Məhkəmə qərarları › İş №2(009)-1594/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1594/2021

07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1594/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə Elmir qızının iştirakı ilə, İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı «istehlakçı hüququnun müdafiəsi» tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanına tərtib edilmiş 31 mart 2021-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməsi və ondan gələn hüquqi nəticələrin ləğv edilməsi, **********00020 nömrəli abonent koduna hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. “Azərqaz” İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, sayğacda problem olub, ona görə akt tərtib olunub. Belə ki, onun barəsində tərtib olunmuş 31 mart 2021-ci il tarixli, ******* nömrəli akta əsasən sayğacın yivli birləşmələri deformasiyaya və korroziyaya uğrayıb. Sayğacın çıxış plastmas borusunun deşilmiş olması qeyd edilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq ümumilikdə 216 manat borc yazılmışdır. Hesab edir ki, “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi akt tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı iddianı tam müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında 23.10.2020-ci il tarixli ******* saylı akta əsasən abonent İddiaçı aid olan qaz sayğacda müddət bitdiyi ilə bağlı sayğac yenisi ilə əvəz edilmişdir. İş üzrə “Cavabdeh” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli qərara əsasən İddiaçı 31.03.2021-ci il tarixli ******* saylı akt əsasında 2160 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən 31.10.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, 29/1710-01085-1 saylı 1402AZBO114041383 №-li sayğacın yivli birləşmələri deformasiyaya və korroziyaya uğrayıb, sayğacın çıxış plastmas borusu deşilib. Bu səbəbdən istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması tələb edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı barəsində cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt onun iştirakı olmadan tərtib edilmişdir. Tərtib edilmiş aktdan görünür ki, iddaçı barəsində tərtib edilmiş 31.03.2021-ci il tarixli ******* saylı akt “Cavabdeh” X1 Sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmin akt əsasında “Cavabdeh” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamentinin 31.03.2021-ci il tarixli qərarı ilə iddiaçıya 2160 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsiən əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Qaz paylayıcısı olan «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır və həmin müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət saknsiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə (bundan sonra – X3 Reyestri) daxil edilməlidir. Məhkəmə ******* saylı akta hüquqi qiymət verərək qeyd edir ki, həmin akt da qanuni hesab edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin akt istehlakçının iştirakı olmadan tərtib edilmiş və aktda abonentin aktı imzalamaqdan imtina edilməsi barədə qeyd olsa da, bu imtina hər hansı hal şahidinin iştirakı ilə təsdiq olunmur. Məkəmə qeyd edir ki, iddiaçıya aid olan köhnə qaz sayğacı yenisi ilə əvəz edildikdən sonra, köhnə sayğacın müvafiq tələblərə uyğun olaraq laboratoriyaya göndərilməsi təmin edilməmişdir. Yəni həmin sayğacın xüsusi şəkildə qablaşdırılması, laboratoriyaya təhvil verilərkən sayğaca baxışın keçirilməsində istehlakçının iştirakının təmin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda sayğacda aşkar edilmiş nöqsanların mötəbərliyi şübhəli olduğu üçün, həmin nöqsanlara görə istehlakçı barəsində tərtib edilmiş akt da mötəbər ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin aktın etibarsız hesab olunması hissəsində də əsaslıdır və təmin edilməlidir. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə məhkəmə göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı barəsində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş ******* nömrəli akt etibarsız hesab edilməli və itirilmiş qazın bərpası üçün hesablanmış 216 manat əlavə hesabat ləğv edilməli və iddiaçının abunə hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvana dair «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2021-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış 216 (iki yüz on altı) manat əlavə hesabat ləğv edilsin və iddiaçının **********00020 saylı abunə hesabından silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar