Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1596/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi G.Guseinov iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə AL-1965 saylı “Daxili Lizinq” müqaviləsi bağlanmış və İddiaçı ASC mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Samand SE” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT0EF710220 ban, 55430 mühərrik nömrəli, gümüşü rəngli avtomobil muzdla Lizinq Alan Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. “Daxili Lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 238,92 manat, ümumilikdə isə 8600,66 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 8600,66 manatın 6700 manatı əsas məbləğ təşkil edir. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı ASC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-4277/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiasını qismən təmin edilərək, xx.xx.2016-cı il tarixli AL-1965 “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən ümumilikdə 2691,43 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Samand SE” markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2264 manat ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh lizinq obyekti olan “Samand SE” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2264 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Gasan Guseinov iddia tələbini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, avtomaşın lizinq şirkətinin dayanacağına gətirilib təhvil verilməsi barədə akt onda yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Samand SE» minik markalı ** PC *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. İş üzrə «Lizinq verən» qismində İddiaçı ASC ilə «Lizinq alan» qismində Cavabdeh arasında bağlanmış AL-1965 №-li xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq Alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (Lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla 36 ay müddətinə Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq verən X2 Alanın yekun sifarişi əsasında (2 saylı Əlavə) alqı-satqı müqaviləsi ilə X1 əldə edir. Lizinq müqaviləsinin ümumi məbləği 6700 manat təşkil edir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-4277/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun tutulması və s.tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, xx.xx.2016-cı il tarixli AL-1965 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixə 1578,88 manat, 1071,2 manat mükafat, 11,35 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, lizinq obyekti olan “Samand SE” markalı ** PC *** d.n.n avtomobil xx.xx.2017-ci il tarixdə lizinq şirkətinin müvəqqəti duracağına gətirilmişdir. İş üzrə «xxxxxxx» MMC (xxxxxxx Servis) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən «Samand» markalı ** PC *** dövlət nömrə nişanı avtomaşına dəyən ziyanın aradan qaldırılması üçün 2264 manat tələb olunur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İrəli sürülmüş tələbdən görünür ki, lizinq şirkəti mülkiyyətində olan və xx.xx.2016-cı il tarixli daxili liznq müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş “Samand SE” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın əvəzi kimi 2264 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Dəymiş ziyanla bağlı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş qüsur aktı təqdim olunmuş və həmin aktı əsas tutaraq iddiaçı cavabdehdən vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, lizinq obyektiv olan “Samand SE” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə lizinq şirkətinin duracağına təhvil verilmiş və məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2016-cı il tarixli AL- 1965 saylı Daxili lizinq müqaviləsi üzrə 1578,88 manat əsas borc, 1071,2 manat mükafat, 11,35 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu tutulmuşdur. Həmin qətnamə üzrə iddiaçı tərəfindən lizinq obyektinə vurulmuş ziyanla bağlı hər hansı tələb irəli sürülməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Məhkəmə digər tərəfdən qeyd edir ki, lizinq şirkətinin mülkiyyətində olan avtomaşına maddi ziyanın vurulması faktı təqdim olunmuş qüsur aktı ilə təsdiq olunsa da, həmin ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulması sübut olunmur. Belə ki, işin faktiki hallarından göründüyü kimi avtomaşın lizinq şirkətinin müvəqqəti duracağına gətirilərkən onun texniki vəziyyəti və avtomaşında qüsurların olması barədə tərəflərin iştirakı ilə hər hansı rəsmi sənəd (akt) tərtib edilməmişdir. Belə bir sənəd tərtib edilmədiyi üçün, iddiaçı 3 il müddət keçdikdən sonra müvəqqəti duracaqda qalmış avtomaşına dair qüsur aktında müəyyən edilən ziyanı cavabdehdən tələb etməsində haqlı hesab edilə bilməz. Bundan başqa iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırılarkən avtomaşına vurulmuş ziyanla bağlı hər hansı tələb irəli sürülməmişdir. Digər tərəfdən avtomaşın 3 il ərzində istifadəsiz qalmış, onun həmin müddət ərzində başqa şəxs tərəfindən istifadə olunubolunmaması da mübahisəlidir. Eyni zamanda ziyanın keçən 3 il ərzində, yəni avtomaşın cavabdehin istifadəsində olduğu vaxt, yaxud avtomaşının cavabdehin sahibilyindən və istifadəsindən çıxdığı vaxtdan sonra yaranması halı da mübahisəlidir və qeyri-müəyyəndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarında formalaşan hüquqi mövqeyinə görə ədalət mühakiməsi faktlar əsasında və qanuna müvafiq keçirilməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhz həmin mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçı lizinq obyektinə ziyanın vurulması ilə bağlı sübutlar təqdim etsə də, həmin ziyanın məhz cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan avtomaşına ziyanın məhz cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində vurulması öz təsdiqini tapmadığından, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “Samand SE” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2264 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müdd\ətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev