Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1511/2020 06.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə , Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1993-cü il tarixdən dekabr 1994-cü il tarixinə kimi Qarabağ müharibəsində iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materillarını araşdırıb qeyd edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Hakim ilk növbədə qeyd edir ki, AR MPM-nin 39.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verir. Ərizədən belə məlum olur ki, ərizəçi Beyləqan rayonu, Yuxarı Aran kəndində yaşasa da, ərizə ərizəçinin öz yaşayış yerinə görə deyil, Müdafiə Nazirliyinin hüquqi ünvan üzrə vermişdir. Digər tərəfdən hakim qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Hakim qeyd edir ki, ərizəçinin müəyyən edilməsi xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmayıb və bu səbəbdən həmin ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Ərizədə müəyyən edilməsi xahiş olunan məsələnin həlli müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Əgər icra hakimiyytəi orqanının vəzifəli şəxsi həmin halın təsdiq və müəyyən edilməsinin qeyri-mümkünlüyü barədə müraciətə müsbət cavab verməzsə, bu hal müvafiq inzibati-iqtisadi məhkəmənin araşdırma predmeti ola bilər. Hakim həmçinin qeyd edir ki, ərizəçi həmin faktın müəyyən edilməsini ona nə üçün lazım olmasını ərizədə göstərməmişdir. AR MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçiyə müvafiq məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməsi, həmin məsələnin müsbət həllindən imtina edildiyi təqdirdə müvafiq inzibati-iqtisad məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1511/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1511/2020
06.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver