürmür (bənd 2.5.). “Birinci tərəf” "xxxx" MMC köçürüləcək sakinlərə icarəyə veriləcək ofis, anbar və mağazaları köçürülənlərin istəyinə və fəaliyyətinə uyğun təmir edib, təyinatına uyğun istifadəyə tam hazır şəkildə təhvil verəcəyini təmin edəcəkdir. İlkin razılaşmaya görə bu təmir işlərinin həcmi 1.200.000 manat hesablanmışdır (bənd 2.6.). “Birinci tərəf” "xxxx" MMC köçürülənlərin istifadəsinə veriləcək sahələrini öz xərci hesabına təmir edəcəkdir. Müqaviləyə xitam veriləndən sonra təmirə çəkilən xərcdən yalnız bu müqavilədə razılaşdırılmış minimum məbləğ olaraq 1.200.000 manat ona geri qaytarılacaqdır (bənd 2.7.). “Birinci tərəf” "xxxx" MMC tikiləcək binadan “İkinci tərəf” "xxxx" ASC-nin istəyinə uyğun olaraq, mənfəət bölgüsündə ona çatası məbləğ həcmində və ya bir hissəsinə uyğun sərbəst qalmış sahələrdən əmlak verməyə borcludur. Bu zaman əmlakın dəyəri bazar satış qiyməti ilə deyil, tikintinin smeta dəyəri ilə hesablanılacaqdır (bənd 2.8). İş üzrə “İcarəyə verən” qismində "xxxx" ASC ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi (“Azər Ovçu” İB) arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” özünə məxsus olan ünvan 4 ünvandakı qeyri-yaşayış daşınmaz əmlak kompleksində, ikinci mərtəbəsində 100 kv.m. və Xəqani küçəsi tərəfindən birinci mərtəbədən 120 kv.m., cəmi 220 kv.m. sahəni “İcarəyə götürən”ə icarəyə vermiş, “İcarəçi” həmin sahəni müqavilə üzrə şərtləşdirilmiş qaydada, binanın ikinci mərtəbəsində yerləşən sahəni ofis, birinci mərtəbədə yerləşən sahəni isə ovçu mağazası kimi işlədəcəyi məqsədi ilə istifadəyə qəbul etmişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “İcarəyə verən” icarəyə verilən sahə üzərində üçüncü şəxsin hüququnun olmamasına zəmanət verir. Bununla bağlı ortaya çıxan məsələlərin özü həll edəcəkdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2826/2016 saylı qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən olunub ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, 2(009)-1177/2014) iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə, 3-cü şəəxslər DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı əmlak payının naturada ayrılması və vurulmuş zərərin (əldən çıxmış faydanın) ödənilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə həmin məhkəmənin yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli qətnaməsindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Qərardaddan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş şikayət Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı ilə 3-cü şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,154) ünvanda yerləşən ümumi sahəsi 943,8 kv.m. olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydada: ünvan 6 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə “B”, “C”, “D”, “Ç”, “Ç1”, “E” tikililərdən ibarətdir. “B” tikili üzrə Sex binasının ümumi sahəsi 305,3 kv.m., “C” tikili üzrə Emal sahəsinin ümumi sahəsi 365,2 kv.m., “D” tikili üzrə Mağazanın ümumi sahəsi 93,0 kv.m., “Ç” tikili üzrə Kafenin ümumi sahəsi 100,9 kv.m., “Ç1” tikili üzrə Sanitar qovşağının ümumi sahəsi 0,9 kv.m., “E” tikili üzrə Dülgər sexinin ümumi sahəsi 78,5 kv.m., ümumilikdə 943,8 kv.m. təşkil edir. İş üzrə İddiaçı tərəfindən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin sədri Füzuli Əşrəfova ünvanlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli məktubların surətlərindən görünür ki, ünvan 7 ünvanda yerləşən 943,8 kv.m. sahədən ibarət əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 200 kv.m. sahəsi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi tərəfindən qanunsuz şəkildə istifadə edilir. Mülkiyyətindəki qeyriyaşayış sahəsindən istifadəsinə dair onunla hər hansı müqaviləsi yoxdur. Mülkiyyətindəki qeyriyaşayış sahəsinin boşaldılması haqda xəbərdarlıqlarına məhəl qoymamışdır. Beləliklə, mülkiyyətindən sərbəst istifadə hüququnu pozmaqla, ona maddi zərər vurmuşdur. “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən bir daha tələb edir ki, mülkiyyətində olan qeyriyaşayış sahəsinin 7 gün müddətində boşaldılmalıdır. Əks təqdirdə ona vurulmuş zərərin ödənilməsi və məcburi şəkildə çıxarılmasına dair məhkəməyə müraciət edəcəkdir. İş üzrə "xxxx" ASC-nin səhmdarlarının xx.xx.2017-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən Cəmiyyətin səhmlərinin 18,85%-nin sahibi İddiaçı məxsus 100530 ədəd səhmlərin əvəzinə əmlak payının naturada ayrılmasına razılıq verilməsi, həmin səhmlərin 1 il ərzində geri alınıb ləğv edilməsi, bölgü sxeminin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 943,8 kv.m. olan əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-nin təsisçisi olmuş, məhkəmə qaydasında əmlak payının naturada ayrılması barədə tələb irəli sürmüş və iddiası təmin edilmişdir. Yəni onun yuxarıda qeyd edilən əmlak üzərində mülkiyyət hüquqları məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC özünə məxsus əmlak kompleksinin bir hissəsinin 2015-ci ildə bağladığı icarə müqaviləsi əsasında “Azər Ovçu” İB-yə əvəzsiz olaraq ona icarəyə vermiş və həmin qeyri-yaşayış sahəsi hazırda da cavabdehin istifadəsindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh ona məxsus olan daşınmaz əmlakın “C” tikilisinin 200 kv.m. sahədən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə edir. Halbuki, onların arasında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyriyaşayış sahəsi ilə bağlı ona heç bir icarə haqqı ödənilməmişdir. Həmin ünvanda 1 kv.m. sahənin icarə qiyməti (bazar qiyməti) 15-30 manat arasında dəyişməkdədir. Bu halda 1 kv.m. sahə üçün ən aşağı qiymət olan 15 manatdan götürdükdə cavabdeh hər ay üçün ona 3000 manat (200 x 15 man.=3000 man.) icarə haqqı ödəməli idi. Bu məbləğ bir il üçün 36.000 manat təşkil edir. 2017-ci ilin iyun ayından etibarən 2022-ci ilin 6 ayı ərzində iddia etdiyi gəlir 147.000 manat təşkil edə bilərdi. O, həmin qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı cavabdehin onun mülkiyyətində olan 943,8 kv.m. olan əmlak kompleksi kimi müəssisəsinin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və 2017-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 147.000 manat zərərin (əldən çıxmış fayda şəklində) cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinə dair 2015-ci il tarixdən icarə müqaviləsi bağlasa da, Qanunun yuxarıda göstərilən tələblərin baxımından icarə hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasına əsas payının naturada ayrılması barədə irəli sürdüyü tələbinin məhkəmə qətnaməsi ilə təmin edilməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən cavabdehin istifadə etməsinə etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdeh təşkilatı mübahisəli qeyri-yaşayış sahəsini boşaltmadığından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən, 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ yarandığı vaxtdan heç bir hüquqi əsas olmadan istifadəsində olması müəyyən edildiyindən, iddia tələbi həmin hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddianın rədd edilməsinə dair gətirdiyi dəlillərə cavabdehin qeyri-yaşayış sahəsindən istifadəsinin qanuni əsaslarla (icarə müqaviləsi) olmasına dair dəlilləri üzrə qeyd edir ki, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqları yarananadək icarə müqaviləsi əsasında cavabdeh qeyri-yaşayış sahəsindən qanuni olaraq istifadə etsə də, mülkiyyətçinin dəyişilməsindən sonra həmin əmlakdan istifadə ilə əlaqədar yeni mülkiyyətçi ilə icarə münasibətlərinə daxil olmalı olduğu halda bunu etməmiş, bununla da onun həmin əmlakdan hazırda istifadə etməsinin hüquqi əsasları mövcud olmadığından, cavabdehin nümayəndəsinin həmin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin 2017-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 147.000 manat zərərin (əldən çıxmış fayda şəklində) tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadi-sosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərpa edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əldən çıxmış fayda kimi 147.000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə tələb əsassız və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyriyaşayış sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1504/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1504/2022
15.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver