Məhkəmə qərarları › İş №2(009)-1543/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1543/2021

30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1543/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndə və vəkili Vəkil2, Cavabdeh nümayəndə və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «qeyriyaşayış sahəsi ilə bağlı olan müqavilənin etibarsız hesab olunması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikiləcək, C blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış 27 noyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, «xxxx» MMC, Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli, 443 saylı sərəncamı ilə ona verilmiş hüquq əsasında, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olur. Onlarla Cavabdeh arasında 27.11.2018-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ilə Hikmət Yigitdöl arasında olan 07.06.2017-ci il tarixli barışıq sazişinə əsasən 286 kv.m, cavabdehin adına olan 28.09.2010-cu il tarixli müqaviləyə əsasən 270 kv.m, mənzil əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləyə əsasən 214 kv.m qeyri-yaşayış sahələrinin ləğv edilməsi əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra sonra C blokunun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi qeyd olunmuşdur. Belə ki, qeyd olunan müqavilənin 3.1-ci bəndində təhvil veriləcək qeyri-yaşayış sahəsinin dəyəri, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları kimi qeyd olunmuşdur. Həmçinin müqavilənin həmin bəndində, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışlarının qüvvədə olması qeyd olunmuşdur. Lakin bu günə qədər 07.06.2017-ci il tarixli barışıq razılaşmasına əsasən cavabdehə verilmiş 286 kv.m, 28.09.2010-cu il tarixli müqavilə ilə "xxxx" MTK dan cavabdehə verilmiş 270 kv.m və mənzilin əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləyə əsasən cavabdehə verilmiş 214 kv.m qeyri-yaşayış sahələrinə dair maliyə arayışları cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmiş və qeyd olunan müqavilələrin ləğv olunması barədə, müqavilə tərəflərinin razılığı onlara təqdim edilməmişdir. Müqavilədən də göründüyü kimi cavabdeh müqavilə üzrə bizə heç bir ödəniş etməmişdir. Hesab edir ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, həmçinin cavabdeh ilə bağlanmış digər müqavilələrdən irəli gələn öhdəlikləri pərdələdiyindən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibarsız əqd hesab olunmalıdır. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndə və vəkili Vəkil2 iddia tələblərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər iddiaçının birtərəfli mövqeyidir və tamamilə yanlış məlumatlardır. Həqiqətdə Cavabdeh Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında (1181-ci məhəllədə) inşa olunan çoxmənzilli binanın sahibləri tərəfindən 2010-cu ildən bu tərəfə aldadılmış, ona satılan daşınmaz əmlaklar təkrarən başqa şəxslərə də satıldığından edilmiş şikayətlər əsasında Azərbaycan Respublikası Baş prokuroru yanınında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq idarəsində ********* saylı cinayət işinin istintaqı aparılmış, “xxxx” MTK-nın sədri Hikmət Yigitdöl məhkəmə məsuliyyətinə verilmiş, X10 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin istintaqı zamanı Hikmət Yigitdölün Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi çoxmənzilli binanın sahələrini digər vətəndaşlara təkrar satılması nəticəsində zərərçəkmiş şəxslərin Q.T.Əliyev tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi, adıçəkilən MTK və MMC-nin auditlə müəyyən olunacaq debitor və kreditor borclarının H.Yigitdölün şəriki, İddiaçı-nin təsisçisi və qanuni təmsilçisi Q.T.Əliyev tərəfindən qəbul edilməsi və auditin başa çatdırıldığı tarixədək yaranmış, audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasını özündə ehtiva edən 28 avqust 2018-ci il tarixli müvafiq saziş bağlanılmışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında üç qeyri-yaşayış sahəsinin əvəzinə bir qeyri-yaşayış sahəsinin verilməsinə dair hazırda mübahisələndirilən 27 noyabr 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, Cavabdehla H.Yigitdöl arasında bağlanmış 07.06.2017-ci il tarixli razılaşmaya əsasən 286 kv.m, 28.09.2010-cu il tarixli müqavilə ilə 270 kv.m və 17.12.2012-ci il tarixli müqaviləyə əsasən 214 kv.m qeyri-yaşayış sahələri ləğv edilir əvəzində İddiaçı tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa olunan çoxmənzilli binanın C blokunun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsi verilir. Həmçinin Müqavilənin 3.2-ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin dəyəri “X16” MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən tam ödənilmiş hesab edilmişdir. Belə olan halda iddia tələbinin əsaslı olmasından söhbət gedə bilməz. Digər tərəfdən iddia tələbi müqavilənin etibarsız hesab olunması barədə olsa da, əqdin etibarsızlığının konkret əsasları göstərilməmişdir. Daha sonra, “xxxx” MMC-nin direktoru Q.T.Əliyev 28.09.2010-cu il tarixli müqavilə ilə Cavabdeh satılmış 270 kv.metr sahəyə bitişik 70 kv. metr sahəni üçüncü şəxsə məxsus olmasına baxmayaraq 2015-ci ildə Cavabdeh oğlu X4 65.000 manata satmış sonradan aldatma ilə bağlı şikayətin qarşısını almaq üçün 27.11.2018-ci il tarixli müqaviləyə əsasən C blokunun 2-ci mərtəbəsindən 50 kv.metr qeyri-yaşayış sahəsinin (ofis) əvəzləşdirilməsini öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 1 illik iddia müddətini keçmişdir. Belə ki, tərəflər arasında olan müqavilə 27.11.2018-ci il tarixdə bağlanıldığından həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu günədək qanunla müəyyən edilmiş bir illik iddia müddəti “xxxx” MMC tərəfindən ötürülmüş olur. Tərəf iddia müddətinin bərpa edilməsinə dair heç bir vəsatət verilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 354-cü maddəsində göstərilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Belə olan halda Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 354, 375-ci maddələrinin tələbləri nəzərə alınıb, iddia müddəti tətbiq edilməli, iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılmalıdır. Ona görə də, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin olunmamalıdır. İş materiallarında olan «xxxx» MMC-nin direktoru X10 ilə Cavabdeh arasında bağlanmış 27.11.2018-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı 23.10.2015-ci il tarixli sərəncamına əsasən «xxxx» MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən yüksəkmərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Cavabdeh ilə Hikmət Yigitdöl arasında bağlanmış 07.06.2017-ci il tarixli barışıq razılaşmasına əsasən 286 kv.m, Cavabdeh adına 28.09.2010-cu il tarixli müqaviləyə əsasən 270 kv.m, Mənzilin əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləyə əsasən 214 kv.m qeyri-yaşayış sahələri ləğv edilir, əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən təhvil veriləcək ümumi sahənin dəyəri “X16” MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən tam ödənilmişdir və “X16” MTK tərəfindən verilmiş maliyyə arayışları öz qüvvəsində qalır. Təqdim olunmuş maliyyə arayışlarının surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A-1 blokunun 3-cü mərtəbəsində ümumi sahəsi 270 kv.metr qeyri-yaşayış sahəsinin pay dəyəri 270.000 manat, eyni ünvanda yerləşən binanın 4-cü mərtəbəsində yerləşən 214 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 214.000 manat və 286 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri 270.000 manat “xxxx” MTKya tam ödənilmişdir. Təqdim olunmuş 28 avqust 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanınında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq idarəsində istintaqı aparılan ********* saylı cinayət işinin istintaqına kömək məqsədilə təyin olunmuş auditor (mütəxəsis) X2, “xxxx” MTK-nın qanuni təmsilçisi və təsisçisi – Türkiyə vətəndaşı X3, “xxxx” MTK-nın digər təsisçiləri X6, X11 və “xxxx” MTK-nın qanuni təmsilçisi H.S.Yigitdölün şəriki “xxxx” MMC-nin qanuni təmsilçisi və təsisçisi X10 razılığa gələrək Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, 12.10.2005-ci il tarixli sərəncamına əsasən H.S.Yigitdölün Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində, aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, 23.10.2015-ci il tarixli sərəncamına əsasən “xxxx” MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə onun qanuni təmsilçisi Q.T.Əliyev tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi, adıçəkilən MTK və MMC-nin auditin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının H.Yigitdölün şəriki, İddiaçı-nin təsisçisi və qanuni təmsilçisi Q.T.Əliyev tərəfindən qəbul edilməsi və auditin başa çatdırıldığı tarixədək yaranmış, audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarət öhdəlik götürmüşdür. Təqdim olunmuş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 3 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 05.02.2021-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, «xxxx» MTK-nın sədri X1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* №-li cinayət işi ayrıca icraaata ayrılmış və hazırda Baş İdarədə istintaqı aparılmaqdadır. Təqdim olunmuş “X16” MTK tərəfindən verilmiş 29.10.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının qeyri yaşayış sahəsi olan A blokunun 3-cü mərtəbəsində liftin çıxacağının sağ tərəfindən 2-ci cərgədə yerləşən Xocalı prospektinə baxan hissədə və ümumi sahənin pay dəyəri 65.000.00 manat təşkil edir. Həmin məbləğin yuxarıdakı tarixə «xxxx» MMC avans olaraq 30.000 manatı ödənilmişdir. Təqdim olunmuş “X16” MTK tərəfindən verilmiş 11.11.2015-ci il tarixli maliyyə arayışından görünür ki, 11.11.2015-ci il tarixdə X5 («xxxx» MMC) tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binasının A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 70 kv m olan qeyri-yaşayış sahəsi üçün 35000,00 manat ödənilmişdir. Qalıq borcu yoxdur. Mövcud qanunvericiliyə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən; məzmundan; formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirmək üçün, ilk növbədə bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış hallar, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalı, aydınlaşdırılmalıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (AR Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 339-cu maddələri). Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında 27 noyabr 2018-ci il tarixdə bağlanılmış müqavilənin etibarsız hesab olunması üçün heç bir hüquqi əsas yoxdur. Müqavilənin bağlanılmasından uzun müddət sonra qeyri-yaşayış sahəsinin dəyərinin ödənməməsinin iddia edilməsi, tutarlı səbəb olmadan onun etibarsız olmasının irəli sürülməsi işin həqiqi hallarına uyğun gəlmir və tələbin əsaslı olmasına şübhə ilə yanaşmağa imkan verir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı «xxxx» MMC iddia tələbininin əsası kimi, müqavilənin qanunverriciliyin tələblərinə zidd olaraq bağlanıldığından müqaviləsinin Mülki Məcəllənin 340.2-ci maddəsi ilə əhəmiyyətsiz əqdlərə aid edilən yalan əqd, yəni başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə və 129cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti, incumbit probalion” prinsipi rəhbər tutulur. Yəni, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Prosessual qanunvericiliyin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 9, 14 və 77-ci mad.). Məhkəmə cavabdehin nümayəndəsi və vəklili tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi üzrə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Republikasının Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Republikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarında izah etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İş materiallarından görünür ki, iddiaçı 18.05.2021-ci il tarixli müqavilənin etibarsızlığı barədə iddia ilə məhkəməyə müraciət etməklə bü cür tələblər üçün mülki qanunvericiliklə müəyyənləşdirilən kəsici müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «qeyri-yaşayış sahəsi ilə bağlı olan müqavilənin etibarsız hesab olunması» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar