Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-152/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X1 cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyin qoyulması barədə iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə Böyük Britaniya vətəndaşı xx.xx.1952-ci il təvəllüdlü X15 ilə nikaha daxil olmuşdur və AZ-İİ 206148 saylı şəhadətnamə almışlar. xx.xx.2022-ci ildə həyat yoldaşı X15 vəfat etmiş, AZ-İİ 278507 saylı ölüm haqqında şəhadətnamə almışdır. Buna görə Bakı şəhəri 1 saylı Notariat ofisinə 2022-ci ilin avqust ayında vərəsəlik üçün müraciət etmişdir. Lakin ona heç bir cavab verilməmişdir. Müxtəlif sənədlər tələb olunmuşdur. Həmin sənədləri 1 saylı notariat ofisinə təqdim etmişdir. Onun ərizəsi isə oktyabrın axırında qəbul etmiş və xx.xx.2022-ci il tarixli məktubla ona cavab verilmişdir. 1 saylı notariat ofisi ona rəsmi olaraq 1131 saylı məktubla bildirilmişdir ki, “Bildiririk ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 98-ci hissəsinə əsasən mirasın qəbul edilməsi, ondan imtina olunması ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib edilmiş ərizə göndərilsin yaxud notariat ofisinə şəxsən gəlsin. Poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmır. Eyni zamanda qeyd edirik ki, miras qoyanın ölüm faktını təsdiq edən sənəd, miras qoyanın qohumluq münasibətlərini təsdiq edən sənəd və miras qoyanın öldüyü məqamədək malik olduğu daşınar və daşınmaz əmlaka aid hüquqmüəyyənedici sənədlərlə birlikdə notariat ofisinə müraciət edə bilərsiniz”. O, yenidən 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. 1 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli, 778 saylı ona imtina cavabı göndərmişdir. Cavab məktubuna görə o, Böyük Britaniya və X9 Krallığına müraciət etməlidir. Bununla onun hüquqları pozulmuş və məhdudlaşdırılmışdır. O, uzaq Böyük Britaniya və X9 Krallığına getməyə maddi imkanları olmadığına görə məhkəməyə müraciət etməli olmuşdur. Onun həyat yoldaşı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi almış, onunla rəsmi nikahda olmuş, Azərbaycanda yaşamış, işləmiş və vəfat etmiş, dəfn olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri 1 saylı Notariat ofisi üzərinə mərhum həyat yoldaşı X12 pul vəsaiti olan miras əmlakı almaq üçün vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X18 ilə X13 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 510 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Nepworth, arvada Hüseynova- Nepworth soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün vəsiqələrinin surətlərindən görünür ki, Böyük Britaniya və X9 Krallığının vətəndaşı X16 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icazə verilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X17 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 263 No ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi prostat vəzinin bədxassəli yenitörəməsi kimi göstərilmişdir. İş üzrə Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən X2 etibarnamə əsasında nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli, 778 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə uyğun olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 9.1-ci maddəsində göstərilir ki, vətəndaşı olduğu ölkənin hüququ fiziki şəxsin istinad etdiyi qanun hesab edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən vərəsəlik üzrə münasibətlər miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, Böyük Britaniya və X9 Krallığının vətəndaşı X15 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin nəzərə alınmalıdır ki, xx.xx.2021-ci il tarixdə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ No ******* saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən X15 ölüm günədək Azərbaycan Respublikasında müvəqqəti yaşamışdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq həmin vərəsəlik işinin Azərbaycan Respublikasının ərazisində açılması mümkün olmamışdır. Beləliklə, miras qoyanın daimi yaşadığı ölkənin, yəni Böyük Britaniya və X9 Krallığının notariusuna müraciət etməsi tövsiyyə olunur. İş üzrə Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli,1131 nömrəli məktubundan görünür ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 98-ci hissəsinə əsasən mirasın qəbul edilməsi, ondan imtina olunması ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib edilmiş ərizə göndərilsin yaxud notariat ofisinə şəxsən gəlsin. Poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmır. Eyni zamanda qeyd edirlər ki, miras qoyanın ölüm faktını təsdiq edən sənəd, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd və miras qoyanın öldüyü məqamədək malik olduğu daşınar və daşınmaz əmlaka aid hüquqmüəyyənedici sənədlərlə birlikdə notariat ofisinə müraciət edə bilər. Məhkəmənin qərarı əsasında "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən və icra sənədinin icrasının nəticəsi olaraq X14 41015AZNFK********** saylı hesabında 3.132,40 manat pul vəsaiti vardır. Şəxsin adına "xxxx" ASC-də əmanət hesabı aşkarlanmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci ildə Böyük Britaniya və X9 Krallığının vətəndaşı Nepvvorth (Nepworth) Adrıan Norman ilə nikaha daxil olmuşdur. İddiaçının əri Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icazə vəsiqəsi almışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC-də Nepvvorth (Nepworth) Adrıan Normanın 41015AZNFK********** saylı hesabında 3.132,40 manat pul vəsaiti vardır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının əri Nepvvorth (Nepworth) Adrıan Norman xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı miras qalmış əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etmiş, lakin notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etdiyi üçün iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmiş, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bəyan etmişdir (12-ci maddənin İ hissəsi). Buna əsasən dövlətin üzərinə həmin hüquq və azadlıqları müdafiə etmək, onları beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına uyğun olaraq həyata keçirmək öhdəliyi qoyulmuşdur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). Məhkəmə qeyd edir ki, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla hüquqtəsdiqedici xarakter daşıyır. Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı vəfat etmiş həyat yoldaşından miras qalmış əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün Bakı şəhəri 1 saylı notariat ofisinə müraciət etmiş, lakin notarius vərəsəlik işinin Azərbaycan Respublikasının ərazisində açılmasının mümkün olmamasını, yəni miras qoyanın Azərbaycan Respublikasının vətəndaşı olmamasını, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamasını, vərəsəlik işi ilə əlaqədar miras qoyanın daimi yaşadığı ölkə olan Böyük Britaniya və X9 Krallığının notariusuna müraciət edilməli olmasını əsas tutaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. 07.10 2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyasının 48.1-ci maddəsinə əsasən bu maddənin 2-ci bəndində nəzərdə tutulan haldan savayı, əmlaka vərəsəlik hüququ miras qoyanın son daimi yaşayış yeri olduğu Razılığa gələn tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən vərəsəlik üzrə münasibətlər miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir. xx.xx.2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən mülkiyyət hüququnun yaranması və ona xitam verilməsi bu cür hüququn yaranmasına və ya ona xitam verilməsinə səbəb olan hərəkətin və ya digər halın baş verdiyi zaman əmlakın yerləşdiyi Razılığa gələn tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən vətəndaşı olduğu ölkənin hüququ fiziki şəxsin istinad etdiyi qanun hesab edilir. İki və daha çox vətəndaşlığı olan şəxs üçün isə həmin vətəndaşın daha sıx əlaqəli olduğu ölkənin hüququ onun istinad etdiyi qanun sayılır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən müvafiq münasibətin iştirakçılarından heç olmasa biri Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsidirsə, onda iddia müddətinin aid edilmədiyi tələblər Azərbaycan Respublikasının hüququ ilə müəyyən olunur. Göstərilən Qanunun 29.1-ci maddəsinə əsasən vərəsəlik üzrə münasibətlər miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın və ya Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra əcnəbiyə çatası əmlakın mühafizə edilməsi ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Həmin Qanunun 93-cü maddəsinə əsasən beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş notariat hərəkətləri haqqındakı qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, notariat hərəkətləri aparılarkən beynəlxalq müqavilənin qaydaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd edir ki, hər bir mülki hüquq münasibəti kimi vərəsəlik hüquq münasibətinin də müəyyən obyekti (predmeti) vardır. Fiziki şəxs onun ölümü ilə xitam olunmayan bütün əmlak hüquq və vəzifələri qanunda – vərəsəlik hüquq normalarında nəzərdə tutulan qaydada vərəsələrə keçir. Həmin hüquq və vəzifələrin məcmusu vərəsəlik hüquq münasibətinin obyektini (predmetini) təşkil edir. Mülki qanunvericilikdə vərəsəlik hüquq münasibətinin obyekti (predmeti) miras əmlak anlayışı ilə əhatə olunur. Yəni ölmüş şəxsin hüquq və vəzifələri tərkibində vərəsələrə qanunda nəzərdə tutulan məcmu halında müəyyən hüquq və vəzifələr keçir ki, onlara vərəsəlik hüquq münasibətinin obyekti – miras əmlak deyilir. Miras əmlak dedikdə miras qoyanın qanunla müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşının vəfatından sonra onun bank hesabında miras əmlak kimi pul vəsaiti qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə baxımından qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasında onunla ailə həyatı qurmuş və Azərbaycan Respublikasında yaşayaraq işləmiş həyat yoldaşının vəfatından sonra ondan qalan miras əmlak olan və Azərbaycan Respublikasının ərazisində yerləşən bankda olan ("xxxx" ASC) pul vəsaiti üzərində qanun üzrə vərəsəlik hüququnu rəsmiləşdirilməsi ilə bağlı notariat ofisinə etdiyi müraciətə müsbət cavab verilməməsi, yəni bundan imtina edilməsi əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia əsaslı hesab edilməli və notariat orqanı üzərinə iddiaçıya miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. X3 miras qoyan - mərhum həyat yoldaşı Nepvvorth (Nepworth) Adrıan Normanın bank hesabındakı pul vəsaiti olan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhahdətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 1 saylı Notariat ofisi üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-152/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-152/2024
15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver