Məhkəmə qərarları › İş №2(009)-1544/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1544/2021

22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1544/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı (Quliyevanın) iştirakı ilə İddiaçı Seyidzadə (Quliyeva) Elnarə Bağır qızının cavabdeh “xxxx” ASC-yə qarşı aktın əsassız hesablanmış elektrik enerjisi haqqının ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Seyidzadə (Quliyeva) Elnarə Bağır qızı cavabdeh Səbail rayon Enerji Təchizatı və Satış İdarəsinə qarşı aktın əsassız hesablanmış elektrik enerjisi haqqının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2006-cı il tarixdən Səbail rayonu, Bayıl qəsəbəsi, 3-cü Krasnoflotski (E.və V.Hacıbabayevlər) küçəsi, ev 4, mənzil 16 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı tarixdən kommunal xidmətlərdən istifadə edir və istifadə olunmuş sayğacın sərfiyyat göstəriciləri üzrə işığın pulunu vaxtlı-vaxtında ödəyir. 19.03.2021-ci il tarixdə axşam saat 19.00 radələrində qısa qapanma nəticəsində sayğacın yanında olan açıb-yandırma avtomat-relesi sıradan çıxmışdır. Onlar ərazi işıq idarəsi ilə əlaqə saxlamağa, oradan növbətçi elektrik-montyor göndərilməyə və baş vermiş nasazlıq aradan qaldırılmağa çalışmışlar. Müraciətləri qeyd alınmış, lakin mütəxəssis gəlməmişdir. Məcburiyyət qarşısında işıqsız qalmamaq üçün müvəqqəti olaraq qonşunun köməkliyi ilə xətti bərpa etmişlər ki, növbəti gün avtomat-releni dəyişdirməsi üçün. Çox təəcüblüdür ki, növbəti gün səhər tezdən, baxmayaraq ki, bayram günləri olduğundan istirahət edəndə, işıq idarəsinin əməkdaşları qapını böyərək onlara bildirmişlər ki, onlar X1 qaydalarına zidd olaraq xətti qoşmuşlar və bu qadağandır. Mövcud vəziyyəti bəyan etsələr də nəticəsi olmamışdır. Onlardan 400 manat müqabilində bu “qanunsuzluğa” göz yummalarını söz vermişlər. Onlar anlamışlar ki, işıq idarəsinin əməkdaşlarının belə formadan gəlişi təşkil olunmuş və əlavə qanunsuz gəlir mənbəyi əldə etmək üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən onların qanunsuz pul tələb etmələri barədə səs yazılarını diktofon vasitəsilə qeyd etmişlər. Bu səs yazılarını “xxxx”ın qaynar xəttinə göndərərək şikayət etmişlər. Onların şikayəti 11.05.2021-ci il tarixdə 85557 nömrə ilə qeyd alınmış, bu barədə sms bildiriş də göndərilmişdir. Lakin təəssüf ki, şikayət baxılması üçün təkrarən Səbail rayon İşıq İdarəsinə göndərilmişdir. 17.05.2021-ci il tarixdə isə “baxılmış və araşdırılmış” şikayətə cavab olaraq Səbail rayon Enerji Təchizatı və Satış İdarəsindən “yaranmış” 732,41 manat məbləğində “borcun” ödənilməməsi tədqirdə elektrik enerji təchizatının dayandırılacağı barədə əsassız xəbərdarlıq almışlar. 17.05.2021-ci il tarixdə Xəbərdarlığı aldıqdan sonra müvafiq idarə ilə əlaqə saxlamağa çalışsalar da, nəticəsi olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin əsassız hesabladığı 732,41 manat məbləğində vəsaitin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh Səbail rayon Energi Təchizatı və Satış İdarəsi əsl cavabdeh “xxxx” ASC ilə əvəz edilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı Seyidzadə (Quliyeva) Elnarə Bağır qızı iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə “xxxx” ASC tərəfindən X2 ünvanlanmış 16.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, E.Quliyevanın elektrik enerjisinə yaranmışdır borcu 732,41 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən E.Quliyevaya verilən elektrik enerjisi təchizatı 19.05.2021ci il saat 14.00-dək ödənilməzsə, əlavə xəbərdarlıq olunmadan dayandırılacaq. İş üzrə “xxxx” ASC ilə İddiaçı arasında bağlanılmış 17.05.2021-ci il tarixli 280684 nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən tərəflər elektrik energisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “X1 qaydaları”nı rəhbər tuturlar. Hesablaşma elektrik sayğacı blokda quraşdırılmışdır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq, hesablama yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə də ödəniş tutulmur. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş **********40016 saylı abonentin «Abunə Haqqında» kompyüterdən çıxarışdan görünür ki, abonentə 22.04.2021-ci ildə Rİ210868 saylı akt əsasında 688,24 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya 16.05.2021-ci il tarixdə elektrik enerjisindən yaranmış 732,41 manat borcun olmasına dair xəbərdarlıq bildirişi göndərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının abunə hesabına Rİ210868 saylı akt əsasında cəmi 688,24 manat borc yazılmış və həmin borc sayğacdankənar iddiaçının abunə hesabına yazılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 19.03.2021-ci il tarixdə axşam radələrində mənzildə yaranmış qısa qapanma nəticəsində sayğacın yanında olan avtomat relesi sıradan çıxmış və iddiaçının mənzili işıqsaz qalmışdır. Həmin hadisə barədə iddiaçı tərəfindən “xxxx ” ASC məlumat verlmiş, lakin həmin gün baş vermiş qəza aradan qaldırılmadığı üçün iddiaçı baş vermiş qəzanın nəticələrini özü aradan qaldırmış və işığın verilişini bərpa etmişdir. Növbəti gün cavabdeh təşkilatın əməkdaşları gəlib iddiaçının elektrik enerjisindən istifadə qaydalarına zidd olaraq xəttə qoşulmasını iddia edərək onun bu hərəkətinin qanunsuz olduğunu bildirib getmişlər. Sonradan iddiaçı abunə hesabına əlavə olaraq borcun yazılmasını müəyyən etmişdir. Bu səbəbdən iddia həmin borcun əsassız olmasını əsas tutaraq onun ləğv olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hətta iddiaçının qanunsuz olaraq xəttə qoşulması halı baş versə belə cavabdeh təşkilatın iddiaçının abunə hesabına əlavə borc yazması əsassız və qanunsuz olmuşdur. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 qaydaları»nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Məhkəmə qeyd edir ki, cavabdeh kommersiya hüquqi şəxsdir və abonentlərlə bağlanmış mülki müqavilələr (alğı-satqı müqaviləsi) əsasında onlara xidmət göstərərək elektrik enerjisini satır. Belə olan halda cavabdeh müqavilə tərəfi kimi müqavilənin digər tərəfinə münasibətdə hər hansı üstünlük hüququna malik deyil və birtərəfli qaydada müqavilənin digər tərəfi barəsində hər hansı qərar qəbul etmək səlahiyyətinə malik deyil. Mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə tərəfi digər müqavilə tərəfinin hərəkətləri və ya öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb edə bilər. Lakin iddiaçının abunə hesabından göründüyü kimi onun hesabına cavabdeh tərəfindən akt əsasında əlavə olaraq cəmi 688,24 manat borc yazılmış və həmin borcun ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Yuxarıda göstərilən Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilən Qaydaların 9.19-cu bəndinə əsasən istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Göründüyü kimi Qaydalara əsasən iddiaçı onun təqsiri üzündən baş vermiş hər hansı pozuntu ilə əlaqədar cavabdeh qarşısında maddi məsuliyyət daşıyır və cavabdeh enerjisi təchizatı müəssisəsi kimi abonentin pozuntulara yol verdiyini aşkar etdikdə ona Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma apara bilər. Yəni cavabdehin abonent barəsində qərar qəbul edib onun hesabına əlavə borc yazmaq və bununla da abonent üçün əlavə öhdəlik yaradan qərar qəbul etmək səlahiyyəti yoxdur. Enerjitəchizatı müəssisəsi abonentin hərəkətlərinə görə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir və bunu abonentə xəbərdarlıq və ya bildiriş göndərilməsi yolu ilə, bu mümkün olmadıqda isə məhkəməyə müraciət etmək yolu ilə vurulmuş ziyanın tutulmasını tələb edə bilər. Digər tərəfdən «X1 qaydaları»nda enerji təchizatı müəssisəsinin abonentə sayğacdan kənar abunə hesabına əlavə borc yazılması nəzərdə tutulmamışdır. Bu səbəbdən enerji təchizatı müəssisəsi «X1 qaydaları»nın tələblərinin pozulması nəticəsində dəymiş ziyanı abonentdən ödənilməsini ya tələb edə bilər, yaxud həmin ziyanın tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Bundan başqa qaydada abonentin hesabına borcun yazılması həm mülki qanunvericiliyin, həm də «X1 qaydaları»na ziddir. AR Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir(maddə 443.2). AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülkiprosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi öhdəlik ya müqavilədən, yaxud zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. Öhdəliyi yaranmış şəxs həmin öhdəliyi icra etmirsə, digər tərəf həmin öhdəliyin icra edilməsini tələb edə bilər. Bu tələblərdən kənar müqavilə tərəfinin digər müqavilə tərəfinə hər hansı məcburetmə tədbirləri tətbiq etməsi mülki qanunvericiliyin tələblərinə, prinsiplərinə ziddir və yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçının abunə hesabına əlavə borc yazması «X1 qaydaları»na və mülki qanunvericiliyinin tələblərinə zidd olduğu üçün, həmin borc ləğv edilməli və iddiaçının abunə hesabından silinməlidir. İddiaçı iddia ərizəsində qanunsuz borc kimi yazılmış 732,41 manat borcun ləğv edilməsini xahiş etmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının hesabına 688,24 manat əlavə borc yazılmışdır. Məhkəmə iddiaçının abunə hesabına yazılmış borcun 688,24 manat təşkil etməsini nəzərə alaraq iddia qismən təmin edilməli və cavabdehin abunə hesabından akt əsasında yazılmış 688,24 manat borc silinməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qisməq təmin edilsin. İddiaçı Seyidzadə (Quliyeva) Elnarə Bağır qızının abunə hesabına (**********40016) Rİ210868 saylı akt əsasında yazılmış cəmi 688,24 manat borc onun abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar