Məhkəmə qərarları › İş №2(009)-1579/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1579/2023

29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1579/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh İB-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - Cavabdeh İB-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 28 fevral 2017-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********01530 nömrəli abonent koduna hesablanmış 700 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı onun xahiş ilə Cavabdeh nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, onun sayğacında problem olub, ona buna görə Akt tərtib olunub. Belə ki barəsində tərtib olunmuş 28 fevral 2017-ci il tarixli, ******* nömrəli Akta əsasən sayğacın hesablama mesablama mexanizminin örtüyünün üzərinə vurulan metrologiya yuvasının şübhəli olması göstərilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq borc yazılmışdır. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi Akt tamamilə qanunsuz və əsassızdır. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “X1”-nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Ona görə də hesab edir ki, məhkəmə hazırkı iddia ərizəni əsaslı hesab edib təmin etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, məcburi köçkündür. Buna görə dövlət ona vəsait verir və bu vəsait hesabına ödəniş edir. O, sayğaca 10 manat yüklədikdə 1 ay istifadə edə bilirdi. Bir müddət sonra qazda probemlər yaranmağa başlamışdır. O, müraciət edərək, sayğacın dəyişdirilməsini istəmişdir. Sayğac dəyişdirildikdən sonra yüklədiyi məbləğin yarısı qədər sayğacda vəsait qalırdı. Bir müddət sonra kart da bloklanmışdır. Müraciət edən zaman ona məlum olmuşdur ki, sayğaca müdaxilə olunduğu üçün sayğac bloklanmışdır. Amma ona bu barədə heç bir məlumat verilməmişdir. İddiaçı borcun silinməsini məhkəmədən xahiş etmişdir. Etirazın dəlilləri: İddiaçı (bundan sonra İddiaçı) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ona əsasən əsassız hesablanmış 700 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01530 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710- 1632 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün qzərinə vuralan metrologiya plombu yuvasının ətrafı zədəlidir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 2340 m3 təşkil etmişdir. Hesablanmış 468 manat məbləğində dəymiş ziyan 2018-ci ilin fevral ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Hal-hazırda, cavabdehin 453,50 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********01530 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli təbii X1nın pozulması haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında istehlakçı İddiaçı istifadəsində olan sayğacın hesablayıcı mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya yuvası şübhəlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2017-cü il tarixli aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli, 06/14508 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB ilə X2 arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına barədə müqavilə bağlanmış və ünvan 2 ünvanına sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh İB tərəfindən tərtib olunmuş 22 fevral 2018-ci il tarixli, 29/1710-1632 nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********30991710X01632 saylı, 27 dekabr 2017-ci il tarixli telefonogramına əsasən 05 yanvar 2018-ci il tarixində əhali sektorunda istismarda olan Bakı RQOQX Departamentindən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlaması laboratoriyasında aparılmış Fransa istehsalı G4 markalı smart-kart tipli qaz sayğacı 13 fevral 2018-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş **********01530 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 453.50 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanına dair xx.xx.2017-ci il tarixli ******* nömrəli təbii X1nın pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombu yuvasının ətrafı zədəlidir, qaz itkisi, müdaxilə aşkar olunması əsası ilə iddiaçıdan itirilmiş qazın dəyəri tələb edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş abonent kartında göstərilən cərimə məbləğindən aydın olur ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 453.5 manat borc hesablanmışdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. İddiaçı iddia tələbində hesablanmış 700 manat borcun silinməsi tələb edilmiş, lakin iş materialları ilə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 453,5 manat borc hesablandığı müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilməli, aktın etibarsız hesab edilməsi və digər hissədə iddia əsaslandırılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 3 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 453.5 (dörd yüz əlli üç manat əlli qəpik) manat İddiaçı - abonent kodu **********01530 saylı abunə hesabından silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 453,5 (dörd yüz əlli üç manat əlli qəpik) manat İddiaçı - abonent kodu **********01530 saylı abunə hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar