Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1571/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, Cavabdeh “X3 Mərkəzi” MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində «xxxxxxxx» ASC və Yevlax Rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdeh “X3 Mərkəzi” MMCyə qarşı «protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı («xxxxxxxx» ASC və Yevlax Rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh “X3 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 Mərkəzinin hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli Y-425 saylı protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixində Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş edilərək X3 Mərkəzində atası X10 məxsus Yevlax şəhəri, N.Tusi küçəsi, 6 saylı evin ilkin satış qiyməti 20000 manat olmasına baxmayaraq, həmin məbləğ 25 faiz endirilərək 12750 manat müəyyənləşdirilmişdir. O həmin evin istifadəçisi olmaqla bu evdə yaşayır. Hərracın nəticələri hazırkı qeyd etdiyi mübahisələndirilən Y-425 saylı protokolla rəsmiləşdirilmişdir. Bu barədə tərtib olunan protokolla satılan əmlaka dair hüquqların dövlət qevdiyyatına alınması müəyyənləşdirilmişdir. X3 Mərkəzi mənzili hərrac vasitəsilə satarkən Hərrac Mərkəzi ona, yəni evdə yaşayan, qeydiyyatda olan şəxsə məlumat verməmişdir. Nəticə etibarilə o, evinin satışından belə xəbərdar olmamışdır. Qeyd etdiyi hallar ciddi qanun pozuntusudur. Hərracın nəticələri haqqında protokol onun istifadəsində olan əmlakın yeni mülkiyyətçisini müəyyən edir və daşınmaz əmlakın dövlət reyestri tərəfindən müvafiq qeydlərin aparılmasına səbəb olur. Hesab edir ki, xx xxxxxx 2018-ci il tarixli Y-425 saylı protokol yəni hərracın nəticələri haqqında hazırkı yekun protokolu onun hüquqlarının pozulması ilə çıxarıldığından və qəbul edildiyindən etibarsız hesab edilməlidir. Çünki o, yekun qərarla bağlı, eləcə də, hərracın keçirilməsi ilə bağlı məlumatlı deyildir. Bu hal ən pis halda onun yaşamaq hüquqlarını pozur. Odur ki, hazırkı protokolu, yəni hərracın nəticələri haqqında çıxarılmış yekun protokolu əsassız hesab etməklə bərabər, onun məlikəmə qaydasında etibarsız hesab edilməsini əsaslı hesab edir. Hərrac Mərkəzi onun istifadəasində olan əmlakın satan zaman digər şəxsin mülkiyyəti hesab edən zaman həmin əmlakın hərracını keçirməmişdən qabaq onu xəbərdar etməliydi, bu barədə müvafiq bildirişlə məlumatlanmalı idi. Bu baxımdan iddia ilə hazırkı protokolun etibarsız hesab edilməsini istəyir. Cavabdeh orqan qeyd olunan qərarı qəbul edərək ədalətli olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməсinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməyərək, gəlməmələrinin səbəbləri barədə məlumat verməмişdir. Məhkəmə iclasında cavabdeh “X3 Mərkəzi” MMC-nin nümayəndəsi X11 mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh “X3 Mərkəzi” MMC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək göstərdi ki, hərrac qanuni şəkildə keçirilib, tərəflərə, o cümlədən iddiaçıya da bu barədə məlumat verilib. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, 3-cü şəxslər Yevlax rayon İcra və Probasiya şöbəsinin və «xxxxxxxx» ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməyərək, gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, proses iştirakçısının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1902/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı «xxxx» Bank ASC-nin cavabdehlər X6, X12, X13 və İddiaçı qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2015-ci il tarixli, **********50215 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m. ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və xx.xx.2015-ci il tarixli **********50215 saylı Kredit müqaviləsi üzrə cavabdeh X7 iddiaçı qarşısında və 5962,19 ABŞ dolları məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 1937,04 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 213,65 ABŞ dolları məbləğində penya, cəmi 8112,88 ABŞ dolları və xx.xx.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 % dərəcəsi ile hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 31 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxx» Bank ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlə rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdeh X2 iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti cavabdeh X8 buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 20000 manat məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə.isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi və hərracda satılması və fərdi yaşayış evinin satılması, sonra fərdi yaşayış evində yaşayan X6, X12, X13 və İddiaçınnın onların ailə üzvləri və digər şəxslər fərdi qaydada yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi çıxarılması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)- 2527/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X7 cavabdehlər “X3 Mərkəzi” MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı X9 Mərkəzinin hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli Y-425 saylı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə Yexlax rayon Məhkəməsinin 2(039)-1232/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1261/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı X1 şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-2527/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “X3 Mərkəzi” hərracın nəticələri haqqında Y-425 nömrəli, xx xxxxxx 2018-ci il tarixli yekun protokoldan görünür ki, ünvan 1 6 ünvanda yerləşən ilkin satış qiyməti 20000 manat olan X4 məxsus fərdi yaşayış evi və 0,0492 ha torpaq sahəsi ipoteka saxlayan «xxxx Bank» ASC tərəfindən 12750 manata alınmışdır. İddiaçı hərracın keçirilməsinin mövcud qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etdiyindən, məhkəmə, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və ləğvi ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 36-39-cu mad.). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5ci mad.). Qeyd olunan Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclu X6 və «xxxx Bank» ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının ünvan 1 6 ünvanda yerləşən fərdi evinin və 0,0492 ha torpaq sahəsinin hərrac təşkilatının hərracın yekunları barədə protokolununun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini əsaslı hesab etmir. İddiaçının ünvan 1 6 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,0492 ha torpaq sahəsinin hərracda satılmasına dair xx.xx.2018-ci il tarixli Y-155 saylı Protokolun etibarsız hesab edilməsi tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Hərracın keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər, o cümlədən iddiaçıya ünvanlanmış bildirişlər onun qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Həəracın keçirilıməsi ilə bağlı “Market” qəzetində müvafiq elanlar verilmişdir. İş materiallarından aydın olur ki, mübahisəsi gedən fərdi yaşayış binası ilə bağlı təkrar hərrac baş tutmadığından ipoteka əmlak tələbkara təklif olunmuş və tələbkar ipoteka əmlakı almağa razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-425 saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən ünvan 1 6 ünvanda yerləşən fərdi evin və 0,0492 ha torpaq sahəsinin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsinə dair məlumatlar öz əksini tapmışdır. Bu qənaətə gələrkən məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli əmlaın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, hərracın keçirilməsi ilə əlaqədar «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən kütləvi informasiya vasitələrində elanlar dərc olunmuşdur. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində «xxxxxxxx» ASC və Yevlax Rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdeh “X3 Mərkəzi” MMC-yə qarşı «protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1571/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1571/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver