Məhkəmə qərarları › İş №2(009)-1518/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1518/2022

27.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1518/2022 27.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qardaşı – X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Ərizəçi qardaşı – X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X10 onun doğma qardaşıdır. Qardaşı onunla birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Qardaşı Arif qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq diaqnozu ilə 1-ci qrup əlildir. Tibbi sənədlərdən də görünür ki, qardaşı sağlamlıq imkanları məhduddur. X12 həkim komissiyası tərəfindən tam əmək qabiliyyətsiz olması barədə diaqnozu qoyulmuşdur, onun kənar şəxsin köməyinə ehtiyacı var. Yəni problem bu qədər ciddidir. Qardaşı xx.xx.2002-ci il təvəllüdlü X10 daimi olaraq kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Qardaşı Arif onlarla birlikdə ünvan 1 ünvanında yaşayır. Ona o, qulluq və nəzarət edir. Faktiki olaraq özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adekvat hərəkətlər nümayiş etdirir. X8 fəaliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, atası X11, anası X3r. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, atası X11, anası X3r. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X11 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, X4 xx.xx.1968-ci il tarixdə Xudat şəhərində anadan olmuşdur. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışın surətindən görünür ki, Ərizəçi, X10, X11 və X4 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 27 saylı evin 18 nömrəli mənzilində qeydiyyatdadırlar. İş üzrə Uşaq Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışının surətindən görünür ki,X10 2007-ci ildən X15 Dispanserində qeydiyyatdadır. Diaqnoz: “Ensefalopatiya, nitq və davranış pozuntusu atizm elemetləri ilə”. İş üzrə 1 saylı Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibb kartasından çıxarışından görünür ki, X10 xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuş, “Orta dərəcəli kəmağıllıq nitq və davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. İş üzrə Uşaq Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli sağlamlıq imkanları məhdudu 18 yaşadək uşaqlarda sosial müavinət təyin etməsi üçün HƏEK-na göndərişinin surətindən görünür ki, X7 “Nitq və davranış pozuntusu ilə debillik dərəcəsində ağıl zəifliyi (yüngül kəmağıllıq)” diaqnozu qoyulmuşdur. İş üzrə Uşaq Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli sağlamlıq imkanları məhdudu 18 yaşadək uşaqlarda sosial müavinət təyin etməsi üçün HƏEK-na göndərişinin surətindən görünür ki, X7 “Nitq və davranış pozuntusu ilə debillik dərəcəsində ağıl zəifliyi (yüngül kəmağıllıq)” diaqnozu qoyulmuşdur. İş üzrə Uşaq Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli sağlamlıq imkanları məhdudu 18 yaşadək uşaqlarda sosial müavinət təyin etməsi üçün HƏEK-na göndərişinin surətindən görünür ki, X7 “Nitq və davranış pozuntusu ilə imbesillik dərəcəsində ağıl zəifliyi (orta kəmağıllıq)” diaqnozu qoyulmuşdur. İş üzrə 2 saylı X2 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə 2 saylı X1 müalicədə olmuş, “Ağır kəmağıllıq (imbesillik dərəcəsində) kobud nitq və davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2214 saylı rəyinə əsasən X6 Ağır kəmağıllılıq, davranış pozuntuları ilə müəyyən edilir. X10 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilən Ağır kəmağıllılıq, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X10 Ərizəçi qardaşıdır, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Eyni zamanda, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X10 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Ümumiyyətlə, X6 ağır kəmağıllılıq, davranış pozuntuları müəyyən edildiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır və bu hallar ambulator məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, Arif Babazadənin hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olub-olmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz. Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ambulator məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. Belə ki, müvafiq ekspert rəyi ilə X6 ağır kəmağıllılıq, davranış pozuntuları müəyyən edildiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X6 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapdığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. 25 oktyabr 2002-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar